İran və Oman Hörmüz boğazı haqda danışıqlarda irəliləyişlər əldə ediblər - Bəqai
İran və Oman arasında Hörmüz boğazı ilə əlaqədar danışıqlar faydalı olub və irəliləyişlər əldə olunub.
Day.Az Trend-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.
"24 və 25 iyul tarixlərində Tehranda İran və Oman xarici işlər nazirlərinin müavinləri səviyyəsində bir neçə tur danışıqlar baş tutub. Tərəflər iki sahilyanı dövlətin hakimiyyət hüququna riayət etməklə Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinin idarə olunması istiqamətində əməliyyat mexanizmləri və birgə prinsiplər haqda fikir mübadiləsi aparıblar", -deyə o bildirib.
Bəqai deyib ki, Omanın nümayəndə heyəti ötən gün Tehranı tərk edib və iki tərəf arasında texniki və siyasi məsləhətləşmələr davam edir.
Nazirlik rəsmisi əlavə edib ki, Hörmüz boğazının hazırkı vəziyyəti və gəmilərin keçidi ilə bağlı hər hansı dəyişiklik yaranmayıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре