Ağrılı xatirələr sağlamlığa necə təsir edir?

Psixoterapevt İrina Kraşkinanın sözlərinə görə, ağrılı xatirələrə davamlı qayıtmaq yalnız emosional vəziyyəti deyil, fiziki sağlamlığı da mənfi təsir altına salır.

Day.Az xəbər verir ki, keçmiş hadisələri təkrar-təkrar düşünmək narahatlığı artırır, əhvalı pisləşdirir və gündəlik işlərə diqqəti zəiflədir.

Mütəxəssis bildirib ki, uzunmüddətli emosional gərginlik yuxu pozuntuları, iştahasızlıq, halsızlıq, baş və əzələ ağrıları, eləcə də psixoloji tükənməyə səbəb ola bilər. Bu səbəbdən diqqəti keçmişdən indiki həyata yönəltmək vacib hesab olunur.

Psixoterapevt stresin azaldılması üçün idmanla məşğul olmağı, meditasiya etməyi, gündəlik yazmağı və enerjini yalnız dəyişdirilməsi mümkün olan məsələlərə yönəltməyi tövsiyə edib. Əgər narahatlıq və ya depressiya əlamətləri uzun müddət davam edərsə, mütləq peşəkar psixoloji dəstək almaq məsləhət görülür.