Bu şəxslərə avtomobili idarə etmək üçün vermək olmaz - Əks halda CƏRİMƏLƏNƏCƏKSİNİZ
Avtomobil sahibi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə sükan arxasına keçməyə icazə verə bilməz.
İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, sürücülük hüququ olmayan şəxsə avtomobil verən fiziki şəxs 60 manat, vəzifəli şəxs 200 manat, hüquqi şəxs isə 2000 manat məbləğində cərimə edilir. Bu hal bir il ərzində təkrar törədilərsə, cərimənin məbləği artır. Eyni zamanda, belə şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində zərər vurularsa, avtomobili ona verən şəxsin də məsuliyyəti daha da ağırlaşır. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə olunması üçün sürücülük hüququ olmayan şəxsə verilməsi isə daha ciddi məsuliyyət yaradır.
Avtomobilin sərxoş şəxsə verilməsi də qanunla qadağandır. İnzibati Xətalar Məcəlləsinin 336-cı maddəsinə görə, avtomobil sahibi həmin şəxsin sərxoş olduğunu bilə-bilə nəqliyyat vasitəsini idarə etməsi üçün ona verərsə, fiziki şəxs 100 manat, vəzifəli şəxs 300 manat, hüquqi şəxs isə 3000 manat cərimə edilə bilər. Sərxoş şəxsin iştirakı ilə törədilən pozuntunun nəticəsində fiziki və ya maddi zərər yaranarsa, cərimələr daha da artır. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərxoş şəxsə sərnişin daşımaq üçün verilməsi də ayrıca məsuliyyət yaradır.
Ən ağır hallardan biri isə avtomobilin həm sürücülük hüququ olmayan, həm də sərxoş vəziyyətdə olan şəxsə verilməsidir. Məcəllənin 337-ci maddəsinə əsasən, avtomobil sahibinin həmin şəxsin həm sürücülük hüququnun olmadığını, həm də sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsini ona verməsi fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün isə 4 000 manat cərimə ilə nəticələnə bilər. Bu pozuntu təkrar törədildikdə və ya nəticəsində zərər dəydikdə məsuliyyət daha da ağırlaşır. Buna görə avtomobil sahibi sükanı sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə olan və ya hər iki halın mövcud olduğu şəxsə verməməlidir.
Xüsusilə qeyd etmək lazımdır ki, şəxsin avtomobili idarə etmək hüququnun və onun sərxoş vəziyyətdə olub-olmadığını nəzərə almadan nəqliyyat vasitəsini təqdim etmək avtomobil sahibinin də inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре