SOCAR-ın Yaxın Şərqdə fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq

Gələcəkdə biz Yaxın Şərq regionunda SOCAR-ın fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Yaxın Şərq bazarında Azərbaycan qazına olan ehtiyac, digər tərəfdən Azərbaycan qazının rəqabətli şərtlərlə bu regiona çatdırılması imkanı Türkiyə-Suriya təbii qaz boru kəmərinin işə düşməsi layihəsi ilə təsbit edilib:

"Burada bir daha vurğulamaq istəyirəm ki, bu əqdin xüsusiyyətini nəzərə alaraq, türk qardaşlarımıza, həmkarlarımıza minnətdarlığımı ifadə etmək istərdim. Çünki bu qazın tranziti üçün onlar münbit şərait yaradıb. Bu nöqteyi-nəzərdən gələcək dövrlərdə biz bu bölgədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq".

"İstənilən həcmin artırılması, sabit saxlanılması hədəf ola bilməz. Hədəf odur ki, müqavilədə bu layihə ilə bağlı üzərimizə götürdüyümüz öhdəliyi tam həcmdə yerinə yetirək. Eyni zamanda, hədəf odur ki, bu, ölkəmizin nüfuzuna xidmət etsin", - deyə nazir vurğulayıb.