Azərbaycanda səkkiz vəkilin fəaliyyətinə xitam verildi - SƏBƏB
Yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) məlumat yayıb.
Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən VK-nın 8 üzvü - Nəriman Əli oğlu Alməmmədov, Aytəkin Güləli qızı Əliyeva, İbrahim Mehman oğlu Qazıbəyov, Ülkər Taleh qızı Maxsudova, Asim Vilayət oğlu Mirzəzadə, Cavidan Mustafa oğlu Mustafayev, Günel Adil qızı Səfərli, Cavid Loğman oğlu Süleymanovun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və vəkil kabinetinin ləğv edilməsi ilə barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре