Azərbaycanda səhiyyə sistemi rəqəmsallaşma və keyfiyyət standartları əsasında yenilənir - Teymur Musayev - MÜSAHİBƏ - FOTO
Azərbaycanda səhiyyə sistemi rəqəmsallaşma və keyfiyyət standartları əsasında yenilənir.
Bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının "Hədəf" proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycanda tibb müəssisələrinin akreditasiyası yeni tibbi xidmət mədəniyyətinin formalaşmasına xidmət edir.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin 15 may 2024-cü il tarixli fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətinin qorunması, təmin edilməsi, təhlükəsizliyinin təmin edilməsi və tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı şəkildə artırılması və saxlanılmasıdır.
"Prezident İlham Əliyevin 15 may 2024-cü il tarixli fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətinin qorunması, təmin edilməsi, təhlükəsizliyinin təmin edilməsi və həmin müəssisələrin davamlı olaraq göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması və saxlanılması istiqaməti idi. Təbii ki, göstərilən tibbi xidmət bir neçə komponentdən ibarətdir. İlk öncə fikrimizə gələn həmin tibb müəssisəsinin quruluşudur, orada istifadə olunan standartlardır, həmin standartlara riayət olunub-olunmamasıdır. Orada baş verən tibbi proseslərin axınına nəzarətdir. İstifadə olunan dərman vasitələrinin keyfiyyətinə, düzgün istifadəsinə nəzarətdir. Tətbiq olunan cərrahiyyə əməliyyatlarında istənilən tibbi prosedurların və müalicə üsullarının standartlara uyğun olub-olmamasına nəzarətdir. Orada işləyən tibbi personalın bilik, bacarıq və metodlara düzgün riayət edib-edilməməsidir. Bunların hamısı kompleksdə müasir tibbi standartlara uyğun olub-olmamasıdır.
Bununla bağlı dünyada müxtəlif yanaşmalar var. Elə ölkələr var ki, öz tibb müəssisələrinin akreditasiyası və keyfiyyətə nəzarət üzrə institusional qurumları yoxdur. Onlar bunu sadəcə müxtəlif özəl şirkətlər üzərindən qururlar. Digər yanaşma məhz bizim ölkəmizdə qəbul olunan yanaşmadır. Bu yanaşma dövlətçilik baxımından, əhalinin qeyri-standart, yəni heç bir müasir standartlara uyğun olmayan tibbi prosedurlardan qorumaq məqsədilə ən ciddi yanaşmadır. Hazırda yaradılmış qurum əsaslı şəkildə bu proseslərin təminedici altsistemlərini hazırlayır. Bura təbii ki, müalicə üsullarının və metodların, xəstəliklər üzrə protokolların hazırlanması, digər tərəfdən tibb mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsi prosesinin standartlaşdırılması daxildir. Xəstəxana daxili gedən proseslərin standartlar üzərindən qurulması və keyfiyyətinə nəzarət də bu istiqamətin tərkib hissəsidir.
İlkin baxışda bu yalnız yoxlama və hansısa inzibati tədbirlərin görülməsi kimi görünür. Amma bu belə deyil. Bu, yeni tibbi xidmət mədəniyyətinin bərqərar olması üçün olunub. Yəni, bu yalnız dəstək məqsədlidir. Dəstəyin də əsas hədəfi pasiyent təhlükəsizliyidir. Pasiyent təhlükəsizliyi dedikdə sonda hər bir vətəndaşın təhlükəsizliyi nəzərdə tutulur. Bu o qədər multidissiplinar və multiinstitusional yanaşmadır ki, tək bu mərkəzin işi deyil. Həmçinin Səhiyyə Nazirliyinin digər qurumları var ki, hamısı bir nöqtəyə yığışaraq məhz Azərbaycan vətəndaşının tibb müəssisəsində aldığı tibbi xidmətin ona təhlükəsiz və keyfiyyətli olmasını təmin etmək üçün fəaliyyət göstərir".
Nazir əlavə edib ki, bu istiqamətdə koordinasiya prosesləri artıq həyata keçirilir və proseslər standart idarəetmə prinsipləri əsasında rəqəmsallaşdırılır.
"Bu proseslər standart proses idarəetməsi baxımından aparılır və bu proseslər də rəqəmsallaşdırılır. Yəni, bir az keçdikdən sonra bütün proseslərin rəqəmsallaşdırılaraq vahid rəqəmsal səhiyyə ekosisteminə inteqrasiyasını hazırlayırıq. Təbii ki, Azərbaycan vətəndaşı istənilən lisenziya qazanmış, akreditasiyadan keçmiş tibb müəssisəsinin qapısını açanda tam əminliklə öz sağlamlığını oradakı həkimlərə və tibb işçilərinə etibar edə biləcək".
Tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil, peşəkar inkişafın təmin olunmasına xidmət edir
Nazirin sözlərinə görə, cəmiyyətdə geniş müzakirə olunan tibb mütəxəssislərinin sertifikasiyası prosesi cəza və ya təzyiq mexanizmi kimi qiymətləndirilməməlidir. Bu prosesin əsas məqsədi tibb işçilərinin davamlı peşəkar inkişafını təmin etmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltməkdir.
"Tamamilə düz qeyd etdiniz. Bu mövzu uzun müddət tibbi icmanın müzakirə mövzusuna çevrilmişdi. Səhiyyə Nazirliyinin mövqeyi daim bir olub. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb işçisini layiqli davamlı tibbi təhsillə təmin etmək, davamlı peşəkar inkişaf imkanları yaratmaq və nəticə etibarilə insanlarımıza, vətəndaşlarımıza göstərilən tibbi xidmətin yüksək keyfiyyətdə təmin edilməsinə zəmanət vermək əsas məqsədimizdir. Sertifikasiya imtahanı özlüyündə heç bir cəza və ya hansısa basqı, sıxıcı məqam deyil. Təbii ki, elə insanlar var ki, imtahana girməkdən çəkinirlər, psixoloji çətinlikləri olur, bunu da anlayırıq.
Sertifikasiya imtahanından keçid faizi tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə 97 faiz idi. Yəni səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil. Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər".
Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazası da mütəmadi yenilənir və yaxın vaxtlarda bu istiqamətdə yeni rəqəmsal həll istifadəyə veriləcək.
"Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq sual bazası yenilənir. Buraya daha müasir yanaşmalar, müasir müalicə metodlarına dair məlumatlar daxil edilir. Bu yaxınlarda bu istiqamətdə də rəqəmsal yenilik olacaq.
Davamlı olaraq hər il orta hesabla 50 kredit balı toplamaq imkanı və ya vaxtı olmayan, çox intensiv çalışan mütəxəssislər üçün, yalnız imtahan vermək istəyənlərə xüsusi tətbiq təqdim olunacaq.
Həmin tətbiqdə bütün sual bazası öz əksini tapacaq. Burada gizlədiləsi heç nə yoxdur. Biliyi gizlətmək düzgün deyil, əksinə, onu təbliğ etmək və yaymaq lazımdır. Sual toplusunda hər bir sualın düzgün cavabı göstəriləcək, eyni zamanda onun akademik izahı təqdim olunacaq. Beləliklə, insanlar sadəcə hansı cavabın düzgün olduğunu deyil, məhz niyə həmin cavabın düzgün olduğunu da əlavə ədəbiyyat axtarmadan, tam akademik izahı ilə birlikdə görə biləcəklər".
Tibbi Rəqəmsal Əkiz Sistemi Azərbaycanı rəqəmsal səhiyyə sahəsində qabaqcıl ölkələr sırasına çıxarıb
Nazir bildirib ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, davamlı peşəkar inkişafı və səhiyyə sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülür.
"Yaxın gələcəkdə. Hazırda bu istiqamətdə iş gedir. Əsas məlumat olaraq deyim ki, biz 65 ixtisas üzrə sual toplusunu əldə etmişik. Bu, Amerikada tətbiq olunan məşhur Board Exam imtahan sistemidir. Həmin 65 ixtisas üzrə sualları rəsmi şəkildə əldə etmişik. Onlar Azərbaycan dilinə tərcümə olunub və məhz həmin suallar əsasında imtahan bloku formalaşdırılır.
Təbii ki, bizim kurikuluma uyğun suallar da əlavə olunub. Burada heç bir çətinlik yoxdur, əksinə, bu yalnız dəstəkləyici bir təminatdır. Yenə deyirəm, imtahan öz yerində, amma çox istərdik ki, mütəxəssislərimiz Davamlı Peşəkar İnkişaf proqramlarına aktiv şəkildə qatılsınlar və orada kredit ballarını toplayaraq yeni biliklərə və yeni yanaşmalara daha yaxın olsunlar".
Teymur Musayev qeyd edib ki, rəqəmsallaşma bu gün bütün sahələrdə olduğu kimi, səhiyyədə də prioritet istiqamətlərdən biridir və bu sahədə həyata keçirilən layihələr ölkənin səhiyyə sistemində yeni mərhələnin başlanğıcı hesab oluna bilər.
"Səhiyyə Nazirliyi davamlı olaraq Azərbaycan Respublikasında səhiyyə sisteminin rəqəmsallaşdırılmasını həyata keçirir və bunun məntiqi nəticəsi olaraq ötən ayın 3-də Gülüstan Sarayında hökumət nümayəndələri və geniş tibbi ictimaiyyət üçün Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimatı keçirildi. Bildiyiniz kimi, rəqəmsal texnologiyalar və süni intellekt bu gün demək olar ki, bütün peşə sahiblərinin fəaliyyətini tamamilə dəyişib. Bu ümumi landşaftın ayrılmaz hissəsi olan səhiyyə də rəqəmsallaşma prosesinin aktiv iştirakçısıdır.
Rəqəmsallaşma təkcə texniki tətbiqlərin və ya proqram təminatlarının tətbiqi deyil, bu, yeni səhiyyə mədəniyyəti deməkdir. Bu baxımdan Tibbi Rəqəmsal Əkiz Sisteminin tətbiqi ölkəmizi dünyanın 20 qabaqcıl ölkəsi sırasına çıxarıb, istifadə olunan məlumat mübadiləsi standartlarına görə isə ilk onluqda qərarlaşdırıb. Tibbi Rəqəmsal Əkiz Sistemi vahid rəqəmsal platformadır. Bu platforma hər bir vətəndaşın dünyaya göz açdığı ilk andan son nəfəsinə qədər toplanan bütün tibbi məlumatları özündə ehtiva edir. Eyni zamanda bu platforma yalnız məlumat bazası deyil, həm də tibbi xidmətlər platformasıdır. Buraya həkim qəbuluna yazılma, dərman qəbulunun yaddaşı, xatırlatma mexanizmləri, teletibb sistemləri və hətta valideynlərin övladlarının sağlamlıq vəziyyətini izləməsinə imkan verən funksiyalar daxildir. Biz bu platformanın inkişafında üç əsas istifadəçi qrupunu görürük. Birinci qrup, təbii ki, vətəndaşlarımızdır. Onlar müraciət etdikləri tibb müəssisəsindən asılı olmayaraq əldə etdikləri tibbi məlumatların vahid platformada toplanması sayəsində, hətta xaricdə olarkən belə həmin məlumatları dünyanın istənilən ölkəsində həmkarlarımıza təqdim edərək öz sağlamlıqları ilə bağlı məsləhət ala biləcəklər.
İkinci qrup tibb işçiləridir. Onlar üçün qəbuluna gələn hər bir vətəndaşın sağlamlıq vəziyyətini düzgün, obyektiv və tam şəkildə qiymətləndirmək imkanı yaranacaq.
Üçüncü qrup isə hökumət nümayəndələridir. Toplanan məlumatlar əsasında strateji qərarların qəbul edilməsi imkanları genişlənəcək. Əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin gələcək inkişafı, yayılması, müəyyən xəstəliklərin daha geniş yayılıb-yayılmaması barədə obyektiv məlumat əldə olunacaq və buna uyğun mühüm strateji qərarlar qəbul ediləcək. Ona görə də Tibbi Rəqəmsal Əkiz Sistemindən yararlanmaq üçün hər bir vətəndaşı bu platformaya aktiv şəkildə qoşulmağa dəvət edirəm".
İşğaldan azad olunmuş ərazilərdə müasir səhiyyə infrastrukturu formalaşdırılır
Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri də müasir səhiyyə infrastrukturunun yaradılmasıdır.
"Bu çox vacib məsələdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun azad etdiyi ərazilərdə öz doğma torpaqlarına qayıdan soydaşlarımız üçün faktiki olaraq tam sıfırdan yenidən salınan yaşayış məntəqələrinin, şəhərlərin və kəndlərin bərpasının ayrılmaz hissəsi həmin ərazilərdə səhiyyə sisteminin qurulmasıdır. Səhiyyə sistemi dedikdə biz ilkin səhiyyə xidmətlərindən başlayaraq ikinci səviyyəli xəstəxanaların tikintisindən danışırıq. İlkin səhiyyə xidmətlərinə kənd tibb məntəqələri, həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri və rayon mərkəzi xəstəxanaları daxildir. Səhiyyə Nazirliyinin öhdəliyinə məhz 8 rayon mərkəzi xəstəxanasının və 10 xüsusi ixtisaslaşmış tibb mərkəzinin tikilməsi daxildir. Bu mərkəzlər tikildikdən sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilərək əhalimizin xidmətinə təqdim olunacaq.
İlk layihəmiz məhz Şuşada həyata keçirildi. Bildiyiniz kimi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi tikilərək istifadəyə verildi. Bu, unikal mərkəzdir. Ümumi çarpayı fondu 90 çarpayıdır. Onlardan 50-si ümumi təyinatlı xəstəxana çarpayılarıdır. Buraya cərrahiyyə, doğum və uşaq şöbələri daxildir. Digər tərəfdən isə həmin mərkəzdə sanator-kurort xidmətləri də göstəriləcək. Bunun üçün ayrıca 40 çarpayı ayrılıb. Hələ sovet dövründə Şuşada məşhur Turşsu sanatoriyası fəaliyyət göstərirdi və insanların şəfa tapdığı bir məkana çevrilmişdi. Belə qərar qəbul olundu ki, məhz Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də bu xidmətlər əhalimizə təqdim olunsun, onların əlçatanlığı təmin edilsin və məşhur Turşsunun şəfaverici xüsusiyyətlərindən istifadə edilərək əhalimizin xidmətinə verilsin. Hazırda xəstəxana fəaliyyətə başlayıb. İnanırıq ki, qısa müddətdə tam gücü ilə fəaliyyət göstərəcək".
Azərbaycanda orqan donorluğu sistemi tam şəffaf mexanizmlər əsasında fəaliyyət göstərir
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb. Bu qurum ölkədə orqan donorluğu və transplantasiya xidmətinin təşkili ilə məşğul olur və sistemin tam şəffaf şəkildə fəaliyyət göstərməsini təmin edir.
"Prezident İlham Əliyev tərəfindən imzalanmış 8 dekabr 2020-ci il tarixli fərmana əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı. Bu institusional qurum ölkəmizdə orqan donorluğu və transplantasiya xidmətinin təşkili ilə məşğul olan bir qurumdur. Xüsusilə qeyd etmək istəyirəm ki, belə bir qurumun olması Azərbaycanda bu xidmətin tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verir. Yarandığı ilk gündən bu xidmətin formalaşdırılması üçün bir sıra ciddi tədbirlər həyata keçirilib.
İlk növbədə 10-a yaxın dövlət reyestri hazırlanaraq istifadəyə verildi. Bunlardan bəzilərini sadalamaq istərdim. Könüllü donor olmaq istəyən şəxslərin reyestri, orqan donorluğu və transplantasiyası ilə məşğul olan tibb müəssisələrinin reyestri, həmin müəssisələrdə çalışan mütəxəssislərin reyestri, bu prosesləri tənzimləyən koordinatorların reyestri yaradılıb. Bütün bu altsistemlər bu gün Azərbaycanda həmin xidmətin əlçatanlığını təmin edən mexanizmlərdir.
Orqan donorluğu ölkəmizdə şəffaf və açıq şəkildə təşkil olunub. Səhiyyə Nazirliyinin yanında ictimai əsaslarla fəaliyyət göstərən Etik Komissiya mövcuddur. Orqana ehtiyacı olan hər bir pasiyent və donor həmin komissiyadan keçərək bu prosesin şəffaf və qanunvericiliyə uyğun olduğu təsdiqləndikdən sonra transplantasiya əməliyyatları mütəxəssislərimiz tərəfindən icra edilir. Aparılan maarifləndirmə kampaniyalarının nəticəsi olaraq bu gün Azərbaycanda 1700 nəfərə yaxın insan könüllü donor olmaq istədiyini rəsmi şəkildə bəyan edib və qeydiyyatdan keçib. Bu göstərici artan dinamika ilə davam edir. Həqiqətən də vətəndaşlarımızın, cəmiyyətimizin bu prosesə aktiv və düşünülmüş şəkildə qoşulması bizi çox sevindirir".
Nazir bildirib ki, Koordinasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də əhali arasında maarifləndirmə işinin aparılmasıdır və bu tədbirlər artıq ölkənin bütün regionlarını əhatə edir.
"Qeyd etdiyiniz Koordinasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Maarifləndirmə tədbirləri yalnız Bakı şəhərində deyil, demək olar ki, ölkəmizin bütün bölgələrində keçirilir. Əsasən məktəblərdə, universitetlərdə və kolleclərdə maarifləndirmə tədbirləri təşkil olunur. Biz yeni nəslin düşüncə tərzini formalaşdırmaq istəyirik. Həqiqətən də insan ölümündən sonra orqanını bağışlayaraq kiminsə həyatını xilas edə və ya ömrünü uzada bilirsə, bundan gözəl missiya ola bilməz.
Ötən ilin statistikasına görə, ümumilikdə 352 transplantasiya əməliyyatı həyata keçirilib. Bunlardan 111-i gözün buynuz qişasının transplantasiyası olub və onların 24-ü meyit donorlarından həyata keçirilib. Ölkədə 104 böyrək transplantasiyası icra olunub ki, bunlardan 17-si meyit donorlarından götürülən orqanlarla aparılıb. Həmçinin 58 qaraciyər transplantasiyası həyata keçirilib və onların 10-u ölü donorlar hesabına mümkün olub. Bu günədək ölkəmizdə 3 ürək transplantasiyası həyata keçirilib. Eyni zamanda 77 sümük iliyi transplantasiyası icra olunub. Onlardan 36-sı Azərbaycanda, 41-i isə müxtəlif dövlət proqramları çərçivəsində Türkiyədə həyata keçirilib. Ümumiyyətlə, Azərbaycan bu sahədə regional liderdir. Bizim mütəxəssislərimiz artıq bunu tam sübuta yetiriblər. Bir çox ilklərə məhz Azərbaycanda imza atılıb. Bunlardan biri ölü donordan böyrək transplantasiyası, digəri qaraciyər transplantasiyasıdır. Əsas məsələ isə ümumiyyətlə hər bir həkim, tibblə məşğul olan mütəxəssis üçün ən mühüm və mürəkkəb əməliyyatlardan biri olan ürək transplantasiyasıdır. Bu əməliyyatların üçü də artıq Azərbaycanda həyata keçirilib və biz bu sahədə regional liderik.
Ümumiyyətlə, bu əməliyyatların həyata keçirilməsi və bunun zirvəsi olaraq məhz ürək transplantasiyasını qeyd edəcəyəm. Ona görə ki, cəmiyyətdə bu, fərqli qəbul olunan bir prosesdir. Bu onu göstərir ki, cəmiyyətimiz artıq belə yeniliklərə açıqdır, vətəndaşlarımız bunu düzgün dərk edib qəbul edirlər. Biz dəfələrlə terminal durumda olan insanların yaxınlarının belə bu prosesə dəstək olmasının şahidi olmuşuq. Bir tərəfdən kədərdir, təbii, digər tərəfdən isə sevincdir. Ona görə ki, insanlar öz orqanlarını bəxş edirlərsə, bu, fərqli bir missiyadır, insani missiyadır. İnanırıq ki, belə halların sayı artmaqda olacaq.
Eyni zamanda bilirsiniz ki, təkcə donorlar üzərində deyil, müasir texnologiyalarda süni orqanların kəşfi istiqamətində də işlər aparılır. Artıq bəziləri sınaqlardan keçirilir, müvəqqəti də olsa. İnanırıq ki, yaxın dövrdə bu sahədə də kifayət qədər ciddi bir sıçrayış olacaqdır və bizim əhalimiz də bundan bəhrələnə biləcək.
Nazir orqan transplantasiyasında effektivlik dərəcəsindən də danışıb. O qeyd edib ki, hazırda bu sahədə effektivlik çox yüksəkdir. Teymur Musayevin sözlərinə görə, müasir dərman vasitələri, orqanların düzgün seçilib köçürülməsindən sonra insanlar uzun müddət yaşaya bilirlər:
"Burada onilliklərdən artıq müddətdən danışırıq. Eyni zamanda xüsusilə vurğulamaq istəyirəm ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində regionda ilk Göz Bankı yaradılıb. Orada ölü donorlardan əldə olunmuş buynuz qişalar qəbul olunur, qiymətləndirilir, emal olunur və sonra ehtiyacı olan vətəndaşlarımıza köçürülür. Yəni bu proses sürətlənir, infrastruktur tam hazır vəziyyətdədir. Ona görə də belə mürəkkəb, institusional dəstək tələb edən əməliyyatlara və müalicə üsullarına əlçatanlıq ciddi şəkildə artıb".
Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur
Nazir Teymur Musayev tibb sahəsindəki proseslərdən, gözlənilən yeniliklərdən də danışıb. O bildirib ki, Azərbaycanda son dövrlərdə tibb sahəsində bir sıra yeniliklərə imza atılıb:
"İlk olaraq, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yenidən qurulmuş və əhalimizin xidmətinə təqdim edilmiş Plastik, rekonstruktiv və üst çənə cərrahiyyəsi şöbəsini qeyd etmək istərdim.
Digər tərəfdən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik, estetik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub. Ən müasir avadanlıqlarla təchiz edilib və artıq fəaliyyətə başlayıb. Həmin klinikada çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yanıqlardan və böyük, iri həcmli əməliyyatlardan sonra tələb olunan rekonstruktiv əməliyyatlar məhz həmin mərkəzdə həyata keçirilir. İlk qeyd etdiyim Elmi Cərrahiyyə Mərkəzində yaradılmış şöbədə isə üst çənə cərrahiyyəsi sahəsində regional bir sıra ilklərə imza atılıb, böyük rekonstruktiv üz və çənə əməliyyatları icra olunub.
Biz bu iki mərkəzi yaradaraq onları məhz klinik baza kimi düşündük ki, rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz hazırlıqlarını keçə bilsinlər. Digər məqam Elmi-Tədqiqat Kardioloji İnstitutunda İnvaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin açılmasıdır. Həmin institutda davamlı olaraq digər müasirləşdirmə prosesləri gedir, yeni avadanlıqlar alınır və quraşdırılır. İnanıram ki, yaxın zamanda yeni bir ilkə də imza atacağıq. Onu da sizə deyərik, xəbəriniz olacaq, açılışa da dəvət edəcəyik.
Digər məsələ dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyasıdır. Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq".
"Bir məsələyə də toxunmaq istəyirdim. Biz transplantologiyadan danışanda bir məqam fikrimdən çıxdı, özümə borc bilirəm onu deyim. Azərbaycanın beynəlxalq müstəvidə də transplantologiya üzrə bir təşəbbüsü var idi. Bu, Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi qismində iştirak edən ölkələr arasında "Türk Transplant" adlanan vahid informasiya platformasının qurulması idi. 2023-cü ildə bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürüldü. Bütün qardaş ölkələr tərəfindən bu təşəbbüs çox müsbət qarşılandı. Platformanın işə salınması, onun beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsi və transsərhəd məlumat mübadiləsinin düzgün təşkilinə dair əsas addımlar atılıb. Üzv və müşahidəçi qismində iştirak edən ölkələrin ümumi əhalisi 170 milyonu aşır. İlkin mərhələdə bu, əsasən sümük iliyi transplantasiyasına ehtiyacı olan resipiyentlərin və mümkün donorların vahid reyestrinin formalaşdırılmasını nəzərdə tutur. İlk mübadilələr başlayandan sonra solid orqanlarda ilkin mərhələdə çarpaz transplantasiya nəzərdə tutulur. Yəni bu baxımdan düşünürəm ki, bunun qardaş ölkələr arasında, həqiqətən də, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu olacaq", - nazir əlavə edib.
Teymur Musayev bildirib ki, hüceyrə mərkəzinin açılışı bir il yarımdan tez olmayacaq:
"Orada müəyyən addımlar atılmalıdır. Pilot kimi həyata keçirilə bilər, lakin əsaslı yanaşma tələb edir. Yəni burada yalnız texniki infrastrukturun olub-olmaması deyil, burada çalışan insanların vahid standartlar əsasında fəaliyyət göstərməsi də vacibdir. Hər bir yeni üsulu güvənli əllərlə təqdim etmək lazımdır ki, insanların inamı da olsun, böyüsün və həqiqətən də müsbət nəticələri görək".
Azərbaycanda Çin və Koreya təbabəti diplom kursu açılacaq
Nazir Teymur Musayev ənənəvi təbabət məsələlərindən də söz açıb. Onun sözlərinə görə, keçmişi və ya hər hansı bir üsulu inkar etmək yox, onun sübuta əsaslanmış şəkildə tətbiqindən danışmaq lazımdır:
"Ənənəvi tibb deyəndə, onun minilliklərlə tarixi var. Son 10 il ərzində ümumiyyətlə tibbdə inteqrativ tibb adlanan belə bir yanaşma var. Ondan sonra funksional tibb dedilər, amma inteqrativ tibb anlayışı çox vacib bir anlayışdır. İndi onun açıqlamasını verəcəyəm. Bu, gündəlik tibbi praktikada fərqli bir mədəniyyətin göstəricisidir. Keçmişi və ya hər hansı bir üsulu inkar etmək yox, onun sübuta əsaslanmış şəkildə tətbiqindən danışmaq lazımdır. Ənənəvi tibb deyəndə bəziləri türkəçarədən danışır, mən buna şərh verməyəcəyəm, bu ayrı məsələdir. Ənənəvi tibb dedikdə ənənəvi Çin təbabəti özünü tam sübuta yetirmiş və bir sıra xəstəliklərdə, eləcə də xəstəliklərdən əvvəlki mərhələdə effektivliyini sübuta yetirmiş bir üsuldur, tibb yanaşmasıdır. Digər ənənəvi Koreya tibbi və ənənəvi Şərq təbabəti də bu istiqamətə daxildir. Azərbaycan da onun ayrılmaz hissəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın tibb məktəbi bu məsələlərdə həmişə çox açıq olub və bu, sevindirici bir haldır. Səhiyyə Nazirliyi olaraq bu istiqamətdə bir qədər irəlilədik və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili hazırda hazırlıq mərhələsindədir. Kurs ingilis dilində olacaq və nəinki azərbaycanlı həkimlər üçün, həmçinin regiondan və beynəlxalq səviyyədən gələn xarici həkimlər üçün də açıq olacaq. Müddəti bir və ya iki il ola bilər.
Eyni yanaşma ənənəvi Koreya təbabəti ilə bağlıdır. Hazırda aidiyyəti Koreya rəsmi qurumları ilə danışıqlar aparılır və qısa müddətdə bu proqram da Azərbaycanda tətbiq olunacaq. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən və bu sahəyə marağı olan ailə həkimləri, baza tibb təhsili olan insanlar və istənilən tibb ixtisasının daşıyıcıları üçün maraqlı olan bu kurslar onların gündəlik praktikalarında tətbiq etdikləri metodları daha da zənginləşdirəcək, seçim imkanlarını genişləndirəcək və vətəndaşlarımız üçün də müxtəlif üsulların tətbiqi ilə bağlı fərqli imkanlar yaradacaq. Bu, daha çox reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrılar və digər istiqamətlərdə geniş və effektiv tətbiq olunan müalicə üsullarıdır. Fitoterapiya da bura daxildir, yəni müalicəvi otlarla müalicə metodlarıdır. Bu, kompleks yanaşmadır. Bunu inkar etmək düzgün deyil. Əhalinin də buna meyli və marağı var. Ən azından ziyan gətirməsin deyə, bu metodların tətbiqi ilə məhz tibbi diplomu olan insanlar məşğul olmalıdır. Tibb təhsili alıb, istənilən tibb ixtisasına yiyələnən insanlar üçün bu, onların fəaliyyətini gücləndirən amillərdən biri olsun. Azərbaycanda bizim öz mütəxəssislərimiz də var, müəyyən bir məktəb formalaşıb. İstər özəl sektorda, istərsə də dövlət sektorunda fəaliyyət göstərən mütəxəssislər var. Düşünürük ki, onların da bu prosesə cəlb edilməsi bizim yerli ənənəvi tibb məktəbinin yeni müstəviyə qaldırılmasına imkan verəcək".
Səhiyyə naziri son dövrlər trendə çevrilən sağlam həyat tərzinin təbliği və təşviqi məsələlərinə də diqqət çəkib. O qeyd edib ki, sağlam həyat tərzinin təbliği birbaşa nazirliyin vəzifə borcudur:
"Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz bir hissəsidir və bu fəaliyyət birbaşa Səhiyyə Nazirliyinə tapşırılıb - əhalinin sağlam həyat tərzinin təmin edilməsi ilə bağlı. Məhz buna görə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Sağlam Radio" 93 FM - hamınızın tanıdığı bir radio ilə sıx əməkdaşlıq nəticəsində bu proses fərqli bir səviyyəyə qalxıb. Belə ki, radionun ilk efiri 2024-cü il iyunun 3-də baş tutub. O vaxtdan mütəmadi olaraq həftənin beş günü efirə çıxır. Gündəlik iki əsas veriliş var: biri "Sağlam səhər"dir (08:00-10:00 arası), digəri isə "Sağlam həyat"dır (18:00-20:00 arası axşamlar). Hər saatın sonunda isə "Sağlam xəbər" rubrikası efirə çıxır. İnanıram ki, izləyicilərimiz, dinləyicilərimiz çoxdur. Həmin rubrikalarda bizim həkim-ekspert mütəxəssislərimiz və elmi-tədqiqat institutlarının aparıcı həkimləri, hətta rəhbərləri də iştirak edirlər. Biz bu proqramlar çərçivəsində əhaliyə sağlam həyat tərzi barədə düzgün, elmi əsaslı məlumatlar çatdırırıq. Bilirsiniz ki, müasir medianın inkişafı çox vüsət alıb. Ona görə də istənilən insan, bildi-bilmədi, geniş auditoriyaya sahib ola bilir. Bu auditoriya ona inanırsa, onun verdiyi və çatdırdığı məlumatın düzgün olub-olmamasının məsuliyyətini dərk etmək lazımdır. Ona görə də "Sağlam Radio" məhz bu baxımdan yalnız peşəkar, öz işini bilən, fəaliyyətini uzun illərdir məhz bu sahəyə həsr etmiş ekspertləri dəvət edir. Onların dilindən çıxan, səsləndirilən məlumat elmi əsaslı məlumatdır. İstər sağlam həyat tərzi deyəndə sağlam qidalanma, fiziki aktivlik, bədən tərbiyəsi, istərsə də adi gündəlik gigiyenik prosedurların necə aparılıb-aparılmaması və sair - bunların hamısı elmi əsaslı şəkildə əhalimizə çatdırılmalıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, həmin radioda reklam vaxtı heç bir dərman vasitəsinin, tibbi xidmətin və ya tibb mərkəzinin reklamı verilmir. Bu qadağandır. Bu, sırf sağlam həyat tərzinin təbliğatı ilə məşğul olan verilişlərdir. Artıq iki ildir fəaliyyət göstərir, geniş dinləyici auditoriyası var. Bir ili tamam olanda şəxsən özüm də qonaqları oldum. Oradakı yaşanan həyəcanın, marağın hamısının şahidi oldum. Düşünürəm ki, bundan sonra da radionun əhalimizə çatdırdığı və ölkəmizin bütün bölgələrində səsləndirilən məlumatların nəticəsində əhalimizin öz sağlamlığına daha yaxından, daha ciddi və daha məsuliyyətli yanaşdığını müşahidə edəcəyik. İnsan ona verilən sağlamlığı əvəzsiz, ən böyük sərvət kimi qəbul etməlidir və bunu qoruyub inkişaf etdirmək lazımdır. O baxımdan, təbii ki, Səhiyyə Nazirliyi, tibb müəssisələri, həkimlərimiz və tibb işçilərimiz öz missiyalarını yerinə yetirirlər, amma hər bir vətəndaş özü öz sağlamlığına sahib çıxmalıdır".
Yeni səhiyyəyə uyğun tibb işçiləri yetişdirilməlidir
Səhiyyə naziri süni intellektin tibb sahəsində tətbiqi məsələlərinə də aydınlıq gətirib. O qeyd edib ki, robotik cərrahiyyə Azərbaycanda, regionda ilk dəfə Milli Onkologiya Mərkəzində icra olunub və həmin əməliyyat bizim cərrahlarımız burada ola-ola, onların həmkarları isə Çində ola-ola həyata keçirilib:
"Yəni bu, səhiyyənin, tibb xidmətlərinin yeni səhifəsidir. Bu yeni səhiyyəyə uyğun yeni tibb işçiləri yetişdirilməlidir. Bu baxımdan respublikamızda fəaliyyət göstərən istər tibb kolleclərinin, istər tibb universitetlərinin və universitetlərin tibb fakültələrinin müstəsna rolu var və olacaqdır.
Tibb işçisinin sabah necə olacağını, kim olacağını demək o qədər də asan deyil. Sadəcə, o, dəyişikliklərə açıq və hazır olan bir insan olmalıdır. Ona görə də qeyd etdiyim bütün müəssisələrdə tibbdə tətbiq olunan İT texnologiyaları ilə yanaşı, əsaslı İT biliklərinə yiyələnmək üçün şərait yaradılır. Digər tərəfdən isə tətbiqi elmi ocaqları, laboratoriyaları formalaşdırmaq lazımdır ki, tətbiqi elmin tədris prosesi ilə inteqrasiyası nəticəsində yeniliyə tam açıq olan mütəxəssislər yetişdirilsin. Düşünürəm ki, bu, hansı səviyyədə olmalıdır? Yalnız kafedralarda və ya universitetlərin hansısa elmi-tədqiqat laboratoriyalarında deyil, biz bunu beynəlxalq əməkdaşlıq şəklində etməliyik. Ona görə də Səhiyyə Nazirliyi davamlı olaraq bizim yerli tibb məktəblərimizi qabaqcıl tibb elmi ocaqları ilə birbaşa əlaqələndirməyə çalışır. Yəni ikili proqramlardır, ikili elmi-tədqiqatlardır.
Digər məsələ isə süni intellektlə bağlıdır. Bəli, süni intellekt mükəmməlləşməyə doğru gedən bir alətdir. Bu alətin düzgün istifadəsi əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini, sağlamlığın qorunması naminə tətbiq olunan müalicə üsullarının və digər tədbirlərin güvənli və təhlükəsiz olmasını təmin edən bir vasitədir. Eyni zamanda, bu, bizdən böyük məsuliyyət tələb edən bir alətdir. Ona görə ki, hər birimiz insan faktorunu inkar etməməliyik. Düşünürəm ki, insan təması, hər bir insanın insana etibar etməsi - insanın daxilində olan bir inamdır. Nə vaxtsa ola bilsin ki, süni intellekt o səviyyədə olacaq ki, onun davranışları artıq ciddi şəkildə hüquqi və etik çərçivələrə salınmalı olacaq. Bu da qaçılmazdır. Bu baxımdan, bu gün müzakirə etdiyimiz sahə bəlkə də ən birinci... Ola bilsin, digər tərəfi də elə təhsildir. Bu iki sahə məcburi şəkildə bu məsələyə çox ciddi yanaşmalıdır. Hər bir ölkənin öz mədəniyyəti var, irsi var, adət-ənənəsi var, etik davranış normaları var. Onların özünəməxsus xüsusiyyətləri var. Mən demirəm ki, biz dəyişmirik, qloballaşma gedir, aydındır. Amma bu xüsusiyyətləri də qorumaq lazımdır. Tibb xidmətlərinə gəldikdə isə, yenə deyirəm, bu, unikal bir alətdir. Düzgün tətbiq edildiyi halda, düşünürəm ki, misilsiz imkanlar açır. Və biz buna açıq olmalıyıq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре