Qlobal iqlim gündəminin iki üzü: Parıltılı COP29 və xaotik COP30
Müəllif: Fərid Zöhrabov
Mənbə: Trend
Qlobal iqlim proseslərinin kritik mərhələsində ardıcıl keçirilən COP sammitləri bəşəriyyətin gələcəyini müəyyən edən ən mühüm diplomatik platformalardan biridir. Lakin COP29 və COP30 arasında yaranmış ciddi fərqlər iqlim diplomatiyasının hansı istiqamətə doğru getdiyini, beynəlxalq etimadın hansı dinamikada dəyişdiyini və proseslərin effektivliyinin nə dərəcədə həssas olduğunu açıq şəkildə göstərir. Bu iki tədbirin müqayisəsi, xüsusilə də Bakı COP29-un böyük uğurları fonunda Beləmdə keçirilən COP30-un çətinlikləri, qlobal iqlim idarəçiliyində mövcud çatışmazlıqları daha dərindən anlamağa imkan verir.

Bakı COP29-un beynəlxalq aləmdə "uğur simvolu" kimi qiymətləndirilməsinin əsas səbəbi onun təşkilati, diplomatik və nəticə yönümlü modeli oldu. On il ərzində gözlənilən bir sıra kritik məsələlərin məhz Bakıda razılaşdırılması qlobal iqlim gündəminə yeni dinamizm verdi. Paris Sazişinin 6-cı maddəsinin tam razılaşdırılması, yüksək inteqrasiya olunmuş qlobal karbon bazarlarının əməliyyatlaşdırılması, itki və zərər mexanizmlərinin institutlaşması və yaşıl iqtisadiyyat üçün rekord məbləğdə maliyyə hədəfinin müəyyənləşdirilməsi - bunlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə bəşəriyyət üçün dönüş nöqtəsi hesab olunur.
Bundan əlavə, COP29-un təhlükəsizlik, logistika və diplomatik inklüzivlik baxımından sorunsuz şəkildə təşkili beynəlxalq etimadı daha da gücləndirdi. Dünyanın müxtəlif ölkələrində keçirilmiş əvvəlki COP-larda etiraz aksiyaları, təhlükəsizlik problemləri, xaotik logistika hadisələri müşahidə olunduğu halda, Bakı sammiti heç bir ciddi anlaşılmazlıq olmadan başa çatdı. Bu, Azərbaycanın qlobal tədbirlər üçün etibarlı ev sahibi olduğunu bir daha sübut etdi.
Bu il Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbiri isə problərlə yadda qaldı.

Təşkilatçılıq sahəsində üzə çıxan ciddi nöqsanlar, yüksək otel qiymətləri, infrastruktura dair çatışmazlıqlar və yanğınla bağlı təhlükəsizlik insidenti sammitin iş ritmini əhəmiyyətli dərəcədə ləngitdi. Xüsusilə maliyyə danışıqlarının dondurulması COP29-da müəyyən edilən illik ən azı 300 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin reallaşdırılmasında irəliləyiş əldə olunmaması COP30-a ən böyük zərbələrdən biri oldu.
Digər tərəfdən, bir çox ölkənin yeni milli iqlim öhdəliklərini təqdim etməməsi həm diplomatik kompromis imkanlarını daraltdı, həm də danışıqları qeyri-müəyyənlik içində saxladı. Bu, COP30-un yalnız təşkilati deyil, həm də siyasi koordinasiya baxımından problemlərlə üzləşdiyini göstərir.
Bu fərqin bir neçə əsas səbəbi var. Bakı logistika, təhlükəsizlik və infrastruktur etibarlılığı ilə nümunə göstərdi, Beləm isə təməl təşkilati məsələlərlə belə çətinlik yaşadı. Azərbaycan uzun müddətli diplomatik işin nəticəsində mürəkkəb məsələləri razılaşdırmağa nail oldu. Braziliya isə konsensus reallığı yaratmaqda əhəmiyyətli boşluqlar göstərdi. COP29 maliyyə təminatının konkretləşdirildiyi, COP30 isə bu təminatın "hansı mexanizmlərlə həyata keçiriləcəyi" sualı ilə çıxılmaz vəziyyətə düşən tədbir oldu. COP29 ölkələri yeni addımlara motivasiya etdi, COP30 isə bu motivasiyanın davamlılığını təmin edə bilmədi.
COP29 ölkələr arasında etimadı gücləndirmişdisə, COP30 bu etimadın qorunmasının nə qədər çətin olduğunu göstərdi. Bu, həm də onu sübut edir ki, iqlim diplomatiyası yalnız qərarların miqdarı ilə deyil, həm də onların icrası üçün yaradılan şəraitlə ölçülür. COP30-un yaşadığı sınaqlar göstərir ki, COP29-da qurulan möhkəm baza real mexanizmlərlə möhkəmləndirilməzsə, əldə olunan uğurların davamlılığı riskə düşə bilər.
COP29 qlobal iqlim münasibətlərində zirvə nöqtəsi kimi tarixə düşdü. COP30 isə ardıcıl logistika, maliyyə və koordinasiya problemləri fonunda beynəlxalq ictimaiyyətdə suallar doğurur. Bu iki tədbir arasındakı kəskin fərq bir daha göstərir ki, uğurlu iqlim diplomatiyası yalnız siyasi iradə və ambisiyalarla deyil, həm də peşəkar təşkilatçılıq, inklüzivlik və vahid koordinasiya mühitinin qurulması ilə mümkün olur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре