Azərbaycan “BirPəncərə” informasiya sistemini yaradan MDB-də ilk ölkədir

Azərbaycan xarici ticarət və nəqliyyat-logistika sahəsində bütün əsas dövlət qurumlarını və iştirakçıları vahid rəqəmsal platformada birləşdirən "BirPəncərə" informasiya sistemini yaradan MDB-də ilk ölkədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir pəncərə" informasiya sistemi - Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində deyib.

"Hazırda Türkiyə və Rusiya ilə nəqliyyat sənədlərinin rəqəmsal inteqrasiyası üzrə danışıqlar aparılır, gələcəkdə isə sistemin Orta Dəhliz boyunca digər tərəfdaş ölkələri də əhatə etməsi planlaşdırılır.

Azərbaycan bu təşəbbüslə MDB məkanında xarici ticarət və nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən bütün əsas dövlət qurumlarını və iştirakçıları vahid rəqəmsal platformada birləşdirən "BirPəncərə" informasiya sistemini yaradan ilk ölkədir", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, layihə yalnız ölkədaxili proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır.

"Hazırda Türkiyə Respublikası və Rusiya Federasiyası ilə nəqliyyat sənədlərinin rəqəmsal mühitdə inteqrasiyası üzrə danışıqlar davam etdirilir. Gələcəkdə isə inteqrasiya imkanlarının Orta Dəhliz üzrə Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan və digər tərəfdaş ölkələri də əhatə etməsi planlaşdırılır", - deyə R.Hümmətov qeyd edib.

Nazir müavini bildirib ki, layihənin ilk mərhələsində bitki və bitkiçilik məhsullarının ixrac prosesləri rəqəmsallaşdırılıb. Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunan fumiqasiya aktına müraciət prosesi tam elektronlaşdırılıb, ixrac gömrük bəyannamələri üzrə müraciətlər isə vahid rəqəmsal mühitdə qəbul edilir.

"'Bir pəncərə' informasiya sistemi sadəcə rəqəmsal platforma deyil, ölkəmizdə xarici ticarət, nəqliyyat və logistika sahəsində idarəetməyə yeni yanaşmanın əsas elementidir. Sistemin tam tətbiqi nəticəsində bürokratik maneələr minimuma enəcək, sənədləşmə və icazələrin alınması sadələşəcək, yükdaşımaların sürəti artacaq və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyəti daha da güclənəcək", - deyə Rəhman Hümmətov vurğulayıb.