Mehriban Xanlarovanın 'əri' Zeynəb Xanlarovaya müraciət etdi

Day.Az представляет новость на азербайджанском языке

Özünü aktrisa Mehriban Xanlarovanın həyat yoldaşı kimi təqdim edən Etibar Süleymanov daha bir qalmaqala imza atıb.

Publika.Az-ın məlumatına görə, bundan öncəki açıqlamalarında o Mehriban Xanlarovanın ona 50 min manata yaxın borcu olduğunu bildirmişdi. Borcunu geri ala bilmədiyini söyləyən Etibar Süleymanov məsələ ilə bağlı aktrisanın yaxın qohumu millət vəkili Zeynəb Xanlarovaya yazılı müraciət edib. Müraciətdə deyilir:

"Çox dəyərli sənətkarımız, xalqımızın fəxri Zeynəb xanım!

Sizə bu müraciəti etməyimə məni həyatımı az qala məhv edəcək səviyyəyə çatmış, dilimə gətirməyə belə utandığım bir problem məcbur etdi. Artıq bütün mətbuat və xalq mənim bu problemimdən xəbərdardır. Sizə üz tutmağım haqqın, ədalətin bərpa olunacağına olan son ümidimdir.

Çox təəssüf edirəm ki, belə dəyərli, qiymətli və əziz bir soyadı daşıyan, bu soyadı daşımağa layiq olmayan əməkdar artist Mehriban Xanlarova ilə əlaqədar mənim şəxsiyyətim, həyatım, işim və ailəmin gələcəyi təhlükə altında qaldı. Bu qadın müəyyən səbəblərdən mənim həyatıma bir müddət daxil oldu. Hər şeyin yaxşı olacağını gözlədiyim halda belə olmadı. O və bacısı Lalə məni aldadaraq külli miqdarda pulumu alıb, sonradan min bəhanə ilə qaytarmadılar. Mehriban Xanlarova və bacısı mənə 55 min manata qədər pul bocludurlar. Mən qanuni olan haqqımla bu pulu onlardan geri almaq istədikdə çox utanc gətirəcək vəziyyətlə qarşılaşdım. Bu pulu borc olaraq almışdılar, biz də insanlıq adına yardım etdik. İndi aradan uzun müddət keçdiyinə görə mən bu məbləği onlardan almaq üçün mübarizəyə başlamışam. Lakin onlar məni başqa yollara əl atmağa, məsələni mətbuata gətirməyə vadar etdilər. Çünki heç biri sivil qaydada bu işi həll etmədi. Nəinki borcu, hətta məni tanıdıqlarını da dandılar. Mən Mehriban xanım və onun bacısı ilə, onların şəxsi həyatı və şəxsiyyətləri ilə bağlı heç bir böhtan, şər atmamışam. Lakin onlar əvvəlcə mən adda adamı tanıdıqlarını dedilər, elə ki, faktlarla sübut etdim, onları Prokurorluğa verdim, faktlar qarşısında aciz qalıb məni tanıdıqlarını bildirdilər. Sonra isə efirdə, minlərlə tamaşaçıya məni fırıldaqçı, narkoman və manyak kimi təqdim edərək, hardansa yalançı şahidlər, mənə aid olmayan qadınlar tapıb el gözündən məni saldılar. Bu şeyləri gördükcə atam, anam, qohumlar dəli olmaq dərəcəsinə gəldilər. Axı məni tanıyanlar bilir ki, mən elə adam deyiləm. Niyə mənim gələcəyimi təhlükə altına atıb, düz adımı bədnam edirlər? Bu haqqı onlara kim verib. Belə şeylər azərbaycanlı qadına, əməkdar aktrisaya yaraşarmı? O, bu soyadın sayəsində tanındı, qəbul olundu, çox heyif ki, bu dəyərli soyada yaraşmayan hərəkətlər edirlər.

Sizə üz tutmağımın səbəbi bir millət vəkili olaraq və çox təəssüf ki, bu qadınlara qohumluğunuz çatdığına görə, bəlkə bu məsələyə müdaxilə edib, haqqı nahaqdan ayırmağa yardımçı olmağınıza inamımdır. Artıq buna da məcbur oldum. Zeynəb xanım, mən bir bakılı balasıyam, onlara da vaxtında dəstək oldum, insanlıq etdim. İmkan verməyin ki, bir gəncin taleyi ilə belə oynasınlar. Bəlkə siz onlara öz yerlərini göstərə bilərsiz. Bəlkə siz ağı-qaradan ayırıb, bu rüsvayçılığa son qoya bilərsiz. Onlar sizin qarşınızda heç bir söz deyə bilməz. Mən onlara elə bu dəyərli soyada görə hörmət etdim. Məsələyə hüquq-mühafizə orqanları baxır. Lakin bu işdə bir ağbirçək, bir böyük və bir ədalətli insanın da müdaxiləsi lazımdır. Xahiş edirəm ki, utancverici bu hadisəyə biganə qalmayasız, siz öz ğücünüzü göstərəsiz. Mən onlardan heç bir şey istəmirəm. Dəfələrlə demişəm ki, sadəcə borcumu versinlər, hər şey bitəcək. İmkan verməyin ki, məni əysinlər, sındırsınlar. Mən onsuz da ailəmin, yaxınlarımın üzünə baxa bilmirəm. Bu işdən də sona kimi geri çəkilməyəcəm.

Bu əziz bayramda sizə müraciət edirəm. Mənə kömək əlinizi uzadın və bu işdə yolgöstərənimiz olun. Siz ədalətli xanımsız, həmişə haqsızlıqla mübarizə aparmısız. Sizə güvənirəm.

Hörmətlə: Etibar Süleymanov"

/Publika.az/