Azərbaycanlı aktyor böyük itkisindən danışdı: "Sağlığında ona "səni sevirəm" deyə bilmədim"
Day.Az представляет новость на азербайджанском языке
Aktyor Cövdət Şükürovun Milli.Az-a müsahibəsi.
- Cövdət, adınız hər zaman baş rollarda çəkildiyiniz qadın həmkarlarınızla hallanır. Bu cür hallar sizə necə təsir edir?
- İncəsənət aləmində şayiəsiz yaşamaq mümkün deyil. Ətrafımızda gözəl xanımlar çox olur, bəzən isə hər hansı şəkilimiz başqa mənaya yozulur. Biz işimizi peşəkarcasına görürük, şəxsi həyatı işə gətirmirik. "Cehizsiz gəlinlər" serialından sonra Günay Əhmədlə çox yaxın dost olduq, amma bizi sevgili kimi görmək istəyirdilər. Bu mümkün ola biləcək hal olmadığına görə hər dəfə gülüb keçirdik (gülür).
- Bu Günaylar başınıza yaman bəla olub. Belə ki, bir neçə il əvvəl Günay İbrahimli ilə çəkildiyiniz film də söz-söhbətsiz ötüşmədi.
- Mən işimi peşəkarcasına görməyə çalışıram. O ki, qaldı söz-söhbətə, bu mütləqdir. Tamaşaçı bizi sevgili rollarında görürsə, özünü inandırmağa çalışır ki, biz həyatda da sevgiliyik. Başa düşürəm ki, bu onların hissidir. Mən söz-söhbətdən uzaq duran biriyəm. Çəkilişdən çıxıb, axşam evimə gedirəm.
- Həyat yoldaşınız Günayla çəkilən açıq-saçıq səhnələri necə qəbul etdi?
- Mən bu səhnələrə çəkiləndə həyat yoldaşımın razılığını almışdım. Bu səhnələr çəkiləndə o özü də orda idi.
- Qısqanclıq deməli onu çəkiliş meydançasına kimi gətirib?
- Xeyr, bu qısqanclıq deyildi. Sadəcə olaraq film çəkilişi həyat yoldaşıma maraqlı olduğu üçün o çəkiliş meydançasına tez-tez qonaq gəlirdi.
- Ümumiyyətlə, ailənizdə qısqanclıq hansı hallarda baş verir?
- Ümumi soruşursunuzsa, insanlar bir-birlərinə inamı itirəndə qısqanmalar olur. Bizdə qısqanclıqlar olmur, yüngül narazılıq ola bilər, o da iş rejimi ilə bağlıdır. Çünki bizim işimizin nə vaxt başlayıb, nə vaxt bitəcəyi bəlli deyil.
- İlk uğurlu rolunuz hansı olub?
- Son illərdə çəkildiyim "Dəfnə ağacı" və "Cehizsiz gəlinlər" seriallarındakı rollarım mənə uğur gətirdi. Həm tanındım, həm də tamaşaçılar tərəfindən sevildim.
- Çəkiliş prosesində rejissorla problem yaşamısınız?
- Mən əsasən obrazımı özüm fikirləşməyi sevirəm. Çünki beynimdə o obrazı canlandırıram, oynayıram və baxıram ki, bu adam nə edə bilər və yaxud nə edə bilməz. Çalışdığım rejissorların əksəriyyəti mənə sərbəstlik veriblər və mən istədiyim qəhrəmanı yarada bilmişəm. "Cehizsiz gəlinlər" serialının rejissoru Rüfət Şahbazov mənə sərbəstlik versə də, çox vaxt öz istəklərini də deyirdi. Çox vaxt fikirlərimiz üst-üstə düşsə də arada fikirlərimiz ayrılırdı.
- Hisslərinizi cilovlaya bilmirsiniz?
- Xeyr, hisslərimi cilovlaya bilmirəm, çox hövsələsizəm. Haqsızlığa, hörmətsizliyə dözə bilmirəm. Bu məni özümdən tez çıxarır. Ümumiyyətlə son vaxtlar filmlərə qeyri-peşəkarların axını baş verib. Söhbət aktyorlardan yox, set işçilərindən gedir. Onlar bəzi hallarda aktyorlarla davranmağı bilmirlər. Biz gecə-gündüz ailəmizin üzünü görmürük. Çəkilişlərdə can qoymuruq ki, kimsə gəlib bizə yuxarıdan aşağı baxsın.
- Hər bir aktyor sevilmək istəyir. Sizcə sizi ən çox kimlər sevir?
- Sevilmək hər bir ictimai insan üçün böyük xoşbəxtlikdir. Düşünürəm ki, sevənlərimin içində daha çox zərif cinsin nümayəndələri üstünlük təşkil edir.
- Çəkilmək xatirinə filmə çəkilmisiniz?
- Çəkilmək xatirinə yox, ancaq pula ehtiyacım olduğu üçün çəkilmişəm. Əslində hər filmə çəkilmək məndən uzaqdır, ancaq zamanında pula görə çəkilmişəm.
- Sənətdə idealınız kim olub?
- Sənətdə idealım yoxdur, ancaq Al Paçinonun çəkildiyi "Xaç atası" filminə baxandan sonra aktyor olmaq istəmişəm.
- Bəs həyatda necə?
- Həyatda idealım atamdır, hər zaman onun kimi təmkinli, səbrli olmaq istəmişəm. Amma mənim xarakterim atamın xarakteri kimi olmadı. Çünki hövsələsiz və səbirsizəm. İndiyə kimi etdiyim səhvlər də hamısı səbrsiz və hövsələsiz olduğumdan başıma gəlib.
- Atanıza layiq oğul ola bildiniz?
- Ona layiq olduğumu bilmirəm, amma hər zaman atdığım hər addımda onu, anamı düşünmüşəm ki, onları incitməyim. Yolumu azmayım ki, onlar əzab çəkməsin. Kaş ki, atam dediyi hər şeyi edərdim, çünki o mənə həmişə doğru yol göstərib. Heç vaxt ona "ata, səni sevirəm", "sən mənim hər şeyimsən" deyə bilmədim. Qız övladı atasına sevgisini göstərə bilir, amma oğul yox. Onsuz çox darıxıram. Sən demə o hər şeyim imiş, mənim xəbərim olmayıb. Ölümündən 3 ay əvvəl çox əziyyət çəkdi. Bir oğul kimi ona kömək edə bilmədiyim üçün özümü ömrümün axırına kimi günahkar hiss edəcəyəm.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре