Bakı çimərliklərinin bir neçəsi bağlandı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Son günlər havaların qeyri-sabit keçməsi çimərliklərin fəaliyyətini dayandırmasına səbəb olub. Bu barədə "Yeni Müsavat"a paytaxtın bir neçə çimərliklərində fəaliyyət göstərən restoran sahiblərindən məlumat daxil olub. Onların sözlərinə görə, bir neçə gündür davam edən küləkli və yağışlı hava səbəbindən obyektlərini müvəqqəti bağlamağa məcbur olublar. Elə buna görə də ötən gün paytaxtdakı bir neçə çimərlikdə olub, oradakı vəziyyətlə maraqlandıq.

""Dostuq"" təmirə bağlanıb"

Şıx çimərliyində yerləşən "Dostluq" ailəvi istirahət mərkəzindən bildirdilər ki, havaların küləkli və yağışlı keçməsi ilə əlaqədar istirahət mərkəzinin bir hissəsi müvəqqəti olaraq təmirə bağlanıb. İstirahət mərkəzindən bildirildi ki, bu il çimərlik mövsümü bir qədər tez başladığından təmir-tikinti işlərinə ara verilibmiş. Havaların sərin keçməsini fürsət bilən obyektin sahibi yarımçıq işlərin tamamlanması ilə bağlı göstəriş verib.

"Aqua park Şıx"da isə dedilər ki, çimərliyin qapadılması ilə bağlı göstəriş alıblar. İstirahət mərkəzinin Şakir adlı administratoru bildirdi ki, küləkli hava səbəbindən dənizdə böyük dalğalar əmələ gəlir və bu da boğulmalara səbəb ola bilər: "Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tez-tez xüsusi katerlər vasitəsilə ərazini nəzarətdə saxlayırlar. Hələlik dənizdə çimməyə icazə verilmir. İstirahət mərkəzinə gələnlər də buradakı restorana görə gəlirlər".

Administratorun sözlərinə görə, builki yay mövsümünə istədikləri kimi başlaya bilməyiblər: "Havaların sərin keçməsi dəniz, çimərlik turizminə böyük əngəl yaradır. Bu tendensiya adətən 2-3 ildən bir təkrarlanır. Burada 100-ə yaxın işçi çalışır. Çalışırıq ki, iflasdan çıxış yolunu tapaq, həm də həmin işçilərin vaxtı-vaxtında məvaciblərini verək. Bu bizim üçün çox çətindir".

"Bütün sifarişlər ləğv olunub"

"Ramada" və "Aysberq"dən isə bildirdilər ki, sərin və küləkli hava səbəbindən oteldə bir-iki həftə öncədən 10-15 gün intervalındakı sifarişlər ləğv olunub. İstirahət mərkəzlərindən bildirdilər ki, bir-iki gün həmin otaqlar xüsusi endirimlə müştərilərə təqdim olunacaq. "Ramada"dan bildirdilər ki, havaların soyuq keçməsi ilə bağlı tətbiq olunan endirimlər yalnız otel xidmətinə aiddir. Yerdə qalan bütün xidmətlərin qiymətləri əvvəlki kimi saxlanılıb. İlkin adlı administrator köməkçisinin sözlərinə görə, "Ramada"ya maşınla giriş 20 manatdır.

Şıx çimərliyində olarkən bir neçə istirahət mərkəzində dəniz suyu ilə bağlı yoxlamaların aparıldığının şahidi olduq.

Yoxlamaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi aparırdı. Nazirliyin əməkdaşları aparılan yoxlamaların nəticələri barədən bunları dedilər: "Apardığımız yoxlamaların nəticəsinə görə deyə bilərik ki, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. 2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir.

Azərbaycan prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 №-li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb".

Nazirliyin əməkdaşları bildirdilər ki, Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.

Böyütmək üçün şəkillərə klikləyin: