Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqlayıb
Azərbaycanın iqtisadi inkişafında və böhranların idarə edilməsində liderlik və islahatlar, maliyyə buferləri, məqsədyönlü inkişaf və tərəfdaşlıqlar mühüm rol oynayır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu cümə günü iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, böhranlarla üzləşdikdə əvvəl görülmüş işləri nəzərə almaqla yanaşı, gələcək gözləntilər də diqqətdə saxlanılmalıdır.
"Prezident İlham Əliyevin baxışı və liderliyi sayəsində iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan kənar dövlət gəlirlərinin artırılması, dövlət qulluğu və kompensasiya sisteminin islahatı, makroiqtisadi və fiskal sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb", - deyə M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın qarşılaşdığı xarici təsirlərin idarə edilməsində ölkənin formalaşdırdığı maliyyə buferləri də mühüm rol oynayıb.
"Azərbaycan təkcə 2016-cı ildə deyil, 2022-ci ildə də regiondakı qarşılıqlı əlaqələrdən qaynaqlanan təsirlərlə üzləşib. Lakin mövcud maliyyə buferləri ölkəyə inkişaf kursunu qoruyub saxlamağa imkan verib", - nazir vurğulayıb.
M.Cabbarov qeyd edib ki, enerji qiymətlərinin rekord səviyyələrə çatdığı dövrdə Azərbaycan daha ehtiyatlı fiskal siyasət yürüdüb və Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin payını 4,5 faizdən çox azaldıb.
Nazir bildirib ki, Azərbaycanın inkişaf gündəliyində rəqəmsallaşma, rəqəmsal inkişaf və insan kapitalının gücləndirilməsi xüsusi yer tutur.
"Biz süni intellektin yaratdığı iş yerlərinin əvəzlənməsi çağırışına cavab verməliyik. Texnologiyanı yaradan tərəf olmasaq belə, ondan fəal istifadə edən, yəni "AI taker" olan ölkəyə çevrilməyi hədəfləyirik", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin ölkənin təbii üstünlüklərindən - coğrafi mövqeyindən, enerji potensialından və nəqliyyat əlaqələrindən - istifadə etməklə sənayeləşməyə və qeyri-neft ixracının artırılmasına diqqət yetirir.
M.Cabbarov Azərbaycanın regional və beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsinin də iqtisadi inkişaf baxımından əhəmiyyətli olduğunu bildirib.
"Biz xüsusilə Mərkəzi Asiya və Körfəz ölkələri ilə ticarət və investisiya əlaqələrimizi genişləndiririk. Dövlət və özəl şirkətlərimiz yalnız kapital deyil, həm də ikitərəfli bilik və təcrübə mübadiləsi, yəni 'know-how' ixracatçısı kimi çıxış edirlər", - nazir deyib.
O vurğulayıb ki, qarşılıqlı etimada əsaslanan investisiya müqavilələri uzunmüddətli iqtisadi tərəfdaşlığın formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре