"Dərnəgül" stansiyasında nəqliyyat mübadilə mərkəzi nə vaxt qurula bilər?

Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının mövcud yolu üzərində dayanacaqların sayını artırmaqla sıxlığı azaltmaq, əlçatanlığı artırmaq olar.

Day.Az xəbər verir ki, Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sərnişin axınlarının çox olduğu yerdə nəqliyyat mübadilə mərkəzlərinin olması yaxşı haldır. Buna "Koroğlu" metrosu ətrafını göstərmək olar ki, sərnişinlər bütün daşıma növlərindən rahatlıqla istifadə edə bilirlər.

Ekspert bildirib ki, metronun "Dərnəgül" stansiyası ətrafında qatar stansiyasının da inşası, şəhər ətrafı qatarların sərnişinlər üçün əlçatanlığını xeyli artıra bilər. Onun sözlərinə görə, şəhərətrafı sürət qatarlarının mövcud yolu üzərində bir neçə yerdə belə yeni dayanacaqlar yaradıla bilər.

Ekspert onu da əlavə edib ki, stansiyaların yerləşəcəyi yerləri təyin etmək üçün mütləq təhlillər aparılmalıdır.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində görülmüş işlərlə bağlı keçirilən brifinqdə "28 May" metrostansiyası ətrafında yaradılmış multimodal nəqliyyat mübadilə mərkəzinin oxşarının "Dərnəgül" stansiyasında qurula biləcəyini açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.