Orqanizmdə "tərs damarın" tutulması necə olur?

Day.Az представляет новость на азербайджанском языке.

 

Bəzən bir adam tutduğunu buraxmayanda, inadkarlıq göstərəndə, "tərs damarı tutub" deyirik. Orqanizmdə "tərs damar" adlı bir üzv olmasa da, damarların "tərsliyi" tuta bilir və bunun fəsadlarından (daralma, tıxac, yaralanma və s.) ürək-damar sistemi, beyin və bütünlükdə orqanizm zərər görür...

Qandaşıyan damarlar - insan bədəninin elastik borucuqlarıdır: ürəyin ritmik və ya damarlarda nəbz vurması ilə qanı orqanizmin bütün orqan və toxumalarına daşıyırlar.

Qan müxtəlif ölçülü damarlarla - arteriya, arteriol, arterial kapilyarla orqan və toxumalara, ordansa venoz kapilyarlar, venul və venalarla ürəyə daşınır.

Damarlarla qanın böyük və kiçik dövranları gerçəkləşir. Böyük qan dövranı vasitəsilə qan orqanizmin bütün orqan və toxumalarına çatdırılır, burada qaz və maddələr mübadiləsi həyata keçir. Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlanır. Aortadan ayrılan ümumi yuxu və körpücükaltı arteriyaları baş, boyun və kürək nahiyələrini qanla təchiz edir. Daha sonra aorta bir sıra böyük və kiçik arteriyalara bölünərək, bədənin digər sahələrinə qanı çatdırır. Orqan və toxumalarda qaz və maddələr mübadiləsi baş verdikdən sonra qan kapillyarlardan venalara keçərək ürəyə doğru hərəkət edir. Nəhayət, karbon qazı ilə zənginləşmiş venoz qan yuxarı və aşağı boş venalar vasitəsilə ürəyin sağ qulaqcığına, buradan da sağ mədəciyə daxil olur.

Kiçik qan dövranı vasitəsilə qan ağciyərlərə çatdırılır, oksigenlə zənginləşərək yenidən ürəyə doğru yönəlir. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlanır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına bölünür ki, bunlar da venoz qanı ağciyərlərə çatdırır. Ağciyər alveollarındakı atmosfer havası ilə kapillyarlardakı qan arasında qaz mübadiləsi baş verir. Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə ürəyə doğru hərəkət edir və ürəyin sol qulaqcığına daxil olur. Sol qulaqcıqdan qan sol mədəciyə, oradan isə aortaya, yəni böyük qan dövranına keçir.

Venoz sistemi:

qanın ürəyə doğru axışı

Ürək-damar sisteminin bir hissəsi olan venoz sistemi özündə venaları birləşdirir. Venalarla qan ürəyə doğru hərəkət edir. Venalar qanı ən kiçik qan damarlarından-kapilyarlardan alırlar.

Venelarla karbon qazı ilə bol olan qan axır - buna venoz qan deyilir. Bəzi sistemlərdə venaların kapilyar şəbəkəsiinə bölünməsi və yenidən birləşməsi müşahidə edilir (məsələn, qaraciyərin portal sistemində və hipotalamusda).

Venaların divarı arteriyalara nisbətən nazikdir və az əzələ liflərinə (tellərinə), elastik elementlərə sahibdir.

Venulllar - xırda qandaşıyıcı damarlar olub oksigeni tükənən qanı kapliyarlardan venaya ötürür.

Ən mühüm venalar:

1.Boyun venaları - yuxarı ətraf venalarına aiddir, qanı boyun və başdan ürəyə aparır. Burada dərin boyun venası yerləşir ki, o, kəllə boşluğundan qan aparan ən iri damardır;

2. Ağciyər venaları;

3. Keçid venası. Gövdə venozla qanı mədədən, dalaqdan, bağırsaqdan və mədəaltı vəzidən qaraciyərə keçir;

4. Yuxarı ətraf venası. Qanı başdan ürək qulaqcığına aparır;

5. Aşağı ətraf venası. Bədənin aşağı hissələrindən venoz qanı toplayıb ürəyin qulaqcığına aparır. Ürəyə yolunda bir çox venalardan qan götürür. İnsan orqanizminin ən böyük venalarından biridir.

6. Nəfəs yolları venaları;

7. Bud venaları;

8. Dizaltı venalar;

9. Ayağın dərialtı böyük venaları;

10. Ayağın gizli kiçik venaları.

Venaları tibb elminin fleboloqiya adlı bölməsi öyrənir. Fleboloqiya venaların quruluş və funksiyalarını , onların xəstəlik və patoloji hallarını, diaqnostikası metodlarını, profilaktika və müalicəsini araşdırır.

Venalar bir neçə təbəqədən, qatdan ibarət olur: endotel (xarici qat), yumşaq birləşdirici qat, əzələ və sıx birləşdirici toxumalar.

Ümumiyyətlə, venaların klassik anatomiyasına görə, venoz sistemi iki yerə bölünür: səthi (dərialtı) və dərin. Onlar bir-biri ilə nazikdivarlı damarlarla - perforant venalarla bağlıdırlar. Onların zədələnməsi xroniki venoz çatışmazlığının inkişafına öz mənfi təsirini göstərir.

Venelarda damarların divarı nazikdir. Bir çox hallarda bu səbəbdən qanın hərəkəti ilə bağlı problemlər yaranır. Belə ki, damarlar ürəkdən nə qədər uzaqdırsa, onlarda qanın nəqli üçün gərəkli təzyiq azalır. Kapliyarlardasa o, atmosfer təzyiqinə bərabərdir və qan axını yaratmır. Buna görə də, venalarda qan axınına "təkanverici" xüsusi sistem var. İlk növbədə, bu, vena klapanlarıdır ki, qanın bir istiqamətdə. yəni ürəyə doğru axmasına imkan yaradır - əks halda klapanlar əks istiqamətdə axan qanla dola bilər ki, bu zaman da hərəkət dayana bilər. Klapanlarda problem olduğu zaman varikoz xəstəliyi yaranır.

Başda və boyunda qeyri-münasib pozada venoz axını yavaşıyır və lazım olandan artıq qan toplana bilir - nəticədə venalar genişlənir. Çanaq sümüyündə varikoz genişlənmə hemorroy adlanır.

İkincisi, xüsusi venoz nəbzidir (venaların yığılması dalğası). Həmçinin qanın axını damarların əzələləri ilə də gerçəkləşə bilir. Paralel olaraq ağciyərlərin, həmçinin diafraqmanın (döş boşluğu ilə qarın boşluğunu ayıran əzələ) genişlənməsi ilə venalar da genişlənir, aşağı və yuxarı ətrafların damarlarından qanı sorur. Təsadüfi deyil ki, diafraqmanı venozun ürəyi də adlandırırlar.

Arterial sistem:

qanın ürəkdən axışı

Arteriyalar - qanı ürəkdən daşıyan damarlardır. Arteriyalarla oksigenlə zənginləşmiş qan axır və buna arterial qan deyilir.

Qeyd edək ki, heç də bütün hallarda venalarla venoz qan, arteriyalarla isə arterial qan axmır. Məsələn, ağciyər venaları ürəyə oksigenlə zəngin qan daşıyır, ağciyər arteriyaları isə ürəkdən ağciyərə venoz qan, yəni karbonatla bol qan aparır. Buna göbək venaları da aiddir.

Arteriyalar da venalar kimi bir neçə qatdan ibarət olur: endotel (xarici qat), fibroz qat, əzələ və birləşdirici toxumalar.

Venaların nazik divarlarından fərqli olaraq ürəkdən böyük təzyiqlə qanın axıdıldığı arteriyalarda damarların divarları qalın və möhkəmdir. Onlarda əzələ və elastik liflər var. Arteriyalar o qədər elastikdir ki, qanın axışından asılı olaraq yığıla və genişlənə bilirlər. Arteriyalar damardaraldıcı (simpatik) və damargenəldici (parasimpatik) sinir lifləri ilə təchiz olunmuşdur.

Arteriol - xırda artiyeriyalardır və birbaşa arterial kapilyarlarla bağlıdırlar. Onların damar divarlarında hamar əzələ telləri var və bunun sayəsində arteriol özünün keçidini dəyişdirə, müqavimət göstərə bilir.

Kapilyarlar - ən xırda qandaşıyan damarlardır. O qədər nazikdirlər ki, qidalandırıcı maddələr onların divarlarından keçə bilir.

Aorta - ən böyük arterial damardır. Arteriyalardan qanın hərəkətini ürəyin işi və damarların elastikliyi təmin edir. Bunun hesabına aortada müvafiq qan təzyiqi yaranır. Qan təzyiqi Riva-Roççi sfiqmomanometri ilə ölçülür. Ürəyin sistolası və diastolası zamanı təzyiqlər eyni olmur. Sistola zamanı olan təzyiq maksimal, diastolik təzyiq isə minimal hesab edilir. Yaşlı insanlarda maksimal arterial qan təzyiqi orta hesabla 110-120 mm civə sütununa, minimal qan təzyiqi isə 70-80 mm civə sütununa bərabərdir.

Ürəyin sol mədəciyinin yığılması nəticəsində arteriyaların divarının ritmik rəqslərinə (genəlib-yığılmasına) arterial nəbz deyilir. Arterial qan təzyiqi, nəbz müxtəlif xarici və daxili təsirlər nəticəsində dəyişilir.

Damar xəstəlikləri

Damarların varikoz genişlənməsi. Varikoz xəstəliyi - polietiolojidir, yəni azarın birdən çox səbəbi var. Hazırda bu patologiyanın irsi xarakterinə xüsusi diqqət verilir, özü də irsi olan xəstəliyin özü deyil, genetik özəlliklərlə şərtlənən venoz divarlarının quruluşu keçir. Venaların klapan aparatının anadangəlmə qeyri-tamlığı venaların klapanlarla yetərli təhciz edilməməsi və ya onların anatomik qeyri-tamlığı ilə bağlı ola bilir.

Patogenez varikoz xəstəliyinin inkişafıdır - vena divarında əzələ təbəqəsinin anadangəlmə zəifliyi, səthi venalarda klapanların inkişaf etməməsi, hamiləlik, hormonal pozğunluq, fiziki yüklənmə və s. ilə əlaqəlidir. Bura həmçinin daxildir vena daxilinin genişlənməsi, səthi venalarda daxili təzyiqin artması, perforant venalarda klapan çatışmazlığı, dərin venoz sistemdən səthi venoza qan reflüküsü (nəqli), venalar daxilində təzyiqin artmasının dərinləşməsi və s.

Arterioskleroz. Arteriya divarlarının qalınlaşıb elastikliyini itirməsi xəstəliyidir.

Bürger xəstəliyi. Arteriya və venaların sistemli immunopatoloji iltihabı xəstəliyidir.

Tromboflebit (tromb və flebit sözlərindəndir). Bu vena divarlarının iltihabı ilə və trombun (qanın patoloji qatılaşması) yaranması ilə olan tromboz xəstəliyidir - damarlarda qan keçidini bağlayır.

Yaralar. Damarların yaranması müxtəlif səbəblər üzündən baş verir: kəsilmə, deşilmə, kəsilmə-deşilmə, çürümə, dişləmə, zəhərlənmə (ilan sancması), doğrama, odlu silah və ya qumbara, mina qəlpəsi yarası, dərinin soyulması, cərrahi kəsmə və s.

Qeyd edək ki, hansısa damar tıxananda cərrahlar müxtəlif cərrahi əməliyyatlara (baypass, endarterektomiya və cərrahi anevrizm) əl atırlar. Məsələn, baypass əməliyyatı və yaxud şuntlamada damarında tıxac yaranan toxuma və orqana başqa yoldan qan çatdırılır. Ən çox rast gəlinəni ürək damarlarında (koronar damarlar) aparılan baypas əməliyyatlarıdır. Bundan başqa, ayaq, qol, qarın və boyun damarları ilə bağlı da bu əməliyyata əl atılır. Bu əməliyyatda süni və ya vücudun başqa bir yerindən alınan (ən çox topuqdan buda, qasığa qədər uzanan damarlar götürülür) damarlardan istifadə edilir.

Qeyd edək ki, dünyada milyonlarla insan ürək əməliyyatı zamanı kiçik diametrli damarlara ehtiyac duyurlar. Bununla bağlı son illərdə süni damarla bağlı tədqiqatlar genişlənib.

ABŞ-ın Oklohomo Universitetinin alimləri ortaya çıxarıblar ki, Liposaksiya zamanı bədəndən ayrılan hüceyrələr vasitəsilə qan damarı hazırlamaq mümkündür. Onların fikrincə, kiçik diametrli bu qan damarlarını ürək əməliyyatları zamanı istifadə etmək olar.

Almaniyanın Fraunfoher institutunun alimləri isə bu ilin ortalarında tibb elmində inqilab sayıla biləcək bir kəşfə imza atıblar - lazer texnologiyasının son nailiyyətlərindən yararlanaraq süni damar yaradıblar. Təcrübələr uğurla nəticələnəcəyi təqdirdə süni damar orqan nəqlində istifadə edilə biləcək.

Şah damar

Şah damar və karotis - beynimizi, görmə orqanını və başın böyük hissəsini qanla təmin edən bir cüt yuxu arteriyasıdır.

Başlanğıcını sinədən - biri sağ tərəfdə arıbaşlı gövdədən, digəri solda aorta qövsündən götürür (soldakı sağdakından bir neçə sm uzundur).

Beyni iki onurğa arteriyası da qanla təmin edir, lakin şah damarlar bu işi daha çox görürür. Ateroskleroz xəstələyində tromblar beynə qan axınına əngəl yaradır və bu, nəticədə insulta səbəb olur.

Express.az