Müğənni-aşıq: “İki dəfə qadınla tutdum, üçüncüdə bağışlamadım”

Day.Az представляет новость на азербайджанском языке.

Bu dəfə məşhur müğənni-aşıq Solmaz Kosayevanın uşaqlıq illərinə baş vuracağıq. O Solmaz Kosayeva ki, vaxtilə onun kasetləri əl-əl gəzib, hətta "Gilənar" adlı kaseti 70 min tirajla satılıb. Elə bu gün də sevənləri həddən artıqdır. Onun ifasında çox populyar olan "Bul gətir" aşıq havası üçün ürəyim gedir. Soraqlaşıb onu tapdıq.

Gördük ki, bir çox həmkarlarından fərqli olaraq reklamı sevməyən və gündəmdə qalmaq üçün dedi-qodu etməkdən heç xoşlanmayan Solmaz xanım sadəcə, yaradıcılığı ilə məşğuldur.
 

"22 hörüyümü kəsib, başımı qırxdılar..."

"Ziyalı ailəsində anadan olmuşam; anam müəllimə idi, atamsa anbardar. Orta məktəb illərindən daha çox məktəbə getmədiyim zamanlar yaddaşımda iz salıb. Uşaq vaxtı qalın hörüklərim olub. Anam saçımdan 22 hörük hörərdi. Qonşuda yaşlı bir nənə saçlarımdan çox xoşlandığı üçün hər gün deyirdi ki, hörüyündən birini mənə ver. Onun nəzərinə tuş gəldiyim üçün başımda göz yarası əmələ gəlib. Yaranın biri batıb, digəri çıxdığından anamgil məcbur qalıb hörüklərimi kəsiblər. Daha sonra isə başımı qırxıblar. Başlamışam ağlamağa. Onda beş-altı yaşım ancaq olardı. Ağladım ki, bəs mənə oğlan deyəcəklər. Həmin vaxtda da gürcü kanalında "Mamlyuk" adlı film göstərilirdi. Qazax da Gürcüstana yaxın olduğundan televizorumuz o kanalı tuturdu. Mamlyukun əsil adı Mahmud olur və qəhrəmanlığı ilə ad çıxarır. Filmin sonunda onun başını kəsirlər. Nə isə, atam mənim ağladığımı görüb, deyib ki, ağlama sənin adını Mahmud qoyacam. Mən də sakitləşmişəm ki, hə, adım da Mahmuddur, daha heç kim qız olduğumu bilməyəcək. Ta məktəbə gedənə qədər məni Mahmud deyə çağırdılar. O hörüklərim isə bu yaxınlara qədər ata evimizdə dururdu. Anam o hörükləri balışın içinə yığıb saxlamışdı.

"Çox "modnitsa" olmuşam"

Məni oğlan kimi böyütdülər. Yadımdadır ki, atam hər həftə bir qoç alıb qapımızda kəsərdi, kabablanardıq. Arada da bir meşəyə gedib orda dincələrdik. Meşəyə çatan kimi atam baltanı əlimə verərdi ki, get qurumuş ağacları qır, doğra. Məktəbdə və həyətdə oğlanlarla futbol oynayırdım. Çox arıq idim və çox vaxt şalvar geyinirdim. Yuxarı sinifdə oxuyanda isə artıq dəyişdim. Çox qəşəng geyimlər geyinirdim. Doqquzuncu sinifdə oxuyanda artıq mənim şpilkadaban ayaqqabım vardı. Anam onu 50 manata almışdı. O vaxtkı pulla bir kişinin aylıq məvacibi idi. Çox "modnitsa" olmuşam. Saçım yenidən uzanmışdı. Hətta hörüklərim dizimdən aşağı dəyirdi. Çox forslu qız idim, yeriyəndə dimdik yeriyirdim, heç kimi saya salmırdım. Sanki dünyanı mən yaratmışam".

"Qardaşım mənə görə oğlanın ağzının-burnunu qanatdı"

"Qəşəng qız idim, mənimlə maraqlanan oğlanların sayı hədsiz çox idi. Amma bir qardaşım vardı, indi dünyasını dəyişib, o qardaşımın qorxusundan bir oğlan mənə yaxın düşə bilmirdi. Bir dəfə qardaşım əsgərlikdən gələndən sonra təsadüfən küçədə bir dəstə oğlanlarla yol gedirmiş. Yanında da məni sevən bir oğlan. O məqamda mən də yenicə işdən evə gedirdim. Qəfildən bir oğlan qışqırıb ki, o qıza baxın e... Qardaşım dönəndə görüb ki, məni göstərirlər. O vaxtlar məktəblərarası tir yarışması keçirilirdi, mən də orda qalib olmuşdum. Yeri gəlmişkən atıcılıq üzrə diplomum da var. Hə, sən demə, oğlan məni ona görə göstərirmiş. Qardaşım yolun ortasında oğlanın ağzının-burnunun qanın bir yerə yığmışdı. Evdə də məni döydü, başladım ağlamağa. Atam hirsləndi ki, qızı niyə döyürsən. Qardaşım qayıtdı ki, qız uşağıdır, onun tirdə nə işi var, hələ bir özünə oğlan da tapıb. Çox qorxardım ondan. Məktəbdən çıxıb düz evə gələrdim. Ona dəxli yox idi, sən dəftər almağa gedirsən, ya kitab. Şapalaq vurub bizi yerimizdə otuzdurardı.

"Atam bıçaqla paltarımı iki yerə böldü"

"Atam mühafizəkar idi. Bir dəfə 9-cu sinifdə oxuyanda özümə kimano don tikmişdim. Sevincək atama göstərdim. Atam dedi ki, soyun donu gətir baxım. Elə də etdim, heç nə demədi, ayağa qalxıb qoçun buynuzundan düzəltdiyi bıçağı gətirdi və paltarımı iki yerə böldü və dedi; qadının, qızın qolu və baldırı görünməz, anan necə geyinir, sən də elə geyin".

"Elçiləri geri qaytardım"

"Sevgiyə gəlincə, həyatda ən çox sevdiyim anam olub. Ailə quranda da demişəm ki, kim məni sənətə qoyacaqsa, onunla evlənəcəyəm. Məni Qazaxdan istəyənlər hədsiz çox olub. Hamısı da ailənin tək oğlu olub. Onları valideynlərindən ayırıb Bakıya gətirməyə özüm razı olmamışam. Baxmayaraq ki, o oğlanlar buna razı idilər, təki mənimlə evlənsinlər deyə. Elçiləri geri qaytarmışam. O ərəfələrdə Naxçıvana qastrola getmişdik. Vedi rayonundan bir nəfər müəllimlə ailə qurdum. O davamlı olaraq 25 gün mənim konsertimə gəlib və ifamı dinləyib. Konsertin on beşinci günü mənə ürəyini açdı ki, səndən xoşum gəlir, gəl evlənək. Dedim ki, sənətimdən ayrılmayacağam. Razılığını verdi ki, elə səni sənətinlə bərabər sevirəm. Razılığımı aldı, qastrolda ola-ola da Qazaxa elçilərini göndərdi. 1978-ci ildə o özü məni xalq artisti İslam Rzayevin ansanblına gətirdi. Onda nişanlı idik. Səsimi yoxladılar və məni ansanbla götürdülər. Ta 1983-cü ilə qədər orda işlədim. O qədər Habil Əliyevlə, İslam Rzayevlə birgə toylara, dövlət tədbirlərinə getmişəm ki... Hər iki sənətkarın mənə böyük dəstəyi olub, bunu unutmaram.

O vaxtlar mənim "Gilənar" mahnım çox dəbdə idi. Eyni adda kasetim həmin ərəfədə 70 min tirajla satıldı. O satışdan mənə 1000 manat qonorar çatdı".

"Ərim o qadını qaynanama qulluqcusu kimi təqdim etmişdi"

"Həyat yoldaşım çox qısqanc olub. Hətta mənə verilən gül dəstələrinə görə aramızda narazılıq yaşanırdı. Deyirdi onlar sənə gül verəndə niyə əlləri əlinə dəyir. 2 mindən artıq mənə məktub gəlmişdi. Hamısını cırdım. Peşman idi, bir sürücü siqnal verə, dərhal qısqanırdı ki, sənə görə siqnal verirlər. Amma özü mənə xəyanət etdi. Mən həmişə ona deyirdim ki, iki dəfə səni bağışlaya bilərəm, amma üçüncüdə güzəştə getməyəcəyəm. Elə də oldu. İki dəfə onu qadınla tutdum, üçüncüdə bağışlamadım. Məni özümdən qat-qat aşağı səviyyədə olan qadınlara dəyişmişdi. Əgər o səhvini etiraf edib, mənə həqiqəti desəydi, çox normal qarşılayardım. Ən azı deyə bilərdi ki, aramızda sevgi bitib, başqasını sevirəm. Amma o bunu demədi, hətta yalandan üzümə durdu ki, həyatımda heç kim yoxdur. Sonuncu dəfə mən onu bağ evimizdə bir qadınla tutdum. Hansı ki, qızıma və mənə demişdi ki, bağda evimizi təmir etməyə gedirəm. Təmir qurtaran kimi sizi də ora aparacağam. Sədərək bazarında alver edən o qadın da elə özünün tayıdır. Sevinirəm ki, öz tayını tapıb. Dəhşət burasındadır ki, o həmin qadını qaynanama qulluqcusu kimi təqdim etmişdi".

/Publika.az/