Turizmin inkişafına mane olan: acgözlük, tamahkarlıq, nadanlıq

Day.Az представляет новость на азербайджанском языке:

İyulun son, avqustun ilk günləri ölkəmizdə anomal istilər olur, bilirsiniz.

Bu vədələr yaylağa çıxanlardan fərqli olaraq, insanlar qovurucu istidən yaxa qurtarmaq üçün dəniz sahilinə axışırlar. Ötən həftənin şənbə günü biz də elə etdik. Etibarlı termometrdə hərarəti 41.8 ölçərək, üzü dənizə doğru hərarətin 37-38-ə enəcəyi ümidi ilə yolumuzu Coratdan saldıq. Hava nə qədər isti olsa da, suyun hərarəti 27-dən artıq olmayacaqdı, əlbət.
 

O tərəflərdə yaşayan dost-tanış deyirdi, inanmırdım, mənim gördüyüm vaxtlarda buralarda dənizin sahili bu qədər də zəbt olunmamışdı. İndi isə sahil boyunca restoranlar bir-birinə söykənib. İki-üç il öncə beləydi ki, restoran adıyla zəbt olunmuş sahildə, iaşə obyektinin həyətində maşını saxlayıb dəniz sahilinə enmək, orda 1 kvadratmetrlik qum sahəsini kirayələmək və dənizə baş vurmaq olurdu. Heç demə, vəziyyət artıq dəyişib.
 

Bizim və həyətinə burulduğumuz "Xanəgah" restoranının sahibinin şanssızlığından, belə bir hadisə baş verdi. Biz maşını əyləyəndə kabinetlərdən, çətirlərdən ibarət restoranın "baş ofisi"ndən bir ağsaqqal və 16-17 yaşlarında bir gənc çıxaraq bizə yaxınlaşdılar. Ağsaqqal soruşdu: "Oturacaqsınızmı?". Dedik, əsasən uzanacağıq və çiməcəyik. Ağsaqqal yenidən soruşdu: "Yəni yemək yeməyəcəksiniz?" Dedik, yox, sadəcə, sahilə enib dənizə girəcəyik. Bir də soruşduq ki, bəs buradan dənizə tərəf getmək üçün cığır, yol-riz varmı. Ağsaqqal bizə yolu göstərməkdəykən, gənc müdaxilə etdi: "Olmaz, olmaz. Yemək yeməyəcəklərsə, bura düşə bilməzlər, maşın da saxlaya bilməzlər".
 

Ağsaqqal, güman ki, gözətçiydi və maşın saxlama işlərinə də baxırdı, ona görə də dedi ki, nə olacaq, qoy saxlasınlar. Gənc isə görünür, restoran sahibinin əziziydi və daha səlahiyyətliydi, dedi, yox, olmaz, burada maşın saxlamaq üçün oturub yemək yeməlidirlər və ən azı 40 manat hesab verməlidirlər.
 

Bu məzənnə bizə qəribə göründü. Dedim, ay oğul, bəlkə, mənim cibimdə 5 manatım var və gücüm iki lavaşarası dönər yeməyə çatır, bu da bəs edir, ta niyə 40 manat verməliyəm. Gənc dedi ki, bizdə belədir, bura girən ən azı 40 manat hesab verməlidir, həm də biz dönər vermirik.
 

Daha höcətləşmədik, restoranın adını soruşdum, qürur duya-duya "Xanəgah" dedilər.

50 metr o tərəfdə hasarlanmış "xalq çimərliyi" varmış, 1 manat verdik, maşını saxlayıb istidən qurtulduq. Daha burada "parkovka" qiymətinin iri şəhərlərin mərkəzi yerlərində olduğundan artıq olmasına da fikir vermədik.

İndi vergi müfəttişlərinin, iaşə obyektlərinə nəzarət edən səlahiyyətli şəxslərin diqqətini "Xanəgah"ın tarif siyasətinə cəlb etmək istəyirəm. Onlar bir maraqlansınlar, bu necə bir iaşə obyektidir, necə xidmətdir ki, başını qapıdan içəri salan ən azı 40 manat verməlidir. Qapını açıb oturanda dərhal pul yazan taksi sayğacıdır, nədir?
 

Dünyanın hansı ölkəsində, hansı kurort şəhərində, tətil kəndində belə bir tarif var? Bunun adı iaşə xidməti ola bilməz, bu, soyğunçuluq kateqoriyasına aiddir. Qoy müfəttişlər bu yazıdan şikayət ərizəsi kimi istifadə edib "Xanəgah" rəhbərliyindən suallarına cavab alsınlar. "Bizdə qiymətlər belədir" deməklə deyil ki. "Belə qiymətlər"in, aran camaatı demişkən, "ebilə" vergisi də olur, baxaq görək doğru-dürüst ödəyirlərmi?
 

İstirahət məqsədilə qonaq getdikləri ölkələrdə infrastrukturun, xidmətin, komfortun yüksək səviyyəsindən, qiymətlərin ildən-ilə aşağı endirilməsindən gen-bol yazan dost-tanış bu dəfə də haqlı çıxır. Turizmdən milyardlar qazanan ölkələr ildən-ilə daha çox xidmət, daha aşağı qiymətlər təklif etdikləri halda, bizimkilər dəniz qırağında iki daxma tikən kimi adama İbiza qiyməti oxuyurlar. Bu xudmət 17-25 yaşlı ofisiant gənclərin əvvəldə "nə yəəssız" sualı ilə başlayır, sonda dörd adamın yediyi yeməyə görə bir kazarma əsgərin iki günlük ərzağının parası qədər hesab istəyəndə və buna heyrət doğuranda "bizdə belədir" cavabıyla bitir.

Bəli, bizdə belədir: acgözlük, tamahkarlıq, nadanlıq. Biz hələ turizm sektorundan, iaşə xidmətindən pul-para qazanmağın elementar qayda-qanunlarını bilmirik. Bizimki odur ki, təsadüfən əlimizə düşən 2-3 müştəridən 15 adamın pulunu alaq. Bu tamahla bizdən turizm sektoru inkişaf etdirən olmaz.
 

P.S. Bilməyənlər üçün deyim ki, İbiza İspaniya tərəflərdə sırf tirzmlə dolanan möhtəşəm kurort adasıdır. 

Musavat.com