Məktəblərdə köməkçi dərs vəsaitləri pulsuz verilsin - TƏKLİF
Məktəblərdə digər çalışma və köməkçi dərs vəsaitlərinin şagirdlərə dövlət hesabına verilməsi təklif edilir.
Day.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi təklif edilir.
Həmçinin, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından İstifadə edilməsi, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması məqbul sayılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре