Toyda məsuliyyətli işi kim görməlidir:

Day.Az представляет новость на азербайджанском языке

Bəs bu məsuliyyətli işi kim görməlidir: təşkilatçı, yoxsa bəy-gəlin?

Yəqin ki, "Toy təşkilatçısı" filmini çoxunuz izləmisiniz. Bu filmdə toylarının maraqlı keçməsini istəyənlər, toyun təşkilatçılıq işlərinə vaxt ayıra bilməyənlər, ya da digərlərindən fərqli bir ab-havada toy keçirmək istəyənlər təşkilatçıya üz tuturlar. Düzdür, filmdə təşkilatçı xanım toyunu təşkil etdiyi oğlana vurulub ona ərə gedir. Amma necə deyərlər, bu, sadəcə, filmdir...
Dünya təcrübəsində də toy təşkilatçılarına maraq böyükdür. Ölkəmizdə bu sahə çox geniş yayılmasa da, toy təşkilatçıları və bu işlə məşğul olan şirkətlər var. Biz də onların fəaliyyətinin necə olub-olmaması ilə maraqlandıq. Onlar arasında "TOY-ŞOU" MMC-nin saytına rast gəldik. Bu şirkət toy, qız toyu, nişan, xınayaxdı, dini toy, kiçik toy, yubiley, uşaq ad günləri, parti, konsert, diskoteka və müxtəlif el şənliklərinin əvvəldən axıra kimi təşkilini təklif edir.
Xidmətlər içərisində dekorasiya, dizayn, reklam işləri ilə birlikdə təşkilatçılıq, geniş şou proqramların təşkili, müğənnilərin, musiqiçilərin, peşəkar videoçəkilişlərin, fotoqrafların, hər növ uşaq personajlarının, nağıl qəhrəmanlarının, aktyorların, şoumenlərin dəvəti təklif olunur.

Maraqlı olduğu qədər də məsuliyyətli iş

"Flower group"un toy təşkilatçısı Kamil İslamov qəzetimizə açıqlamasında bildirdi ki, artıq 11 ildir bu sahə ilə məşğul olur. Müsahibim deyir ki, toy təşkilatçılığı maraqlı olduğu qədər də məsuliyyətlidir. Çünki burada etdikləri hansısa yanlışlıq kiminsə toyu ilə bağlı arzularının puç olmasına gətirib çıxara bilər: "Toy təşkilatçılığı belədir ki, bu işi bizə həvalə edirlər, amma hər bir detalı özləri nəzarətdə saxlayırlar. Çünki hər bir cütlük istəyir ki, toyları onların istədikləri kimi keçsin. Ona görə də təşkilatçıya həvalə etsələr də, öz arzu və istəklərini, təkliflərini ortaya qoyurlar".
Təşkilatçı deyir ki, ona müraciət edən cütlüklərin tam toyu həvalə etməsi də olur, hansısa xidmətlərdən yararlanmaq istəkləri də: "Toy təşkilatçısına maraq yoxdur demək olmaz. Sifarişçilər çoxdur, amma baxır onlar bizdən nə istəyirlər. Elə cütlüklər var ki, bütün toyun təşkilatçılığını bizə həvalə edirlər, elələri də var ki, bəlli bir xidməti. Toyun ssenariləşdirilməsi ilə bağlı müraciətlər çox olur. Toya aid bütün xidmətləri mən müraciət edənlərə təşkil edə bilirəm. Toyun təşkilatçılığını sifarişçi tamamilə bizə verəndə bütün detallarla bağlı işləri həyata keçiririk. Evin bəzədilməsi, bəylə gəlinin geyimi, dostlarının iştirakı və s. xidmətləri də həyata keçiririk. Toy bütünlüklə yazılmış ssenariyə uyğun aparılır". 

Qadınlar toyu təşkilatçıya həvalə etməyə daha çox meyillidirlər

K.İslamov deyir ki, cütlüklərlə təşkilatçının fikrinin üst-üstə düşmədiyi məqamlar da olur: "Biz bu işin içində olduğumuz üçün daha yaxşı variantları artıq bilirik. Bəzən hansısa xidmətdə müştəriyə təklif etdiyimiz variantı deyil, öz istədiyini istəyir. Biz bu istəklərə normal yanaşırıq və müştərinin istəyini gözəl şəkildə həyata keçirməyə çalışırıq. Nəticədə toy onlarındır. Ən çox fikir ayrılığı rəng seçimləri ilə bağlı olur. Bəzən elə rənglər istəyirlər ki, onları tapmaq olmur".
Müsahibimin sözlərinə görə, toyunu bütünlüklə təşkilatçılara həvalə etməyə daha çox xanımlar meyillidirlər. Bununla yanaşı, xanımlar hər bir detalla bütün incəliklərinə qədər maraqlanırlar: "Düzdür, bizə bəylər də müraciət edirlər. Amma təcrübəmə əsasən deyə bilərəm ki, xanımların müraciəti daha çox olur. Toyla bağlı hər bir işi onlar təşkilatçı ilə planlamağa maraqlı olurlar". 

Təşkilatçının hazırladığı toyla adi toy arasındakı fərq

Toy təşkilatçısı bildirdi ki, onun hazırladığı toyla sıradan toy arasında böyük fərq var. Çünki təşkilatçı ssenarini elə qurur ki, toy bütünlüklə maraqlı keçir: "Təşkilatçının hazırladığı toyla adi toylar arasında fərq çoxdur. Təşkilatçının idarə etdiyi toyda hər bir şey müştərinin istəyi və təşkilatçının idarəetməsi altında aparılır. Ssenariləşdiriləndə toy daha maraqlı olur. Ssenariləşdirilmiş toy təşkil etmək kiməsə asan gəlməsin. Bu ssenari elə qurulmalıdır ki, müəyyən olunan vaxt çərçivəsində nəzərdə tutulan bütün işlər görülsün. Məsələn, ssenariyə uyğun olaraq toy sahibi deyir ki, məclisdə heç kimə söz verilməsin. Amma adi toyda mümkün deyil, kimsə yaxınlaşıb söz demək istəyini bildirsə, məcburən ona söz verilir. Mahnıların seçimi, toyun, restoranın işıqlandırılması, restoranın dekorasiyası, qonaqların qarşılanması, fotosessiya, videoçarxların hazırlanması da fərqli olur". 

K.İslamov deyir ki, Bakıda və ya regionlarda keçirilməsindən asılı olmayaraq, bütün toyların təşkilatçılığını öz üzərinə götürür. Qiymətlər isə hər bir müştərinin istəyinə görə tamamilə fərqli olur. Ona görə də o, bizə də konkret qiymət açıqlamadı: "Toyun harada - Bakıda və ya rayonda keçirilməsinin fərqi yoxdur. Əgər bizə müraciət edilirsə, biz də xidmətlərimizi onlara təqdim edirik. Burada konkret qiymət deməyimiz mümkün deyil. Çünki hər bir sifarişçinin öz arzu və istəkləri olur. Qiymətlər də, hər birində demək olar ki, fərqli olur".

Gənclər toylarını təşkilatçıya həvalə edirmi?

Bəs gənclərimiz necə, toylarını təşkilatçılara həvalə edirlərmi? Ailə qurmağa hazırlaşan jurnalist Könül İbrahimova deyir ki, toyunu təşkilatçıya həvalə edər. Amma hər bir iş özünün nəzarətində olmaq şərtilə: "Burada mənim üçün önəmli olan həmin təşkilatçının daha öncə gördüyü işlərlə tanış olmaqdır. Peşəkarlığına əmin olsam, toyumun daha gözəl təşkili üçün təşkilatçıya həvalə edərəm. Nişanlımla öz fikirlərimi deyib, təşkilatçı ilə ortaq qərar almaq şərtilə etibar edərəm".

K.İbrahimova düşünür ki, toyda, nişanda ailələr həyəcanlı olur deyə, bəzən hər şey planlaşdırılan kimi olmur: "Ona görə də kənardan hər şeyi yoluna qoyan şəxsin olması vacibdir. Mən şou-biznes nümayəndələri ilə çalışan jurnalist olduğum üçün həmkarlarım da prodüserlərə etibar edib, toyları da maraqlı keçib. Amma toyu təşkilatçıya həvalə etmək imkanı olmayanlar yaxın dostları ilə toyu planlamalıdırlar".
Orxan Osmanov da yaxın zamanlarda evlənməyə hazırlaşır. Bəs o, toyunu təşkilatçıya həvalə edəcəkmi? Müsahibim deyir ki, iştirak etdiyi hər hansı toy məclisində işini bəyəndiyi təşkilatçı olarsa, həvalə edər: "Amma təbii ki, xidmətlərinə qarşılıq olaraq tələb edəcəkləri ödənişdən də çox şey asılıdır. Büdcəmə uyğun olmalıdır. Ümumiyyətlə isə vaxtımın imkan verəcəyi çərçivədə hər şeyi özüm təşkil etməyi məsuliyyət və maddiyyat baxımından daha uyğun görürəm. İnternet saytlarından yüzlərlə ideya və toy təşkilatçılığı ilə bağlı maraqlı təcrübələr tapmaq çətin deyil".

O.Osmanov deyir ki, toyu təşkil etmək müəyyən qədər təşkilatçılıq və liderlik qabiliyyəti tələb edir. Bu qabiliyyətlər isə əsasən kişilərdə daha çox olar. Ona görə də kişilər çox vaxt toyu özləri təşkil etməyi üstün tuturlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az