Bakı Media Mərkəzinin dəstəyi ilə “VIVANT” serialının Azərbaycandakı çəkilişləri uğurla yekunlaşıb

Yaponiya televiziya sənayesinin ən uğurlu layihələrindən biri olan "VIVANT" serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda uğurla tamamlanıb. Serial Tokyo Broadcasting System Television (TBS Television) tərəfindən istehsal olunub. Ekran əsərinin rejissoru Yaponiyanın tanınmış kino mütəxəssisi Katsuo Fukuzavadır.

Bu barədə Day.Az-a Bakı Media Mərkəzindən məlumat verilib. Bildirilib ki, birinci mövsümü Yaponiyada 60 milyondan artıq tamaşaçı tərəfindən izlənilən və hazırda Netflix platformasında yayımlanaraq beynəlxalq miqyasda geniş auditoriyanın rəğbətini qazanan "VIVANT" bu dəfə öz hekayəsini Azərbaycanın unikal təbiəti və çoxşaxəli mədəni mənzərəsi fonunda davam etdirir.

Serialın ikinci mövsümünün çəkilişlərinə bu ilin avqustunda start verilib. Çəkilişlər oktyabr ayının sonuna qədər davam edib. Film ölkəmizin ən müxtəlif bölgələrində - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Quba şəhərlərində lentə alınıb.

 

Azərbaycanın və regionumuzun aparıcı audiovizual şirkəti Bakı Media Mərkəzi layihə üzrə tərəfdaş kimi serialın çəkilişləri üçün vacib olan təşkilati və texniki təminatı, logistika, çəkiliş icazələri və koordinasiya işlərini həyata keçirib.

"VIVANT" serialının yeni mövsümünün 2026-cı ildə nümayişi planlaşdırılır. Əminik ki, növbəti bölümlər milyonlarla izləyicini heyran qoyan hekayəni daha da cəlbedici edəcək və beynəlxalq səviyyədə geniş maraq doğuracaq. Hesab edirik ki, bu əməkdaşlıq Yaponiya və Azərbaycan arasında mədəni və yaradıcılıq əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Birgə tərəfdaşlığımız Azərbaycanın kino sənayesinin inkişafını, müasir istehsal imkanlarını və təbii gözəlliklərini geniş dünya auditoriyasına təqdim etmək baxımından əlamətdar hadisədir", - deyə məlumatda qeyd olunur.