Bakıda restoran qudurğanlığının sonu çatır

Day.Az представляет новость на азербайджанском языке.

Bəlkə də, bir çoxları bu yeniliyə sevinəcəklər, ancaq kimlərsə məyus olacaqlar.

Milli.Az xəbər verir ki, Bakının bəzi kafe və restoranlarında son illər dəb halına çevrilmiş bu adət-ənənə sakinlərin pulunu göyə sovurmaqdadır. Ancaq yeni yaradılmış "qaynar xətt" ilə siz bunun qarşısını ala bilərsiz.

Belə ki, əsasən Bakı bulvarı ətrafındakı kafe və restoranlarda oturan sakinlər sadə çay istədikdə onlara "yox" cavabı gəlirdi. Səbəb isə bu idi ki, sözügedən yerdə sadə çay verilmir.

Ötən gün tanınmış jurnalist Həmid Həmidov öz facebook səhifəsində bu "adət-ənənə"nin qarşısını necə ala biləcəyimiz haqda bir yazı paylaşıb. Yazıda deyilir:

"Mənə bir məlumat göndəriblər və bunu sizinlə paylaşmağı özümə borc bldim. Əgər siz bulvar ətrafındakı çayxana və yaxud da restoranlarda çay istədikdə onun yanında əlavə nəsə götürməyə məcbur edilsəniz, "bizdə sadə çay verilmir" bəhanəsini eşitsəniz, yaxud orada qoyulmuş divanlarda sizi əyləşməyə qoymasalar (orada oturduqda ən azı çay dəstgahı sifariş etməli olduğunuz deyilsə), çəkinmədən dərhal 055-282-70-00 və ya 012-480-18-36 "qaynar xət"ləri ilə əlaqə saxlayın.

Bu xətlər həqiqətən işləyir (mən özüm belə təəccübləndim). Dərhal sizin olduğunuz yerə aidiyyəti olan şəxslər gələrək, həmin obyektin sahibkarını cərimələyirlər.

Və onu da əlavə etmək istəyirəm ki, bulvarın işçiləri bildirdilər ki, sadə çayın qiyməti 2 manat, mürəbbə ilə isə 3 manat olmalıdır. Əgər qeyd olunan qiymətlərdən baha olsa, dərhal "qaynar xət"lə əlaqə saxlayın".

Sözügedən "qaynar xətt" ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müaviniylə əlaqə saxladıq. Nazim Məcidov Milli.Az-a açıqlamasında nömrələrin hər an açıq olduğunu və bu cür hal yaşandıqda sakinlərdən çəkinmədən əlaqə saxlamağı xahiş elədi:

"Sözügedən qurum artıq 4 ildir ki, var. Bəli, bulvar ərazisində bu cür hallar yaşanır, ancaq sakinlər qanun pozuntusu gördükdə "qaynar xətt"ə zəng vursunlar və biz həmin obyekt sahibini onların gözü qarşısında cərimələyəcəyik.

Cəmiyyət gərək bu cür pozuntulara qarşı mübarizə aparsın və bunların qarşısını alsın. Qeyd olunan nömrələr həmişə açıqdır, qanun pozuntusu olduqda dərhal əlaqə saxlayın".