Parlament diplomatiyası ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır

Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker Sahibə Qafarova, İspaniya Deputatlar Konqresi sədrinin Azərbaycana rəsmi səfərinin mühüm əhəmiyyətini vurğulayaraq, bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri olduğunu bildirib.

Ötən ilin may ayında İspaniyaya rəsmi səfərini xatırladan Sahibə Qafarova, həmin səfərin Milli Məclis sədrinin İspaniyaya ilk rəsmi səfəri olduğunu bildirib. Onun sözlərinə görə, bu, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına verilən əhəmiyyətin göstəricisidir. Son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun müşahidə olunduğunu söyləyən Milli Məclisin sədri, deyib ki, bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.

Bugünkü ikitərəfli görüşdə parlamentlərimiz arasında əlaqələrin müzakirə olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, tərəflər parlament üzvlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstəyin böyük əhəmiyyətə malik olduğunu vurğulayan Milli Məclisin sədri həmçinin deyib ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Fransina Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir.

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol da mətbuata bəyanatında görüşdə konstruktiv, yaxın və faydalı müzakirələr aparıldığını qeyd edərək, İspaniya Deputatlar Konqresinin sədri kimi Azərbaycanda olmaqdan böyük şərəf duyduğunu söyləyib. O, bu səfərin iki ölkə arasında əlaqələri möhkəmləndirmək niyyətinə xidmət etdiyini qeyd edib. Konqresin sədri deyib ki, ölkəsi iki ölkə arasında paylaşdığımız dəyərləri, yüksək səviyyədə dialoq imkanını daha da möhkəmləndirmək istəyir. Parlament diplomatiyası ölkələr arasında anlaşmanın, etimadın artırılması və regional sabitliyə töhfə vermək üçün vacib bir alətdir.

2025-ci il avqustun 8-də Vaşinqton görüşündə imzalanmış razılaşmadan sonra Azərbaycan və Ermənistan arasında başlayan münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişləri İspaniyanın yüksək qiymətləndirdiyini söyləyən Fransina Armenqol ümidvar olduğunu bildirib ki, müvafiq şərait yaradıldığı təqdirdə bu proses Qarabağ regionunda onilliklər boyu davam edən münaqişəyə son qoyan sülh sazişi ilə nəticələnəcək, həmçinin yeni bir tərəqqi və əməkdaşlıq dövrünü açacaq.

O həmçinin, qeyd edib ki, İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə aşkar şəkildə ifadə olunur. Görüşdə mövcud razılaşmaların, məsələn, turizm və təhsil sahəsində anlaşma memorandumu kimi sənədlərin çərçivəsini genişləndirməyin vacibliyi barədə də fikirlər ifadə olunub. Deputatlar Konqresinin sədri bildirib ki, hər iki ölkə parlamentlər arasında əlaqələrin möhkəmlənməsində birgə çalışır. Eyni zamanda, ölkələrimiz yaşıl enerjinin inkişafında işləməyə razılıq göstərir.

"Bu mənim Azərbaycana birinci səfərimdir. Biz əməkdaşlığımızı daha da gücləndirməliyik. Parlamentlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər iki tərəfin deputatları böyük iş görürlər", - deyə İspaniya Deputatlar Konqresinin sədri vurğulayıb.