“Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya keçirilib - FOTO
COP29 çərçivəsində "Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər" mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiyada iqlim məsələlərinə beynəlxalq maliyyə resurslarının cəlb olunması və davamlı inkişaf üçün tərəfdaşlıqların genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə "Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər" mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim dəyişikliyinə qarşı birgə mübarizə səylərini ehtiva edən prinsiplər, bu sahədə yürüdülən qlobal siyasət və özəl sektorun töhfələri barədə fikirlərini bildirib. Qeyd olunub ki, bu məsələdə müsbət dəyişikliklərin təmin olunması üçün inklüziv tədbirlərin davamlılığı və dayanıqlı inkişafa nail olmaq önəmlidir. Qlobal müstəvidə iqlim məsələləri kontekstində bütün xalqları ehtiva edən ədalətli yanaşma da mühüm məsələdir. Azərbaycanın davamlı artım və yaşıl iqtisadiyyat sahəsində hədəfləri və görülən işlər barədə məlumat verilib. Ölkəmizdə yaşıl enerji məqsədlərinə çatmaq üçün qabaqcıl texnologiyaların və innovativ həllərin hazırlanması yönündə məqsədyönlü tədbirlərə diqqət çəkilib, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.
Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala isə qlobal ticarət siyasətlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və bu kontekstdə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinin vacibliyi barədə fikirlərini bildirib.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov qlobal iqlim dəiyşikliklərinə qarşı beynəlxalq əməkdaşlıq, region ölkələrinin bu yöndə təşəbbüsləri, bərpa olunan enerji sahəsində birgə layihələrin reallaşdırılmasının önəmi barədə fikirlərini bildirib.
Dünya İqtisadi Forumunun icraçı direktoru və sessiyanın moderatoru Cim Huay Neo sıfır karbon emissiyasına keçid prosesinin iqtisadi artım və iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını, həmçinin faydaların və xərclərin ədalətli şəkildə bölüşdürülməsini təmin etmək üçün birgə və hərtərəfli yanaşmanın əhəmiyyətini vurğulayıb.
"Boston Konsaltinq Qrup"un qlobal sədri və CEO İqlim Liderləri Alyansının həmsədri Riç Lesser 2019-2022-ci illər arasında ümumi emissiya səviyyəsini 10% azaltmağa, eyni zamanda ümumi gəlirlərini 18% artırmağa nail olduqlarını qeyd edib, iqlim fəaliyyətinə özəl sektorun daha çox cəlb edilməsi üçün dövlətlərlə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, bu sahədə aydın siyasət və güclü tərəfdaşlıq mexanizmləri müsbət dəyişikliklər üçün həlledici əhəmiyyət daşıyır.
"Fortescue" şirkətinin icraçı sədri Endryu Forrest iqlim dəyişikliyi ilə mübarizədə enerjinin yaşıl mənbələrdən əldə edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bərpa olunan enerji sektoruna sərmayələrin artırılması və texnoloji yeniliklərin təşviqi sayəsində qlobal iqlim hədəflərinə çatmaq mümkündür.
Tərəflər iqlim böhranının həlli üçün qlobal səviyyədə birgə tədbirlərin zəruriliyini vurğulayıblar. Bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре