Azərbaycanda yalnız bu şəxslərə pulsuz ev və maşın verilir

Azərbaycan dövlətinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı proqramı uğurla davam edir.

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bu kateqoriyalardan olan vətəndaşlara dövlət tərəfindən ümumilikdə təxminən 16 000 mənzil və fərdi ev verilib, post-müharibə dövründə isə onlara təxminən 7 000 mənzil təqdim olunub. Həmçinin bu dövrdə belə şəxslərə təxminən 7 700 nəqliyyat vasitəsi verilib.

Bu sosial dəstək tədbirləri dövlətin şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğının davamı hesab olunur.

Bəs, Azərbaycanda başqa kimlər dövlətdən pulsuz ev və avtomobil ala bilər?

Day.Az dövlətdən pulsuz ev ala biləcək şəxslərin siyahısını təqdim edir:

- Şəhid ailələri - dövlət büdcəsi hesabına mənzil və fərdi evlə təmin edilir;

- Müharibə qaziləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər - mənzil yardımı mövcuddur;

- Çernobıl AES qəzası nəticəsində əlilliyi yaranmış şəxslər, o cümlədən bu əlilliyi hərbi vəzifə yerinə yetirərkən əldə edənlər;

- Valideynlərini itirmiş şəxslər və valideyn himayəsindən məhrum olmuş uşaqlar - sosial xidmət və təhsil müəssisələrinin məzunları üçün mənzil imkanı nəzərdə tutulub;

- 16 avqust 2021-ə qədər uçota alınmış gözdən əlilliyi olan şəxslər - bu kateqoriyaya daxil olanlar da pulsuz mənzil ala bilərlər;

- "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər və onların ailə üzvləri üçün də dövlət tərəfindən mənzil verilir.

Dövlətin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Sosial Xidmətlər Agentliyi vasitəsilə tibbi göstərişlə və növbəliliklə pulsuz avtomobillə təmin edilir.

Day.Az dövlətdən pulsuz avtomobil ala biləcək şəxslərin siyahısını təqdim edir: 

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

- 1990-cı il 20 Yanvar hadisələri zamanı əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanan şəxslər;

- Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlilliyi müəyyən edilmiş şəxslər.

Elvin Səxavətoğlu
Day.Az