Arıqlama çaylarını içmək sağlamlığa hansı zərərləri verir? - Mütəxəssisdən açıqlama
Bir çox çəki atmaq istəyən şəxs "asan yol" kimi müxtəlif arıqlama çaylarına üstünlük verir. Lakin sağlamlıq baxımından hansı zərərlərə yol açdığını isə bilmir.
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, arıqlama çayları, həbləri və kapsulları əsasən kommersiya məqsədi ilə bazara təqdim olunan məhsullardır və onların tanıdılmasında ən çox istifadə olunan arqumentlərdən biri "bitki mənşəli" olmasıdır.
O, deyib ki, bir məhsulun bitki mənşəli olması onun avtomatik olaraq təhlükəsiz və ya faydalı olduğu anlamına gəlmir.
"Hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, müəyyən yan təsirləri də mövcuddur. Əgər hər hansı bitki tərkibli çay və ya məhsul arıqlama effekti yaradırsa, bu, əksər hallarda orqanizmin təbii fizioloji proseslərinə müdaxilə hesab olunur. Bəzi hallarda maddələr mübadiləsini süni şəkildə sürətləndirir, ishal və ya qusma yaradır ki, bunun nəticəsində vitamin və mineralların itirilməsi, bağırsaq mikroflorasının pozulması və ümumi sağlamlığın zəifləməsi baş verə bilər.
Bu cür məhsullar həkim məsləhəti olmadan və nəzarətsiz qəbul edildikdə daha ciddi fəsadlara səbəb ola bilər. Uzunmüddətli və ya düzgün istifadə edilmədikdə vitamin-mineral çatışmazlığı, saç tökülməsi, dırnaqların kövrəkləşməsi, dəri problemləri, həzm sistemi pozğunluqları və bəzi daxili orqanların fəaliyyətində problemlər yarana bilər. Həmçinin sürətli çəki itkisinin əzələ kütləsinin azalmasına və dəri sallanmasına səbəb olduğu da nəzərə alınmalıdır. Xüsusilə hamiləlik planlaşdıran qadınlar hər hansı arıqlama vasitəsindən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər", - o bildirib.
Mütəxəssis bildirib ki, bəzi hallarda reklamı aparılan bu məhsulların istehsal yeri, tərkibi və istehsalçı şirkəti barədə kifayət qədər etibarlı məlumat olmur:
"Nəticədə xoşagəlməz hallar və ya yan təsirlər baş verdikdə istehlakçılar hüquqlarını necə müdafiə edəcəklərini və hara müraciət edəcəklərini bilmirlər. Təəssüf ki, bu məhsulların tanıdılmasında tez-tez müğənnilər, bloqerlər və digər tanınmış simalar iştirak edir. Halbuki onların əldə etdiyi nəticələr hər zaman reklam olunan məhsulun təsiri ilə bağlı olmaya bilər. Bəzi hallarda cərrahi və ya estetik müdaxilələr, fərdi qidalanma və məşq proqramları da bu nəticələrdə rol oynayır.
Sağlam bədən çəkisini qorumağın ən etibarlı yolu balanslı qidalanma, kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzidir. Qısa müddətdə 7-10 kiloqram və ya daha çox arıqlama vəd edən məhsullara ehtiyatla yanaşmaq lazımdır. Çünki sürətli çəki itkisi əksər hallarda sağlam yağ toxumasının deyil, əzələ kütləsinin və orqanizmin su ehtiyatının azalması hesabına baş verir. Buna görə də bitki tərkibli və ya "orqanik" adı ilə təqdim olunan hər bir məhsulu faydalı hesab etmək düzgün deyil. İstifadə ediləcək məhsullar müvafiq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalı, satışına rəsmi icazə verilməli və yalnız mütəxəssis tövsiyəsi ilə qəbul edilməlidir", - o vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре