Qəfil ağrılar təhlükəli xəstəliklərdən xəbər verə bilər

Həkimlər qəfil başlayan, güclü və keçməyən ağrıların ciddi xəstəliklərin əlaməti ola biləcəyi barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xüsusilə ilk dəfə yaranan və ya ürək-damar problemləri fonunda müşahidə olunan sinə ağrıları zamanı təcili tibbi yardım almaq vacibdir.

Day.Az xəbər verir ki, mütəxəssislər həmçinin qızartı və şişkinliklə müşayiət olunan baldır ağrısının dərin vena trombozuna, belin yuxarı hissəsindəki qəfil ağrının isə aortanın zədələnməsinə işarə edə biləcəyini bildiriblər. Belə hallarda vaxt itirmədən həkimə müraciət olunması tövsiyə edilir.

Bundan başqa, güclü qarın ağrıları da diqqətdən kənarda qalmamalıdır. Həkimlərin sözlərinə görə, bu əlamət böyrək infeksiyası, böyrək daşı və ya appendisit kimi təcili müdaxilə tələb edən xəstəliklərin göstəricisi ola bilər.