Azərbaycan və Özbəkistan media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi üçün intensiv qaydada işlər görülüb

Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında effektiv əməkdaşlıq əlaqələri qurulmuş, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində vacib nəticələr əldə olunmuş, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülmüşdür.

Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.

O bildirib ki, 2022-ci il 20 iyun tarixində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistanın müvafiq dövlət qurumu arasında Anlaşma Memorandumunun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul vermişdir:

"2023-cü il 22 avqust tarixində Özbəkistan Respublikası Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair "Yol Xəritəsi" imzalanmışdır.

"Yol Xəritəsi"nin icrası məqsədilə görülmüş işlərin miqyasına diqqət yetirdikdə deyə bilərik ki, hər iki ölkənin media ictimaiyyəti bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün ciddi səylər göstərmişdir. Həyata keçirilmiş layihələr yalnız jurnalist peşəkarlığının artırılması ilə məhdudlaşmamış, əlaqədar dövlət orqanlarının kommunikasiyaya məsul təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşması, treninq və seminarların, mediaturların təşkili, jurnalistika təhsili istiqamətində fikir mübadiləsinin həyata keçirilməsini əhatə etmişdir. Eyni zamanda, ölkələrimizdə cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi vacib strategiyanın həyata keçirilməsi məqsədilə əməkdaşlıq modeli qurulmuşdur".