Valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib – Mərkəzi Bank
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
"2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25.8%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 32.9% artaraq 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74.1% artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı var", - məlumatda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре