Bakıdakı Milli Gimnastika Arenası yarışlar üçün əla yerdir

Bakıdakı Milli Gimnastika Arenası yarışlar keçirilməsi üçün əla yerdir.

Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı, Almaniyadan olan gimnast Melani Darqel deyib.

"Bu gün təsnifatda çıxışıma topla hərəkətlər proqamı ilə başladım, bu mənim üçün bir az qeyri-adidir, çünki başlanğıcda halqa ilə çıxış etməyə öyrəşmişəm. Təsnifat məhələsi yaxşı keçdi, əlbəttə ki, hər şey alınmadı, amma alətlərimi itirmədən çıxış etdim, bu da sevindiricidir", - deyə Almaniyalı gimnast qeyd edib.

Melani Darqel Bakıda keçirilən yarışlarda ilk dəfə iştirak etdiyini vurğulayıb.

"Bakıdakı gimnastika arenası çox böyük, gözəldir və yarışın təşkilatçıları iştirakçılara hər şeydə köməklik göstərirlər. Almaniyanı Bakıda keçirilən dünya çempionatında mən və Darya Varfolomeyev təmsil edir. Yarışın ikinci günündə əhval-ruhiyyə yaxşıdır, çalışacağam ki, bugünkündən daha yaxşı çıxış edim", - deyə o bildirib.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.