Mərkəzi Bankın pul siyasəti və inflyasiyaya dair 2026-cı il üzrə hədəfləri açıqlanıb - MÜSAHİBƏ
Uçot dәrәcәsi pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi - AZIR vasitәsilә digər faizlәrә tәsir göstәrmәyə başlayıb.
Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev deyib.
O, müsahibəsində uçot dərəcəsinin AZİR vasitəsilə bazar faizlərinə ötürülməsinin gücləndirilməsi, inflyasiyanın hədəf diapazonunda saxlanılması, məzənnə sabitliyinin qorunması və bank sistemində likvidliyin çevik idarə olunması üzrə Mərkəzi Bankın 2026-cı il prioritetlərindən danışıb.
Direktor müavini, əvvəlcə ötən ilin sonlarında uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi - AZIR arasında fərqin minimuma endiyini xatırladıb. Eyni zamanda vurğulayıb ki, uçot dərəcəsinin maliyyə sektorunda faizlərə təsirini gücləndirmək məqsədilə mövcud əməliyyat çərçivəsinin 2026-cı ildə də təkmilləşdirilməsi davam etdiriləcək: "2025-ci ildə banklararası bazarda 1 günlük təminatsız əqdlər üzrə formalaşan AZIR uçot dərəcəsinə yaxın idarə olunmuşdur. Bu, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, açıq bazar əməliyyatlarının və xüsusilə 7 günlük depozit alətinin fəal istifadəsi ilə bağlıdır. Faktiki rəqəmlər bu nəticəni təsdiq edir. Belə ki, bu dövrdə uçot dərəcəsi ilə AZIR arasındakı standart kənarlaşma həddi 0.28 faiz bəndi olmuşdur. Son 3 ayda isə bu göstərici 7 dəfə azalaraq 0.04 faiz bəndi təşkil etmişdir. Digər mühüm bir məqamı xüsusi qeyd etmək istərdim. Bu dövr ərzində uçot dәrәcәsi AZIR vasitәsilә digər faizlәrә tәsir göstәrmәyə başlayıb. Məlum olduğu kimi, 2025-ci ilin iyul ayında uçot dәrәcәsi 25 baza punktu azaldıldı. Bu, qiymәtli kağızların gәlirliliyə təsir göstərməklə yanaşı, yeni depozit vә kredit faizlәrinin azalmasına gətirib çıxartdı.
Uçot dərəcəsinin maliyyə sektorundakı faizlərə təsirinin gücləndirilməsi üzrə 2026-cı ildə də mövcud əməliyyat çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcək. Eyni zamanda bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla AZIR-in uçot dərəcəsinə yaxın idarə olunması üçün arsenaldakı bütün alətlərdən adekvat istifadə ediləcək".
Məlum olduğu kimi Mərkəzi Bank 2026-cı il üzrə inflyasiyanı 4±2% hədəf diapazonunda saxlamağı planlaşdırır, lakin oktyabr 2025 proqnozlarında illik inflyasiya 5.7% göstərilir. Müsahib xarici risklərin payının artdığı bir şəraitdə bu hədəfin qorunması üçün ön planda olacaq pul siyasəti alətlərindən də bəhs edib.
"İnflyasiyanın hәdәf daxilindә idarә edilmәsi uzunmüddətli dayanıqlı iqtisadi artımın mühüm şәrtlәrindәn biridir. Mәrkәzi Bank 2026-cı ildә dә pul siyasәtinә dair qәrarlar verәrkәn əsasən inflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici amillәri, habelә risklәri hәrtәrәfli qiymәtlәndirәcәkdir. Hesab edirik ki, baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalı yüksəkdir və inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Ümumiyyətlə, Mәrkәzi Bank inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyir. Bu təcrübəyə əsaslanaraq AMB 2026-cı ildə də makroiqtisadi proqnozların baza ssenari ilә yanaşı alternativ ssenarilәri üzrə verəcəkdir. Bu da inflyasiya risklәrinin qiymətləndirməyə və onların reallaşdığı tәqdirdә çevik siyasәt reaksiya verməyə imkan verir. Mərkəzi Bank pul siyasətinin hədəfinə nail olmaq üçün sərəncamındakı alətlərdən çevik istifadə edəcəkdir", - deyə E. Güləliyev qeyd edib.
AMB rəsmisi eyni zamanda qlobal ticarət qeyri-müəyyənlikləri və idxal inflyasiyası riskləri fonunda Mərkəzi Bankın məzənnə sabitliyini qorumaq üçün üstünlük verəcəyi mexanizmlərini, həmçinin valyuta bazarına mümkün müdaxilələrin olub-olmayacağı ehtimalını qiymətləndirib: "İlk olaraq qeyd edək ki, 2025-ci ildə valyuta bazarında sabitlik hökm sürmüş, nağd vә nağdsız seqmentlәr üzrә ümumilikdә tәklif tәlәbi üstәlәmişdir. Bu şәraitdә Mәrkәzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksәlmişdir.
Proqnozlara görә 2026-cı ildә tәdiyә balansının cari әmәliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dәstәklәyәcәkdir. Baza ssenari üzrә proqnozlara görә 2026-cı ildә cari әmәliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları sәviyyәsindә olmaqla ÜDM-in 3.7%-i sәviyyәsindә gözlәnilir.
Məlum olduğu kimi Mərkəzi Bank fiskal məqsədlər üçün Dövlət Neft Fondunun valyuta vəsaitlərinin satılması üçün hərraclar keçirir. Eyni zamanda valyuta bazarında tələb-təklif nisbətinin müvəqqəti dəyişdiyi halda Mərkəzi Bank müdaxilə etmək hüququnu özündə saxlayır. Mərkəzi Bank əvvəlki dövrlərdə olduğu kimi hər hansı müdaxilə məqsədilə əməliyyat keçirərsə, bu barədə geniş ictimaiyyəti məlumatlandıracaq".
Açıq bazar əməliyyatları və digər alətlər vasitəsilə bank sistemində likvidliyin çevik idarə olunması Mərkəzi Bankın pul siyasətinin mühüm elementlərindən biri kimi qeyd edilir. E. Güləliyev mövcud qlobal maliyyə şəraitində likvidlik mövqeyinin qiymətləndirilməsi zamanı prioritet təşkil edən əsas göstəriciləri və bu çərçivədə atılan addımların inflyasiya və maliyyə sabitliyinə töhfəsini dəyərləndirib. O vurğulayıb ki, Mərkəzi Bank pul siyasəti alətlərini pul bazarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edir: "Məlum olduğu kimi, bankların likvidlik mövqeyinə avtonom (AMB-dən asıl olmayan) və qeyri-avtonom (AMB-dən asılı) amillər təsir göstərir. Avtonom amillərə əsasən hökumət hesablarının dəyişimi aiddir.
Mərkəzi Bankın alət arsenalında likvidliyin sterilizasiyası və likvidliyin verilməsi alətləri mövcuddur.
- Sterilizasiya yönümlü alətlərə gecəlik daimi imkan depozit, AMB notları və 7 günlük açıq bazar depozit əməliyyatları aiddir.
- Likvidliyin verilməsi yönümlü alətlərə isə gecəlik daimi imkan əks-repo və 7 günlük açıq bazar əks-repo əməliyyatları daxildir.
- Bu alətlərdən istifadə etməklə banklararası bazarda qısamüddətli faizlərin, xüsusilə də AZİR-in Mərkəzi Bankın faiz dəhlizinin dəyişiminə adekvat reaksiya verməsini təmin etməkdir.
Hazırda bank sektorunda qısamüddətli izafi likvidlik mövcuddur. Bu likvidliyin sterilizasiyası üçün açıq bazar əməliyyatı kimi əsasən 7 günlük depozit əməliyyatından istifadə edilir.
Mərkəzi Bank pul siyasətinin transmissiyasında faiz kanalının aktivləşməsini diqqətdə saxlayır. Növbəti dövrdə də bu sahədə görülən işlərə xüsusi önəm veriləcək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре