"44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda Diplomatiya həftəsinin ilk həftəsi baş tutub - FOTO
Cari ilin 12-17 iyul tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda Diplomatiya həftəsinin ilk həftəsi baş tutub.
XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçirilən Diplomatiya həftəsinin növbəti həftə də davam etməsi planlaşdırılır. İştirakçıların 2 həftə ərzində Azərbaycan Respublikasının Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün yüksək səviyyəli nümayəndələrlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
12 iyul tarixində layihənin birinci günü çərçivəsində baş tutan rəsmi açılış mərasimində ADA Universitetin prorektoru Fariz İsmayılzadə salamlama nitqi ilə çıxış edib. Açılış mərasimində əsas qonaq qismində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
13 iyul 2021-ci il tarixində baş tutan layihənin 2-ci günündə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun mühazirəsi və Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcının çıxışı dinlənilib. Bununla yanaşı, layihənin 2-ci günü çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Hərb Tarixi Muzeyinə səfər təşkil olunub. Səfər çərçivəsində, diplomatiya həftəsinin iştirakçıları muzeydə Azərbaycan ordusuna məxsus müxtəlif dövrləri özündə əks etdirən eksponatlarla tanış olub, Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmiləri və Vətən müharibəsi iştirakçılarının çıxışlarını dinləyib və Müdafiə Nazirliyi tərəfindən ərsəyə gətirilən, Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan qısa filmi izləyiblər.
14 iyul 2021-ci il tarixində baş tutan layihənin üçüncü günündə iştirakçılar Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə görüşüb. Sözügedən gün çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ilə onlayn görüş baş tutub.
15 iyul 2021-ci il tarixində baş tutan layihənin dördüncü günündə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Bilal Haye və Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu Nəsimi Ağayev ilə görüşlər həyata keçirilib.
16 iyul 2021-ci il tarixində baş tutan layihənin beşinci günündə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevin və Bakı Media Mərkəzinin ssenarist və redaktoru Müsəllim Həsənovun çıxışları dinlənilib. Daha sonra Bakı Media Mərkəzinin rəhbərliyi və əməkdaşları ilə birgə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" filmi izlənilib.
17 iyul 2021-ci il tarixində baş tutan layihənin altıncı günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovla görüş keçirilib. Sözügedən gün çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanovla görüş həyata keçirilib.
Həftə ərzində keçirilən görüşlər çərçivəsində Diplomatiya həftəsinin qonaqları könüllülərin çoxsaylı suallarını cavablandırıb.
Layihə iştirakçıları, eyni zamanda, həftənin sonunda ADA Universitetinin parkında piknik ediblər.
Sözügedən layihənin növbəti həftə də davam etməsi nəzərdə tutulub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре