Videosu ilə gündəm olan şəxs qazi deyil
Bir müddətdir ki, sosial şəbəkələrdə Qarabağ qazisi adından istifadə edərək kampaniya aparanların sayı çoxalıb. Onlar saxta adla dövlətdən xüsusi imtiyazlar tələb edirlər. Belə hallara birinci Qarabağ müharibəsindən sonra da tez-tez rast gəlinirdi. Bəziləri müharibədə iştirak etdiyini bildirərək saxta veteran vəsiqəsi də əldə etmişdi. Müəyyən araşdırmalardan sonra isə həmin şəxslərin müharibədə iştirak etmədiyi məlum olurdu.
90-cı illərin əvvəllərində müşahidə edilən vəziyyət bu gün bəzilərinin əlində yenidən fürsətə çevrilib. Belə ki bu addan yararlanmaq istəyənlər sosial şəbəkələrin gündəmini zəbt ediblər.
"Qafqazinfo" xəbər verir ki, bu cür materiallar isə dəqiqləşdirilməmiş şəkildə mətbuatda yayıldıqda digərləri üçün də əlavə stimul yaranır. Onlar da qazi olduqlarını iddia edərək dövlətdən müxtəlif güzəştlər tələb edirlər.
Belə hallardan biri də bu günlərdə baş verib. Belə ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Elnur Əfəndiyevin yerli mediada ailəsiylə birgə videoreportajı yayımlanıb. Bildirək ki, adıçəkilən şəxs bir müddət əvvəl Xoşqədəm Hidayətqızının da verilişində olub. Həmin verilişdə, eyni zamanda sonuncu videoreportajında da özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edib. O, Ağdam uğrunda gedən döyüşlərdə yaralandığını iddia edir. Bu zaman müxtəlif qəlpə yaraları alıb, sonradan isə zəhərlənmələr nəticəsində ayağında və əllərində yaranan qanqrenadan bu vəziyyətə düşdüyünü bildirir.
Videoreportaj sosial şəbəkələrdə yayımlandıqdan sonra E. Əfəndiyevi tanıyanlar onun I Qarabağ müharibəsi qazisi olmadığını bildirib və qeyd ediblər ki, sözügedən şəxs ayaqlarını və əllərini müharibədə itirməyib.
Elə onun haqqında material hazırlayarkən təkcə quqlda kiçicik araşdırma aparmaqla həmin şəxsin qazi olub-olmadığı haqda informasiya əldə etmək mümkündür. Hələ bir neçə müddət əvvəl təqaüdünün az olmasından gileylənən Elnur Əfəndiyev barəsində mərhum, baş qazi Etimad Əsədovun araşdırması yayımlanmışdı.
E. Əsədov bildirmişdi ki, özünü Qarabağ əlili kimi təqdim edən E.Əfəndiyev əslində dələduzdur:
"O, Qarabağ əlili deyil. Elnur keçmiş məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə onun əl və ayağını kəsmək məcburiyyətində qalıb. Həmin şəxs kifayət qədər imkanlıdır. Elnuru tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min manatlıq cipi, 200 min manat dəyərində obyektləri var. Elnurun adamları var, onu reklam edib pul yığdırırlar. Onun kimi insanlara kömək etmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ əlillərinin adına ləkədir"-deyə Baş qazi açıqlama vermişdi.
I Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu da "Qafqazinfo" ya açıqlamasında Etimad Əsədovun vaxtilə E. Əfəndiyev barəsində araşdırma apardığını təsdiqləyib. O qeyd edib ki, vaxtilə həbsxanada olarkən sözügedən şəxsin qumar borcu yaranıb:
"Buna görə də onun ciddi problemləri olacaqmış. Onu başa salıblar ki, damarına iynə vursun. O da belə bir üsula əl atıb. Bundan sonra onun səhhətində bu cür fəsadlar yaranıb. Əlini və qolunu itirib. Düzdür, əlildir, onun da yaşamaq haqqı var. Ancaq müharibə qazisi adından istifadə etmək düzgün deyil. Bildirir ki, Şirin Mirzəyevin batalyonunda döyüşüb. Bizim batalyonda elə adam olmayıb, yalan danışır. Əvvəllər Neftçilər metrosunun qabağında dayanırdı, dilənçilik edirdi. Ağsu-Şamaxı yolunda onun bir kafesi də var.
Əslində əvvəllər o özünü Qarabağ qazisi kimi təqdim etmirdi. Onu mətbuat işçiləri gündəmə gətirdi, bundan sonra özünü qazi kimi təqdim etməyə başladı. Ola bilsin ki, 1994-1995-ci illərdə xidmətdə olub. Hərbi formada olan şəklini paylaşır. Ancaq bu o demək deyil ki, o, müharibədə iştirak edib. Yəni o zaman mərhum Etimad Əsədov bunu tam araşdırıb. Türmədə olan şahidlər proses barədə məlumat verib".
R. Kərimoğlu qazilər barədə məlumat hazırlayarkən mətbuatı ehtiyatlı olmağa çağırır:
"Belə şoular düzəldəndə həmin şəxslər barəsində Qazilər, Veteranlar, Qarabağ əlilləri, şəhid ailələri ilə bağlı yaradılmış birliklərə müraciət etmək lazımdır. Görürsünüz, belə bir süjet hazırlayıblar, amma hamı yazır ki, o, saxta qazidir. E. Əfəndiyevin sənədlərinin hamısı sonradan düzəlmədir. Müdafiə Nazirliyindən, digər qurumlardan həmin sənədlər necə alınıbsa, daha bunu özləri bilərlər".
Xatırladaq ki, Vətən müharibəsindən sonra mətbuatda Rəna Kazımova adlı xanım iki oğlunun müharibədə itkin düşdüyünü bildirərək sosial şəbəkələrin gündəminə çevrilmişdi. Elə "Qafqazinfo"nun araşdırmasından sonra məlum olmuşdu ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. Onun psixoloji problemləri olub, media da məsələni araşdırmadan gündəmə gətirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре