Kəlbəcər rayonunda 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirilib

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Day.Az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində Yeni il ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyində uşaqlar böyük sevinc yaşayıblar. Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.

Tədbir Kəlbəcərdə bərpa və yenidənqurma prosesləri fonunda sakinlər üçün unudulmaz bayram ab-havası yaradaraq, sakinlərin sosial həyatına xüsusi rəng qatıb.