Marketlərdə qiymət fərqləri - istehlakçı hüquqları pozulurmu? - RƏSMİ AÇIQLAMA
Son vaxtlar sosial şəbəkələrdə marketlər arasında qiymət fərqi ilə bağlı tez-tez paylaşımlar edilir. İstehlakçıların iddiasına görə, məsələn, bir marketdə kərə yağı 30 manata, digərində isə eyni markalı yağ 35 manata satılır.
Bu hal digər bəzi ərzaq məhsullarında da müşahidə olunur.
Maraqlıdır, marketlər arasındakı qiymət fərqi istehlakçı hüquqlarını pozur?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Day.Az-a açıqlamasında bildirib ki, azad bazar iqtisadiyyatı şəraitində qiymətlərin liberal olması dövlət tərəfindən tənzimlənməyən mal və xidmətlərin istənilən yerdə, istənilən qiymətə satılmasına imkan yaradır.
"Bu məsələ ilə bağlı ona tez-tez müraciətlər daxil olur. Eyni məhsul müxtəlif ərazilərdə, fərqli marketlərdə fərqli qiymətlərlə təklif oluna bilər. Xüsusilə də eyni çörəyin müxtəlif yerlərdə fərqli qiymətə satılması istehlakçıları narahat edir. Malgöndərənlər adətən qiymətləri sabit saxlayır, lakin marketlər tələbin yüksək olduğunu gördükdə qiymətləri artıra bilirlər. Bu isə qanun pozuntusu hesab olunmur."
Eyyub Hüseynov qeyd edib ki, bəzi mallar var ki, onların qiymətləri dövlət tərəfindən tənzimlənir.
"Xüsusilə dərman vasitələri buna misaldır. Hazırda üç mindən artıq dərmanın qiyməti dövlət tərəfindən müəyyən edilir və bu dərmanlar tənzimlənmiş qiymətdən yuxarı satıla bilməz. Əks halda bu, qanun pozuntusu sayılır."
AİB sədri əlavə edib ki, bəzi apteklərdə dövlət tərəfindən tənzimlənən dərmanlar hətta daha ucuz qiymətə də təklif olunur.
"Bu, əsasən aptek şəbəkələrinin özlərinə məxsus məkanlarda fəaliyyət göstərməsi və rəqabət mühitində üstünlük qazanmaq istəyi ilə bağlıdır. Dövlət yalnız yuxarı həddi tənzimləyir və bu da istehlakçıların xeyrinədir."

Eyyub Hüseynov vurğulayıb ki, dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsullarda qiymət fərqləri istehlakçıları təəccübləndirməməlidir.
"Bir sıra ölkələrdə benzinin və valyuta məzənnələrinin də dövlət tərəfindən tənzimlənmədiyini xatırladan ekspert bildirib ki, azad bazar iqtisadiyyatında bu cür qiymət fərqləri normal haldır və qanuna zidd deyil."
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib.
"Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur."
Qeyd edilib ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əsassız qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür.
İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре