Bakının yaşamaq üçün ən rahat əraziləri

Ötən il ərzində Bakının bütün rayonlarında torpaq sahələrinin dəyərində artım müşahidə edilib. Lakin bu artım hər rayonda eyni templə baş verməyib və bəzi ərazilər qiymət yüksəlişi baxımından digərlərindən kəskin şəkildə fərqlənib. Məlumatlara görə, ən yüksək bahalaşma Səbail və Yasamal rayonlarında qeydə alınıb.

Paytaxtın ən bahalı ərazilərindən sayılan Səbail rayonunda torpaq sahələrinin qiyməti xüsusilə yüksəkdir.

- Səbail rayonu, Fəvvarələr meydanı və ətrafı - 1 sot (100 kvadratmetr) torpaq sahəsinin qiyməti təxminən 1 milyon 150 min manat təşkil edir.

- Səbail rayonu, Zərifə Əliyeva küçəsi - 1 sot torpaq sahəsi 1 milyon 350 min manata təklif olunur.

- Səbail rayonu, Neftçilər prospekti və Xətai rayonu, Yeni Bulvar ərazisi - torpaq sahələrinin qiyməti     600-650 min manat aralığında dəyişir.

- Nərimanov rayonu, Məmməd Araz küçəsi - 1 sot torpaq sahəsi 400-450 min manat civarındadır.

- Xətai rayonu, Yusif Səfərov küçəsi - torpaq sahələrinin qiyməti 500-550 min manat təşkil edir.

- Nərimanov rayonu, Atatürk prospekti və Yasamal rayonu, Hüseyn Cavid prospekti - 1 sot torpaq   sahəsinin dəyəri 400-450 min manat səviyyəsindədir.

- Xətai rayonu, Ağ Şəhər ərazisi - 1 sot torpaq sahəsi 500-550 min manat aralığında satılır.

Qiymətlər əl yadırsa da, qeyd edilən ərazilərin hər birinin özünəməxsus problemləri var.

Məsələn, ən ciddi problem tıxacdır. Bakının mərkəzində, baha qiymətə mənzil alan hər hansı bir şəxs saatlarla tıxacda qala bilər.

Bəs, Bakıda yaşamaq üçün ən rahat ərazilər hansılardır?

Day.Az bu mövzuda araşdırma edib.

Bakı şəhərində yaşamaq üçün ən yaxşı yerlər əsasən insanın büdcəsindən və həyat tərzindən asılıdır. Şəhərdə rahat və təhlükəsiz yaşam üçün infrastruktur baxımından yaxşı inkişaf etmiş bir sıra ərazilər mövcuddur. Nəsimi rayonu, xüsusilə Tibb Universiteti və 28 May ətrafı mərkəzə yaxınlığı, parkları, məktəbləri və tibb müəssisələri ilə ailələr üçün əlverişli sayılır. Yasamal rayonu, Elmlər Akademiyası və İnşaatçılar ərazisi gənclər və gənc ailələr üçün münasib seçimdir. Nərimanov rayonu isə mərkəzə yaxınlığı və balanslı yaşayış şəraiti ilə seçilir.

Dənizə yaxın və daha prestijli ərazilər arasında Səbail rayonu, o cümlədən İçərişəhər, Bayıl və Bulvar ətrafı xüsusi yer tutur. Bu ərazilər həm mərkəzi mövqeyi, həm də şəhərin tarixi və mədəni mühiti ilə fərqlənir. Ağ Şəhər müasir planlaşdırması, yeni tikililəri və yüksək komfort səviyyəsi ilə diqqət çəkir, lakin qiymətlər nisbətən yüksəkdir. Xətai rayonunun Ağ Şəhərə yaxın hissələri də müasir yaşayış kompleksləri ilə seçilir.

Aktiv həyat tərzinə üstünlük verənlər üçün 28 May-Sahil zonası və Gənclik metrosu ətrafı əlverişli hesab olunur. Bu ərazilərdə kafe və restoranlar, ticarət mərkəzləri, iş və əyləncə imkanları genişdir, lakin səs-küy və hərəkətlilik daha çoxdur.

Daha münasib qiymətlərlə yaşamaq istəyənlər üçün Yeni Yasamal, 9-cu mikrorayon və Əhmədli metrosuna yaxın ərazilər uyğun seçim ola bilər. Bu ərazilərdə infrastruktur formalaşıb, məktəblər, marketlər və ictimai nəqliyyat imkanları mövcuddur. Bununla yanaşı, köhnə Binəqədi, Sabunçu rayonunun bəzi hissələri və metrodan uzaq qəsəbələrdə yaşayış şəraiti konkret bina və məhəllədən asılı olaraq dəyişir.

Ümumilikdə, Bakıda yaşamaq üçün ən yaxşı ərazi şəxsi tələblərə, büdcəyə və gündəlik ehtiyaclara uyğun olaraq seçilməlidir.

Elvin Səxavətoğlu
Day.Az