Nevroloq uzunömürlülüyün əsas sirrini dedi

30 illik təcrübəyə malik amerikalı nevroloq Devid Dodik uzunömürlülük və beyin sağlamlığı üçün ən vacib amilin müntəzəm fiziki aktivlik olduğunu bildirib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman insult və yaddaş pozğunluğu riskini azaltmağa kömək edir.

Həkim qeyd edib ki, sağlam həyat tərzi təkcə idmanla məhdudlaşmır. Keyfiyyətli yuxu, balanslı qidalanma, stressin idarə olunması və beyni aktiv saxlayan fəaliyyətlər - xarici dil öyrənmək, musiqi alətində ifa etmək və ya rəqs etmək də beyin sağlamlığını dəstəkləyir.

Dodik həmçinin MIND pəhrizini tövsiyə edib. Bu qidalanma üsulu tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq, zeytun yağı, balıq və quş ətinə üstünlük verilməsini, emal olunmuş qidalar və alkoqolun isə məhdudlaşdırılmasını nəzərdə tutur. Onun fikrincə, ailə və dostlarla müntəzəm ünsiyyət də uzunömürlülüyün vacib şərtlərindən biridir.