Vətən müharibəsi şəhidi Qədirov Emin Asif oğlunun ailəsi ziyarət olunub

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda da şəhid ailələri mütəmadi olaraq ziyarət edilir və onların qayğıları ilə maraqlanılır.

3 sentyabr 2021-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qədirov Emin Asif oğlunun qardaşı Ramin Qədirovun hərbi xidmətini layiqincə başa vuraraq qayıtması münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhidin ailəsində olmuşlar.

Ramin Qədirov 2019-cu ilin oktyabrında hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin iştirakçısıdır. Şəhid qardaşı kimi o da torpaqlarımızın 30 illik işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli, Cəbrayıl və Xocavənd urğunda gedən döyüşlərə qatılan Ramin zəfər tarixində imzası olan qəhrəman oğullarımızdan biri kimi evini dönüb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Görüşdə şəhidin qardaşı Ramin Qədirov Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətlərdən söhbət açmışdır.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov, Millət vəkili Soltan Məmmədov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Emin Qədirovun ailə üzvlərinə başsağlığı vermiş və xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət dilənmişdir.

Qeyd edək ki, Qədirov Emin Asif oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarla təltif edilmişdir.