AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə dialoqlar davam edir

Son bir il ərzində AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşanıb.

Day.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, buna baxmayaraq ölkələrimiz arasında qarşılıqlı dialoq və təmaslar davam edib:

"9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının liderlərin görüşündə Rusiya tərəfinin təyyarənin vurulmasına dair etiraflardan sonra münasibətlər müsbət istiqamətdə irəliləyib".

Onun sözlərinə görə, bundan başqa, AZAL təyyarəsi ilə bağlı Rusiya istintaq komitəsi tərəfindən cinayət işinə xitam verilməsi çox ciddi suallar doğurur.

"Rusiya istintaq komitəsi tərəfindən Azərbaycana AZAL-ın təyyarə qəzasının istintaqı ilə bağlı məktub göndərilib. Məktubda bizim üçün çox ciddi təəccüb doğuran məqamlar vardı. Əsas məsələ o idi ki, məktubda artıq cinayət işinə xitam verildiyi qeyd olunurdu. Şübhəsiz, belə bir addım bizdə çox ciddi suallar doğurur. Və sözügedən məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib.

Azərbaycanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı gözləntisi Rusiya tərəfinin öhdəliklərini icra etməsidir. Dünən təyyarə faciəsinin ildönümü idi. Faciədə həlak olanların ailələrinə başsağlığı verirəm. Təyyarənin vurulması faktı bir müddət sonra Rusiya tərəfindən etiraf edildi və kompensasiyanın ödəniləcəyi bildirildi. Bu çox vacib açıqlama idi. Bizim gözləntimiz də bu prosesin tam icrasıdır",- C. Bayramov əlavə edib.