Prezident İlham Əliyev BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının "Kibercinayətkarlığa qarşı" Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı dövlətlərə konkret tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardımın göstərilməsi səlahiyyətləri, həmçinin belə yardımı təmin etmək üçün günün iyirmi dörd saatı, həftənin yeddi günü fəaliyyət göstərən (24/7) əlaqə mərkəzi funksiyaları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, ekstradisiya və ya müvəqqəti həbsə dair sorğuların göndərilməsi və qəbul edilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı kibercinayətkarlıqla mübarizəni informasiya və kommunikasiya texnologiyalarının inkişafı fonunda yaranan transsərhəd cinayət təhdidlərinə qarşı beynəlxalq əməkdaşlıq tələb edən prioritet sahələrdən biri kimi müəyyən edir. Bu istiqamətdə dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası" 25 oktyabr 2025-ci il tarixində Hanoy şəhərində imzaya açılıb.

Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadə olunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektron mühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınması, habelə istintaq və təqib proseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimi çıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərən əlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir.