Türkiyədə servis haqqı ləğv edildi

İctimai iaşə obyektlərində hesabın formalaşması uzun müddətdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə də Türkiyədə bu sahədə qəbul edilən son qərar qiymət siyasətinə yanaşmanı yenidən gündəmə gətirib.

Day.Az xəbər verir ki, Türkiyədə qəbul edilən qərara əsasən, restoran, kafe və digər qida-içki məkanlarında menyuda göstərilən qiymət yekun hesab hesab olunur. Bu çərçivədə müştərilərdən müxtəlif adlar altında əlavə ödənişlərin alınması ləğv edilib.

Türkiyədə ləğv edilən ödənişlər

Yeni qərara əsasən, Türkiyədə ictimai iaşə obyektlərində aşağıdakı ödənişlərin ayrıca hesablanması tətbiqdən çıxarılıb:

  • Xidmət haqqı (servis haqqı)
  • Masa pulu
  • Süfrə haqqı
  • Örtük (örtü, masa örtüyü) haqqı

Bu xərclərin hamısı menyuda göstərilən qiymətə daxil hesab olunur və müştəridən əlavə olaraq tələb edilmir. Məqsəd qiymətlərin daha aydın göstərilməsi və müştərinin hesabla bağlı gözlənilməz vəziyyətlə üzləşməməsidir.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda isə bu sahədə Türkiyədəki kimi vahid və konkret bir yanaşma mövcud deyil. Praktikada fərqli ödəniş formalarına rast gəlinir.

Xidmət haqqı (servis haqqı)
Azərbaycanda real olaraq mövcud olan əsas əlavə ödənişdir. Bəzi restoranlarda hesabın üzərinə faizlə əlavə olunur. Lakin bu, bütün iaşə obyektlərində tətbiq edilmir və hər müəssisənin öz qaydalarına əsaslanır.

Masa pulu
Azərbaycanda "masa pulu" anlayışı geniş yayılmayıb. Restoranlarda bu ad altında ayrıca ödəniş tələb edilməsi praktiki olaraq müşahidə olunmur.

Süfrə və ya örtük haqqı
Bu cür ödənişlər Azərbaycanda faktiki olaraq mövcud deyil. Süfrə, masa örtüyü, qab-qacaq kimi xərclər yeməklərin qiymətinə daxil edilir və ayrıca hesablanmır.

Bəxşiş (çay pulu)
Bu isə tamamilə könüllüdür. Müştərinin ofisianta öz istəyi ilə verdiyi ödənişdir və məcburi xarakter daşımır.

Hazırda ölkə qanunvericiliyində "servis haqqı"nı birbaşa və konkret şəkildə tənzimləyən ayrıca norma yoxdur. Müvafiq ekspert və sahibkar təşkilatlarının açıqlamalarına görə bu məsələ qanunlarda açıq-aydın müəyyən edilməyib və hüquqi boşluq mövcuddur. 

Mütəxəssislər hesab edirlər ki, Türkiyədə olduğu kimi, menyuda göstərilən qiymətin yekun hesab sayılması istehlakçı məmnuniyyətini artırır və mübahisəli halların qarşısını alır. Azərbaycanda isə bu sahədə konkret və aydın tənzimləmənin olmaması bəzən narazılıqlara səbəb olur.

Elvin Səxavətoğlu
Day.Az