Azərbaycanda bu idmançıda dopinq tapıldı

Day.Az представляет новость на азербайджанском языке

---------
14:10

"Dopinqdə ilişməyimlə bağlı məlumatı mənə yığmanın baş məşqçisi Miroslav Çoroş verdi. Təbii ki, bunu gözləmirdim".

Apasport.az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan yığmasının ağırlıqqaldıranı Silviya Angelova deyib.

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə "ilişən" 4 idmançı siyahısında Angelovanın da adı var. Apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilən legionerin orqanizmində yenidən istifadəsi qadağan olunan dərman preparatı aşkar olunub.

Bolqarıstan əsilli, 33 yaşlı atletin A testi müsbət nəticələndiyindən B testindən keçmək məcburiyyətindədir. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.

Lakin idmançının özü B testinin mənfi nəticələnəcəyinə ümid bəsləyir. O bildirib ki, hələlik Azərbaycan Ağırlıqqaldırma Federasiyasından heç kimlə rəsmi söhbət olmayıb: "Artıq ikinci dəfədir, bu halla üzləşirəm. B testi də müsbət nəticələnsə, ömürlük diskvalifikasiya oluna bilərəm. Hələlik B testi üçün analizi verməyə nə vaxt çağırılacağımı mənə deməyiblər. Əgər cavab mənim üçün yaxşı nəticələnməsə, Azərbaycanla vidalaşıb, Bolqarıstana qayıdacam. Allah eləsin, B testinin cavabı mənfi çıxsın. Gələcək karyeram məhz bu cavabdan asılıdır".

Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova 39 idmançı arasında 34-cü olmuşdu və Olimpiya lisenziyası üçün komandamızın aktivinə xal yazdıra bilməmişdi.

---------
11:15

Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova yenidən dopinq-testdən keçə bilməyib.

"Report"un məlumatına görə, bolqarıstanlı legioner ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub.

33 yaşlı idmançının A probu müsbət nəticə verib. B probu da eyni nəticəni versə, Angelova ömürlük diskvalifikasiya ediləcək. Çünki bu hal təcrübəli ağırlıqqaldıranın karyerasında ikinci dəfə baş verir. İlk dəfə 2013-cü il aprelin 8-də onun orqanizmindən anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub. Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 ağırlıqqaldıranını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya edilib.

Bolqarıstan mətbuatı dünya çempionatında Azərbaycan millisinə 62 kq çəki dərəcəsində bürünc medal qazandırmış Valentin Xristovun da dopinq-testdən keçə bilmədiyini yazıb. Amma DPA agentliyi yığma üzvlərindən yanız Angelovanın 4 idmançı arasında olduğunu yazıb.

Qeyd edək ki, Silviya Angelova 2012-ci il Avropa çempionatında 48 kq çəki dərəcəsində bürünc, növbəti il gümüş medal qazanıb. Dopinq-testdən keçə bilmədiyi üçün onun medalı əlindən alınıb. Bu il cəzasını başa vurduqdan sonra Angelova dünya çempionatını 39 idmançı arasında 34-cü pillədə başa vurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.