“PAŞA Həyat Sığorta” ASC cari ilin I rübünü uğurla başa vurub
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC 2013-cü ilin birinci rübü üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb.
Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin birinci rübünün yekunu olaraq, "PAŞA Həyat" 8,352 mln. manat sığorta haqqı ilə şirkətlər sırasında ilk üçlüyə daxil olub.
Ötən ilin yanvar-mart ayları üzrə yığımlara diqqət yetirsək görərik ki, şirkətin bu ilin birinci rübündə topladığı yığımlar qeyd olunan dövrlə müqayisədə təxminən 7 dəfə çox olub. Göstərilən dövrdə şirkətin məcmu yığımlarında icbari sığortanın payı 45%-ə, könüllü sığorta növlərinin payı isə 55%-ə çatıb. Bu isə "PAŞA Həyat"ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir.
Portfel əsasən həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqqlarından formalaşıb.
Bundan başqa, bu ilin birinci rübündə şirkət tərəfindən sığorta riskləri üzrə 0,148 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 53% çox olub. Ödənişlərdə 0,142 mln. manat istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünə, 0,006 mln. manat isə könüllü həyat sığortası növlərinin payına düşüb. Bazar üzrə məcmu ödənişlərdə şirkətin xüsusi çəkisi isə 0,6% təşkil edib.
Ümumiyyətlə, qeyd olunanlar bir daha sübut edir ki, "PAŞA Həyat" Azərbaycan sığorta bazarının düzgün strategiya həyata keçirən əsas və fəal iştirakçılarından biridir.
Qeyd edək ki, şirkətin əsas missiyası peşəkar, çevik və etibarlı xidmət göstərməklə müştərilərin maliyyə sabitliyini və arxayınçılığını təmin etməkdir.
"
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре