Fatma Mahmudova: "İstədim deyəm Tofiqi ölməyə qoymayaq”
Day.Az представляет новость на азербайджанском языке.
Bəzən deyirlər ki, həyat, rastlaşıb ayrılmaqdır. Amma hərdən insanların qarşılaşmaları da, ayrılıqları da formal xarakter daşıyır. Tanınmış aktrisa, xalq artisti Fatma Mahmudova ilə bugünlərdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş unudulmaz aktyorumuz, əməkdar artist Tofiq Qarayev kimi. Onlar səhnədə bir-birinin tərəf-müqabili olmuşdular, amma həyatda sona kimi belə olmadı. Taledənmi, talesizlikdənmi... artıq buna qərar vermək bizim işimiz deyil. Böyük itkidən sarsılan dərdli insanları bəzən sadəcə dərdi ilə baş-başa buraxmaq lazımdır. Bizim işimiz yerli-yersiz suallarımızı yığışdırıb, bir kənara qoyub, Ramiz Rövşənin təbirincə desək, "hər kişinin qəbri üstündə ağlayacaq bir qarapaltarlı qadın"ın əbədi ayrılıqdan doğan ağrısını büruzə verməsinə imkan yaratmaq və bacarsaq, dərdinə şərik olmaqdan ibarətdir indilikdə...
"Hələ də dərk edə bilmirəm - mən onun sənətini, yoxsa özünü sevdim?"
Mən Tofiqi səhnədən tanımışam. Hardasa, 1976-77-ci illər idi. Tofiq bir aktyor kimi artıq sevilir, tanınırdı. Mən özüm də səhnəyə bağlı bir insanam. Fikirləşirdim ki, başqa sahənin adamı ilə ailə alınmaz. Mən həyatda nə xoşbəxtlik varsa, cavanlığımı, gəncliyimi bütün hər şeyi səhnəyə təmənnasız qurban eləmişəm. Səhnə belədir ki, onu həqiqətən sevən adam burada pul qazanıb-qazanmayacağını fikirləşmir. Əvvəl belə idi ha, indi belə deyil. İndi pul varsa, artist səhnəyə çıxır, yoxdusa, çıxmır. Amma bizim dövrümüzdə bilirdik ki, heç nəyimiz yoxdu, yavan çörəyə möhtac olduğumuz vaxtda da biz səhnəni dəlicəsinə sevmişik.
Baxmayaraq ki, Ağdam Teatrı guya əyalət teatrı idi, amma orada çox möhtəşəm aktyorlar, aktrisalar olub. Mən özümə möhtəşəm demirəm, əlbəttə ki. Amma orada, həm də təkcə orada yox, bütün səhnəmizdə möhtəşəm bir aktyor var idi, onu, ümumiyyətlə, zamanının böyük sənətkarı adlandırmaq olardı - Tofiq Qarayev. Heç onunla tanış olanda fikirləşmirdim ki, bundan xoşum gələr, ona ərə gedərəm. İş elə gətirdi ki, biz bir müddət səhnədə tərəf-müqabil olduq. Hələ də dərk edə bilmirəm - mən onun sənətinimi, yoxsa özünümü sevdim? Heç yadımda deyil, ilk sevgi etirafını kim eləyib: o, yoxsa mən? O mənə baxırdı, mən ona. Qastroldan gələndə dərdləşirdik həmişə.
Söhbət eləyə-eləyə gedirdik, söhbət eləyə-eləyə gəlirdik. Mən ona dost kimi həmişə qayğı göstərirdim. O çox ərköyün, şıltaq idi, bir az dəli-dolu idi, bir az dəliqanlı idi. Amma böyük aktyor idi. Mən onunla səhnəyə çıxanda ilk addımdan hiss elədim ki, onda çox böyük fitri istedad var. Fikirləşirdim ki, ailə quracağım adam sənət adamı olmasa, mən onunla yola gedə bilmərəm. Düşünürdüm ki, o aktyordu, mən də aktrisayam, ailə qurarıq, əl-ələ verərik və hər şey yaxşı olar.... Amma heç nə gözlədiyim kimi yaxşı olmadı. Birgə həyatımızın yaxşı olmasını çox arzuladım. Mən bilirdim ki, ikimiz əl-ələ versək, nələr yarada bilərik. Çünki istər komediya, istər faciə, istərsə də dramatik janrda biz bir-birimizə həqiqətən cavab verə biləcək tərəf-müqabilləriyik. Səhnədə güclü tərəf-müqabili olmaq tamam başqa məsələdi. Əsasən komik rollar ifa etsəm də, mənim daxilim faciəviliklə doludur.
Faciəvi rollar ürəyimə daha yaxındır, çox oynamışam belə rollarda. Əslində mənim üçün komediya oynamaq çox çətindir, komik rollar ifa edəndə də Tofiqdən bəhrələnmişəm. O tamaşalarıma, rollarıma baxıb həmişə, iradlarını da, təqdirlərini də bildirirdi. Mənim oynamağımı bəyənirdi, bəzi ştrixləri qeyd edirdi, deyirdi tutalım, sən filan rolu duzlu oynayarsan. O yaxşı müşahidəçi idi. Onun oynamağı süni deyildi, həyatdan gəlirdi. Gözəl komediya artisti idi. Onun komediyasını heç kim oynaya bilməzdi. Bir dəfə İlham Rəhimli bir neçə tanınmış komediya artistinin adını çəkərək qeyd etdi ki, Tofiq filankəslərin kürəyini yerə vurmağa qadir aktyor idi. Bilmirəm, ondan sonra komediyanı əvvəlki tempdə oynaya biləcəmmi?
"Biz həyatda bir-birimizin tərəf-müqabili olmağı bacarmadıq"
Mən onu çox qorumağa çalışdım. Bunu hamı bilir, Ağdam camaatı da, teatr xadimləri də, incəsənət adamları da. Məni və onu tanıyanların hər biri bunu bilirdi ki, nə qədər qorudum, nə qədər onun dalınca qaçdım. Özüm-özümə fikirləşdim ki, bəlkə sabah yaxşı olar. Bəlkə, bəlkə, bəlkə... Bəlkələrdən saraylar tikdim. Bir də baxdım ki, bəlkələrdən 30 il ərzində böyük bir simfoniya yazmışam. Bir gün də o bəlkələrdən tikdiyim saray uçulub töküldü... Hamı məni danlayırdı ki, nə düşmüsən onun ardınca, ondan sənə ər olmayacaq. Deyirdim, bilirəm, ondan mənə ər olmayacaq. Amma o mənim balalarımın atasıdır, bundan əlavə isə, ən əsası, o böyük aktyordu. Deyirdim, siz bilmirsiniz, o necə əvəzolunmaz bir istedada malikdir.
Mən o istedadı qorumaq üçün onun ardınca qaçırdım. Mən bu istedadı xalqa göstərmək, tanıtmaq üçün onun ardınca yüyürürdüm. Onu xəstəxanalarda sağaltdırırdım, ayağa qaldırırdım... Çox içki içirdi, içki mənim ən böyük rəqibim idi. Ətrafı da ona imkan vermirdi. Onun əhatəsi çox pis idi, onu içirdirdilər, yolundan sapdırırdılar, bəziləri hər vəchlə çalışırdılar ki, Tofiq Qarayev adlı bir sənətkarı məhv eləsinlər. Sonunda bunu bacardılar da... Ailəmizə mane olanlar çox idi. Bilirsiniz, insanı gərək insanın gözündən salmayasan. Düzdü, onu mənim gözümdən çox salmaq istəsələr də, mən sözlərə uymurdum. Amma o, sözə, fitnəyə gedirdi. Bir gün elə olurdu, bir gün belə... Birgə yaşayanda həmişə
"Deyirdim ki, heç mən səhnəyə çıxamayım, sənə qulluq edim, amma sən atma səhnəni"
Axı mən bilirdim, o nələrə qadir idi. Onu Kefli İskəndər roluna dəvət etdilər, dedilər ki, sən Kefli İskəndər rolu üçün doğulmusan. Amma ora da içkili getdi, buna görə də rolu ona vermədilər. Sonra "Güllələnmə təxirə salınır" filminə təsdiq olundu, amma getmədi. Hansı birini deyim? O nə qədər filmlərə təsdiq olundu, amma çəkilişlərdən imtina etdi, mənim arzularımı ürəyimdə qoydu.
"Məni çox pis qınayırdılar ki, sən yenə onunla barışdın?"
Qanuni şəkildə boşanmışdıq. Amma yenə də onun dalınca qaçırdım. Mənim balalarımın atasıdı axı o. Mən hamıya sübut etmək istəyirdim ki, hələ dünyaya indiyə qədər belə aktyor gəlməyib. Mən ondan ayrılandan sonra sənət yoldaşlarım, həmkarlarım deyirdilər ki, cavansan, ailə qur, tək qalma. Amma mən cavab verirdim ki, gözümə indiyə qədər ərimdən gözəl, ərimdən şəxsiyyətli ikinci bir kişi sataşmayıb. Bunu demək düz olmaz, amma mən həmişə onu kömək edirdim, həmişə, hər dəfə. Mən ona hər şeyi bağışlayırdım. Tofiq boşanandan sonra özünə layiq qadınlarla oturub-durmayıb. Ona deyirdim ki, yaxşı, ola bilsin məni sevmirsən, amma əgər məndən sonra kiminləsə ailə qurası olsan, şəxsiyyətinə, özünə layiq birini tap. Vallah evlənməsinə, başqa uşaqlarının olmasına qarşı deyildim, təki sənətini buraxmayaydı.
Təki özünü məhv etməyəydi. Amma kimə deyirsən... Mən onunla bir yerdə normal həyat sürməmişəm. Həmişə o içib, özünə də, bizə də ziyanlıq gətirib. Amma mən onun bütün əziyyətlərinə dözmüşəm və həyatda itirmək istəməmişəm. Rəsmi qaydada boşanmışdıq, amma o yenə gəlirdi, barışmaq istəyirdi, mən yenə də onu bağışlayırdım. Onun ağır xəstəliyə tutulduğunu biləndə istədim, bütün Ağdam camaatına müraciət eləyib deyəm ki, gəlin, Tofiqi ölməyə qoymayaq. Amma Tofiq elə bir hərəkət elədi, qadınlıq qürurumu elə sındırdı ki, ürəyim ondan döndü. Sonra bir müddət mən onunla danışmadım. Ancaq ürək yaman şeydir... O pis vəziyyətində mənə zəng eləyəndə yenə ürəyim dözmədi. Dedi ki, gəl. Dedim, bu dəqiqə gəlirəm.
Dedi, mənə paltar da gətir, ağ üzüm də al, ağ üzüm istəyir ürəyim. İstədiyi hər şeyi alıb getdim yanına. Son görüşümüzdə dedi, məni yola sal, gedirəm Quzanlıya. Vəziyyəti pisləşdi, gecə ilə təcili yardım maşını çağırıb Respublika Klinik Xəstənasına apardım. Bir şeyə peşmanam ki, elədiyi bir səhvə görə mən onunla küsülü idim. Peşmanam ki, gərək iki ay əvvəl barışaydım onunla. Baxmayaraq ki, o mənə əziyyət verib, qürurumu sındırıb, yenə də özümə haqq qazandırmıram. Özümü danlayıram ki, onun necə hərəkət etməsinə baxmayaydım gərək, küsməyəydim ondan. İndi də özüm-özümü qınayıram.
"Tofiqin yoxluğuna dözmək ağırdır"
Bunu deməyim bəlkə bir qədər qəribə görünsə də. Axı o, bu həyatda mənə heç nə etməyib, amma mən onsuz dözə bilmirəm (ağlayır)... Getdi Quzanlıya, dedi, Ağdam torpağını qucaqlayıb öləcəm. Elə də oldu. O doğma torpağı da qucaqlayıb öldü. "Qərarsız adam" adlı filmə çəkilmişdi bir vaxtlar. O elə özü də qərarsız adam idi bu dünyada. Tofiq Ağdamsız qərar tutmadı, Ağdamsız yaşaya bilmədi, dözə bilmədi. Bəlkə də, bəlkə də Ağdam olsaydı, Tofiq belə tez ölməzdi, bilmirəm, o qədər bəlkələr var ki...
İndiyə kimi mənim də atam, anam, qardaşım rəhmətə gedib. Həyatda çox tanıdığım adamlar dünyasını dəyişib. Amma Tofiqin həyatı başdan-ayağa faciə olub, Tofiq rahatlıq tapmayıb heç vaxt. Evindən- eşiyindən didərgin düşüb, ancaq səbəbini bilməmişəm niyə? O səhv eləmişdi, eləmişdi, amma mən gərək sona qədər onun ardınca gedəydim (ağlayır). Həddindən artıq peşmanam. Gərək camaata müraciət edəydim, əlimdən gələni də, gəlməyəni də edəydim, onu ölməyə qoymayaydım...
Son 15 gün olardı, ziyalı bir xanımla birgə cənab Prezidentin adına müraciət hazırladıq Tofiqin adından. Amma əcəl imkan vermədi.
"Ağdam camaatından yerdən göyəcən razıyam"
Bütün Ağdam camaatı həmişə Tofiqə arxa-dayaq olub, ona kömək ediblər, onu sınmağa qoymayıblar. Amma mən ona bunu yaraşdırmırdım axı. Axı Tofiq elə aktyor idi ki, özü bunları qazana bilərdi, özü camaata kömək edə bilərdi. Ağdam camaatına minnətdaram ki, öz böyük oğlunu, böyük sənətkarını dolandırıb. Ağdamın icra başçısı Nizami Sadıqov şəxsi vəsaiti hesabına Bakıda özəl klinikaların birində Tofiqin ayağını əməliyyat etdirib. Ona çox minnətdaram. Sonra da Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar xanım Abbasova xüsusi maşın göndərdi onun üçün və dedi ki, Fatma xanım, sən işindən ayrılma, mən burda ona qulluq elətdirəcəm.
Gülnar xanım və onun həyat yoldaşı Elbrus Abbasov sözlərinin üstündə dayanıb Tofiqə yardım göstəriblər. Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin Hacıbəylinin rəhbərliyi ilə o böyük aktyoru layiqli şəkildə son mənzilə yola saldılar. Hamısına dərin təşəkkürümü bildirirəm. Ağdam icra hakimiyyətinin bütün nümayəndələrinə - Sağ olun, var olun, - deyirəm. Tofiq rəhmətə gedəndə icra başçısı Nizami müəllim göstəriş verib ki, mərhumu səhnədən götürmək lazımdı. Hüzr yerində dedim ki, mən buraya ilk növbədə Nizami müəllimə Tofiqə göstərdiyi dəstəyə görə təşəkkür etməyə, sonra da ki bura nə ərim, nə də uşaqlarımın atası üçün yox, möhtəşəm sənətkarla son dəfə vidalaşmağa gəlmişəm. O, səhnədə qalsaydı, çoxdan bütün titullara, fəxri adlara layiq görülərdi.
"Mənə xalq artisti adı veriləndə Tofiqin qarşısında buna görə utandım"
Axı Tofiq almalı idi bunu. Onun səsini, onun komediyasını, onun faciəsini eşidib-görənlər, sözlərimi təsdiqləyərlər.
Nə idi onun şəxsi faciəsi? Heç özü də bilmirdi. Son dəfə yanına gedəndə dedi ki, sən məni tanıya bilmədin, kim olduğumu bilmədin. Sonra da davam etdi ki, məni heç kim tanımadı... Heç bilmədilər ki, Tofiq Qarayev kimdi?
Amma məncə, heç o özü də özünü tanımırdı. O qadir olduğu, malik olduğu fitri istedadını içkiylə məhv etməsəydi, hər şey fərqli olardı. Mənim o cür sənətim olsaydı, göz bəbəyim kimi qoruyardım. Həyat yoldaşı olduğum vaxtlarda da, sonralar da mən onu bir sənətkar kimi qorumaq üçün çox çalışdım, amma o, istedadının qədrini bilmədi, məhv elədi özü-özünü. Heyif, heyif ona... Haqqımda "Ömrün fəsilləri" adlı bir film çəkilib. Orda da demişəm, yenə deyirəm: heç kimə mənim kimi qadın olmağı arzulamıram. Çünki mən balalarımı tək böyütdüm, əziyyətlə saxladım onları, ali təhsil verdim qızlarıma. O boyda möhtəşəm sənətə malik atanın qızlarını tək böyütdüm. O heç kimin - nə özünün, nə ailəsinin - qədrini bilmədi, heyif... Onunla son vida mərasimində dedim, apar, Tofiq, apar o möhtəşəm sənətini, saxla qara torpağın altında...
İstərdim ki, bir yerdə olmasaq da, uzaqdan səsi gəlsin, sağ olduğunu bilim. Elə bilirəm, boşluğa düşmüşəm. İndi hiss edirəm ki, tək qalmışam. Tofiq bir yuxu imiş, bir nağıl imiş... İkinci bir Tofiq gəlməyəcək yer üzünə (ağlayır). Amma gözlərim hər yerdə, hər dəqiqə Tofiqi axtaracaq.
/525.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре