Ankarada NATO sammiti keçirilir

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı start götürüb.

Day.Az xəbər verir ki, Türkiyə KİV-in məlumatına görə, sammitin açılış mərasimində Şimali Atlantik Alyansın baş katibi Mark Rutte çıxış edərək, vacib bir qərarı elan edib.

O, NATO-nun öz yanacaqdoldurma və hərbi nəqliyyat təyyarələri parkını, eləcə də "MQ-4C Triton" uzaqmənzilli kəşfiyyat pilotsuz uçuş aparatları qrupunu yaradacağını açıqlayıb.

"Bu gün NATO-ya üzv bir sıra ölkələr 12 təyyarədən ibarət çoxmillətli yanacaqdoldurma və uzaqmənzilli hərbi nəqliyyat təyyarələri parkının yaradılması təşəbbüsü çərçivəsində onlarla Airbus təyyarəsinin alınacağını elan edib", - deyə Rutte bildirib.

Onun sözlərinə görə, digər çoxmillətli təşəbbüs NATO-nu "Northrop Grumman" şirkətinin istehsalı olan beş ədəd çoxfunksiyalı MQ-4C Triton pilotsuz uçuş aparatı ilə təmin edəcək. Bu PUA-lar uzun müddət yüksək hündürlükdə havada qalaraq zəruri kəşfiyyat məlumatlarını təqdim etmək imkanına malikdir.

Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra iri həcmli silah tədarükü müqavilələrinin elan olunacağı gözlənilir.

xxx
10:49

Bu gün - iyulun 7-də Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı öz işinə başlayır. İki gün davam edəcək tədbir çərçivəsində Ankaradakı Prezident Kompleksi Alyansa üzv olan 32 ölkənin liderini, eləcə də minlərlə diplomat, jurnalist və forum iştirakçısını qəbul edəcək.

Day.Az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Sammitin gündəliyinə NATO-nun çəkindirmə və müdafiə potensialının gücləndirilməsi, Avroatlantik təhlükəsizlik, müdafiə xərcləri, Alyansın strateji inkişaf hədəfləri, həmçinin bir sıra aktual regional və qlobal təhlükəsizlik problemləri daxil edilib. Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri və bir sıra əlaqəli tədbirlərin keçirilməsi də planlaşdırılır.

Forumun keçirilməsi üçün Ankarada təhlükəsizlik, logistika, rabitə və texnoloji infrastruktur daxil olmaqla bütün zəruri hazırlıq işləri başa çatdırılıb. Rəsmi nümayəndə heyətlərinin qəbulu üçün Əsənboğa, Ankara və Mürtəd hava limanlarından istifadə olunacaq.

Türkiyə və xarici KİV nümayəndələri üçün Prezident Milli Kitabxanasında Beynəlxalq Media Mərkəzi yaradılıb. Burada 1 800 iş yeri, 40 montaj otağı, 100-dən çox canlı yayım nöqtəsi və 11 mətbuat konfransı zalı fəaliyyət göstərir.