Bikinili Xatirə, QIZ Rəqsanə, Günayın nömrəsi, Brilliantın gəlini, Aygünün sevgisi... - HƏFTƏBECƏR

Day.Az представляет статью на азербайджанском языке:
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (39-cu say) təqdim edir.
Bu yaxınlarda həm də müğənni olan Rəqsanənin geniş açıqlamasını oxudum. Ona görə "həm də" deyirəm ki, sənətçi eyni zamanda bizneslə də məşğuldur. Nə gizlədim, müğənninin fikirləri onun barəsində olan fikirlərimi necə dəyişdisə, məcbur oldum ki, dəyişmiş fikrimi diqqətinizə çatdırım. Görün sizin bu barədə fikriniz nədir?
Sənətçi açıqlamada deyib ki, çox çətinliklər görüb. Amma indi gözəllik salonu açıb, veriliş yaradıb, xeyli insana maaş verir. İndi də restoran açmağa hazırlaşır. Restorandan sonra da klinika açacaq. Hətta planda doğum evi də var. Orada doğulan uşaqlara elə vitaminlər vurulacaq ki, "srazu" başlayacaqlar oxumağa. Zarafat edirəm, ciddiyə almayın.
Artıq sənətçi bununla bağlı həyat yoldaşına müraciət edib. Amma bir əmma var ki, sənətçi biznesə tam aludə olandan sonra kişi onun oxumağına qadağa qoya bilər.
Yeri gəlmişkən, açıqlamada ən diqqətimi çəkən hissə bu oldu:
"Həyat yoldaşım mənimlə fəxr edir. O məni çox istəyir. Deyir, sən güclü qadınsan. Həyat yoldaşım məni ən çətin günlərimdə qəbul edib. O günümdə, o vəziyyətimdə məni istəyib. Böyük ürəyi var. O məni illər əvvəl tanıyıb. Həmin vaxtlar ailəli olub. Sonra yoldaşından ayrılan ərəfədə məni məclisdə görüb. Deyib ki, bu qız mənim olmalıdır. Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq. Hər gün mənə güllər göndərir, şam yeməyinə dəvət edirdi. Sonra dedi ki, evlənək. İnsanlar müğənniləri başqa cür düşünürlər: siqaret çəkən, içki içən. Mən bunlardan uzağam. Mən həyatımda siqaret, içki nədir, qəbul etməmişəm. Yoldaşım da mənə dedi ki, necə yəni, sən də azərbaycanlı müğənnisən, bunlardan uzaqsan?"
Lap axırıncı cümlədən başlayaq. Necə yəni, müğənnisən, amma siqaret çəkmirsən? Bu fikir, məncə, sənətçilərin özlərinin müzakirə etməli olduqları məsələdir. Sonra şou nümayəndələri ağızları tüpürcəklənə-tüpürcəklənə jurnalistləri qınayırlar. Buyurun, bu da həmkarınızın sizin barənizdə olan fikridir. Keçək digər məsələlərə...
İnanıram ki, açıqlamanın bu yeri mənim kimi sizi də təsirləndirdi. İndiki zəmanədə altı ay nişanlı oğlanla qız kimi yaşamaq bilirsinizmi nə qədər çətindir? İnsanda böyük səbr, təmkin, iradə, əzm, nəzm, xarəzm, düşüncə, hal, əhval, bacarıq... olmalıdır ki, altı ay nişanlı oğlanla qız kimi yaşasın. Yaşasın ha...
Deməyin ki, niyə "Həftəbecər"də Rəqsanəyə bu qədər yer ayırırsan? Layiqdir. Belə tarixi fikirlərə yer ayırmamaq layihəmizin 39 həftəlik tarixinə qara ləkə kimi düşə bilər. Oxuyaq:
"Biz dəbdəbəli həyat yaşamağa öyrəşmişik. Çətinlik görəndə depressiyaya düşürük, özümüzə qapanırıq. Xoşlayırıq ki, bizdən danışılsın. Amma eyni zamanda sadəliyi də sevirəm. İstəyirəm, hərdən bazara girib alış-veriş edim. Restoranı ona görə açıram ki, orada yeməklər hazırlayım. Gözəl əl qabiliyyətim var. Hamımız o dünyaya gedəcəyik. Deməyəcəklər ki, bu müğənnidir, bu adi adam. Yıxılsam da, ayağa durmağı bacarıram. Çox çətinliklər gördüm. Qudurmadım. Bəzi sənət dostlarım var ki, tanınandan sonra dəyişiblər. Mən xalqımı sevən qızam. Məni toylarına aparıb pul veriblər. O pulla borclarımı qaytarıb, balalarımı böyütmüşəm. Elə həddə gəlmişdim ki, yaşamaq istəmirdim".
İndi bildiniz ki, niyə altı ay nişanlı kimi yaşayıblar? Bəs oxumadınız - mən xalqımı sevən QIZAM. Deməyəcək ki, xalqımı sevən gəlinəm. Xahiş edirəm, sözlərimə kinayə ilə yanaşmayın.
Doğrudan da Rəqsanə hələ uşaqlıqdan dəbdəbəli həyat yaşamağa öyrəşib. Eşitdiyimə görə, atası 70-ci illərdə böyük vəzifə sahibi olub, hətta Qafqaz regionunda onu hər kəs tanıyırmış. Elə sənətçinin dedikləri də buna əsaslanır. Siz Allah, bu axırıncı fikrimə neçə nəfər inandı?
O gün bir verilişə baxırdım, deyəsən, təkrar idi. Xalq artisti Brilliant Dadaşovanın fikri diqqətimi çəkdi. Deyirdi ki, gələcək gəlini Dostoyevskini tanımalı, intellektual olmalıdır. Vallah, indiki zəmanədə müğənninin Dostoyevskini tanıyan gəlin axtarması əsl sensasiyadır.
Aygün Kazımova da deyirdi ki, sevməyəndə sənətlə daha yaxşı məşğul ola bilir. Deyəsən, bu da çoxdanın söhbətiydi, amma mən ilk dəfədir baxırdım. Amma maraqlıdır ki, Kazımova tez-tez aşiq olmağının "günahını" bürcünün (Dolça) üstünə yıxıb.
Müğənni Günay İbrahimli maşınına dövlət rüsumu 1500 manat olan nömrə alıb. Kiminsə pulunu saymaq kimi çıxmasın. Bu məbləğ bir jurnalistin üç aylıq, bir müəllimin yeddi aylıq, bir həkimin beş aylıq maaşı qədərdi. Sonra deyirsiniz ki, niyə ölkənin yarısı müğənnidir? Deməli, çörək var da. Sağlığına qismət.
Müğənni İlhamə Qasımova deyib ki, həyat yoldaşı onun toylara getməsinə icazə vermir.
"Bizim ailədə problem mənim məclisə qatılmağım üstündə olur. Mən tədbirlərə qatılmıram. Pul xətrinə hara gəldi gedə bilmərəm. Mənə icazə verilmir ki, 15-20 nəfərlik bir məclisə qatılıb, onların qarşısında oxuyum. Özüm də buna etiraz edirəm".
Dostlar, xəbərim yoxdur, kimsə bilsə, şərhə yazsın, oxuyacam. İlhamə Qasımova doğrudanmı ailə qurub? Bu xəbəri də ona görə təqdim elədim.
Əməkdar artist Mehriban Xanlarova meyxanaçı Rəşad Dağlını məhkəməyə verməyə hazırlaşır. Deyəsən, Rəşad bir toy məclisində aktrisa barədə xoşagəlməz nəsə deyib. Belə getsə, Kürdəxanıdakı təcridxananın sakinləri arasında xeyli sənət nümayəndəsi olacaq.
Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru, müğənni Roza Zərgərli yay turnesinə çıxıb. Elə ilk konsertlərindən birini sözügedən teatrda verib. Mən də deyirəm, niyə teatrın direktoru Səxavət Məmmədov belə ürəklə danışır. Deməli, Roza xanım iş görür də. Rejissorun ştatında olduğu teatrda konsert verməsi bilirsinizmi necə böyük savabdır? Vaxtınız olsa, açıb dini kitabları oxuyun, biləcəksiniz.
Xatirə İslam ölkəni tərk edə bilər. Kimi idi orada "gözüm aydın" deyən? Tez şərhə adını yazsın. Deməli, son vaxtlar sənətçi sosial şəbəkədə nə paylaşırsa, hərəsinə bir əmma qoyursunuz. Bu dəfə də bikinidə şəkil paylaşıb, başlamısınız söz qayırmağa. O da acığa bu dəfə gedib pivə bakalını əlində tutub foto çəkdirib. İş pivə bakalı ilə bitmir e. Görün nə deyib:
"Hərdən belə də olur. Yayda olar da. Mən rahat yaşamağa qərar vermişəm. Sözbaz adamlar bezdirsələr, köçəcəm xarici ölkələrin birinə. Oralarda söz-söhbət olmur".
Gedin, yaxşı-yaxşı düşünün. Belə edirsiniz deyə, sənətçilərimiz xaricə qaçırlar. Etməyin belə...
Di salamat qalın.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре