Müsavatda daha bir Vurğun Əyyub qalmaqalı

Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Musavat.com:

Binəqədi RT-nin sədri Rauf Ağayev: "Bir neçə nəfərin qeyri-qanuni keçirdiyi hansısa iclasın qərarlar qəbul etməsi qanunsuzdur"

Müsavat Partiyası Binəqədi rayon təşkilatının bir neçə şura üzvü mayın 19-da iclas keçirib. Bu barədə sosial şəbəkədə şura üzvü Şamil Beydulla status paylaşıb. O bildirib ki, iclasda əsas müzakirə olunan məsələ iki həftə öncə təşkilatın özəyinin qərarı ilə partiyadan çıxarılan Vurğun Əyyubla bağlı olub. İclasda qərara alınıb ki, Vurğun Əyyubla bağlı verilən qərar qanunsuz olub. İclasda özəyin protokolu ləğv edilib, seçki orqanları buraxılıb. Özək sədri Sabit Hacıyev sədrlikdən azad olunub və ona töhmət verilib.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə musavat.com-a deyib ki, bu məlumata şübhə ilə yanaşır: "10 nəfər şura üzvü ilə danışmışam. Heç biri iclasda iştirak etməyib. Rayon təşkilat sədrinin də məlumatı yoxdur".

Daha sonra partiya adından rəsmi açıqlama yayılıb və bu qərarın nizamnamə pozuntusu olduğu bəyan edilib. Partiya adından yayılan rəsmi açıqlamada deyilir: "Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb.

Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir" .

Vurğun Əyyub isə onunla bağlı baş vermiş hadisəyə belə münasibət bildirib: "Binəqədi rayon təşkilatının şura üzvlərinə göstərdikləri diqqətə, sərgilədikləri hüquqi və demokratik mövqeyə görə təşəkkürümü bildirirəm. Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil. Müsavat qanunsuzluqlara baş əyməyənlərin, ləyaqəti uca tutanların, demokratik ənənələrə sadiq olanların təşkilatı olmalıdır. Son zamanlar baş verən qanunsuz, nizamnamədən kənar addımlara etiraz edib ortaya mövqe qoyan insanlar bunu bir daha sübut etdilər! Var olun!"
 

Binəqədi rayon təşkilatının sədri Rauf Ağayev isə dünən "Yeni Müsavat"a bildirdi ki, həftənin birinci günü Müsavatdakı aclıq aksiyasını dayandırdıqdan sonra səhhətindəki problemlərlə bağlı üç gündür ev şəraitində müalicə alır. Bir neçə şura üzvünün keçirdikləri iclasda iştirak etməyib və həmin iclasın rayon təşkilatının şura iclası kimi təqdim olunması tamamilə əsassızdır: "Şuranın iclasının çağırılması, keçirilməsi prosedurları var. Həmin prosedurların heç birinə əməl olunmayıb. Həmin iclas qeyri-qanunidir. Bir neçə nəfərin qeyri-qanuni keçirdiyi hansısa iclasın hansısa qərarlar qəbul etməsi də təbii ki, qanunsuzdur. Hətta o iclas qanuni olsaydı belə özəyin buraxılması və partiyadan xaric edilən şəxsin partiyaya bərpa olunması barədə Nəzarət Təftiş Komissiyasının təqdimatı olmadan şura iclasının özbaşına qərar qəbul etmək hüququ yoxdur. NTK-nın özəyin buraxılması, özəyin qəbul etdiyi qərarın qanunsuz olduğu barədə heç bir təqdimatı yoxdur. Mən NTK sədri ilə danışdım. O mənə bildirdi ki, həmin iclasın qeyri-qanuni olduğu, qeyri-qanuni qərarlar verdiyi barədə onlara mövqeyini çatdırıb".