Azərbaycandan Ermənistana ixracın dəyəri açıqlanıb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23,699 milyon dollar dəyərində məhsul ixrac olunub.
Bu barədə Day.Az Dövlət Gömrük Komitəsinə istinadla məlumat verir.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
2025-ci il dekabrın 18-də Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana Aİ-95 markalı 1 220 ton avtomobil yanacağı göndərib.
"Moody's" Beynəlxalq reytinq agentliyinin qiymətləndirmələrinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Qafqaz regionunda ticarətin inkişafına təkan verəcək.
"Ən əhəmiyyətli müsbət geosiyasi hadisə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin davam etməsidir. Daha dayanıqlı nizamlanma regionda sabitliyə, nəqliyyat əlaqələrinin yaxşılaşmasına, eləcə də Qafqazda ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün yeni imkanların yaranmasına töhfə verəcək", - deyə reytinq agentliyinin analitikləri qeyd edirlər.
"Moody's" qeyd edir ki, Bakı və İrəvan arasında iqtisadi qarşılıqlı fəaliyyət Cənubi Qafqaz regionunda geosiyasi riskləri azaldır.
"Regionda geosiyasi dinamika daha əlverişli xarakter alıb. Azərbaycan və Ermənistan arasında iqtisadi qarşılıqlı fəaliyyətin genişlənməsi, regional nəqliyyat dəhlizləri üzrə irəliləyiş və sülh prosesinə beynəlxalq dəstəyin davam etməsi, rəsmi ratifikasiya olunmuş sülh sazişinin olmamasına baxmayaraq, regionda əlaqəliliyi tədricən yaxşılaşdırır və geosiyasi riskləri azaldır", - deyə "Moody's" ekspertləri bildirirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре