“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - FOTO
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ikinci ildir ki, festival çərçivəsində "Sənət inciləri" adlı mühazirə-konsertlər təşkil olunur.
Sentyabrın 22-də layihə üzrə ADA Universitetində müharizə-konsert keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan tədbirdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, təhsil ocağının müəllim və tələbələri, eləcə də qonaqları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin Üzeyir Hacıbəyli festivalı çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, dahi bəstəkarla bağlı layihənin bu təhsil ocağında reallaşmasından məmnunluğunu bildirib, təşkilatçılara təşəkkür edib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bu il 18-ci dəfə təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının müasir mədəniyyət salnaməmizin əhəmiyyətli hadisələrindən olduğunu, Üzeyir bəy fenomeninin təbliği və tanıdılmasına xidmət etdiyini bildirib. Cahangir Səlimxanov Üzeyir bəyin istedadı, bacarıq və fədakarlığı ilə hər zaman gənclər üçün əsl nümunə olduğunu diqqətə çatdırıb.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov qeyd edib ki, layihə dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinin, onun sənət incilərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırılmasına töhfə vermək məqsədi daşıyır. Direktor yaradılan şəraitə görə ADA Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra tədbir MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib.
Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın Üzeyir Hacıbəylinin
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə həsr olunan mühazirəsi dinlənilib.
Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Prezident mükafatçısı Təranə Yusifova), ADA Universitetinin tələbələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Detaşe - SABAH" violinoçular ansamblı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəyli yaradıcılığından musiqi və rəqs nümunələri təqdim olunub.
Proqramda görkəmli bəstəkar Müslüm Maqomayevin "Nərgiz" operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsasında yazdığı "Parafraz" kompozisiyası da səsləndirilib.
İfa olunan bütün musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Sənət inciləri" layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре