Vergi borcu olan şirkətlər istintaqa cəlb edilə bilər

Day.Az представляет новость на азербайджанском языке.

İş adamlarına məxsus şirkətlər vergi borclarını ödəmək istəmirlər, Vergilər Nazirliyi belə şirkətlərin cinayət məsuliyyətinə cəlb ediləcəyinin anonsunu verir, ekspertlər isə problemin ciddiliyini vurğulayırlar.

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb. Açıqlanan növbəti "qara siyahı"da xeyli fiziki və hüquqi şəxsin adı var. Siyahıda Bakının nəqliyyat sektoruna nəzarət edən "Transqeyt" MMC-nin də adı var.

Vergilər Nazirliyi məlum siyahı ilə bağlı "Yeni Müsavat"ın sorğusunu cavablandırıb. Sorğuda bildirilir ki, nazirlik vergi borclarını geri almaq üçün də tədbirlər görür:"Vergi borclarının alınması mexanizmləri ilə bağlı sorğunuzla əlaqədar bildiririk ki, vergi borclarının alınması üçün vergi orqanları tərəfindən Vergi Məcəlləsi və digər qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərdən istifadə olunur. Borclu vergi ödəyicisinə hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə bildiriş göndərilir. Vergi borcları bildirişdə göstərilən müddətdə ödənilmədikdə vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit və ya bank əməliyyatları aparan şəxsə icra, ödəniş sənədi olan sərəncamlar verilir. Vergi ödəyicisi vergi borcunu 30 gün müddətində ödəməzsə, onun əmlakı siyahıya alınır. Cinayət Məcəlləsinin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, yaxud dəyişdirilməsinə görə həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar. Borclu vergi ödəyicisinin avtonəqliyyat vasitəsi olduqda, borc məbləğinin həmin avtonəqliyyat vasitələrinə yönəldilməsi məqsədilə aidiyyəti məhkəmələrə müraciət edilir. Məhkəmə qərarı ilə avtonəqliyyat vasitələrinin üzərinə borc ödənilənədək həbs qoyulur və onlar cərimə meydançalarında yerləşdirilir. Borclu vergi ödəyicisinin vergi borclarının ödənilməsinin təmini üsulu kimi siyahıya alınmalı əmlakı olmadıqda və ya kifayət qədər əmlakı olmadıqda, borclu vergi ödəyicilərinin digər əmlaklarının müəyyən edilməsi üçün həmin şəxslərin məhdud məsuliyyətli cəmiyyətdə, ortaqlıqda və ya kooperativdə təsisçi olub-olmamaları araşdırılır. Təsisçi olduqları təqdirdə, borc məbləğinin onun həmin hüquqi şəxsin nizamnamə kapitalındakı payına uyğun hissəsinə yönəldilməsi məqsədilə məhkəməyə müraciət edilir. Borclu fiziki şəxs hər hansı bir yerdə muzdlu işçi kimi çalışdıqda, borc məbləğinin onun muzdlu işlə əlaqədar gəlirlərinə yönəldilməsi məqsədilə aidiyyəti məhkəmələrə də müraciətlər edilə bilər. Xarici ölkələrə gedib-gələn borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunda nəzərdə tutulmuş tədbirlər görülür. Borc məbləğinin tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə icra məmurlarına müraciətlər edilir. Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda, iki min manatdan əlli min manatadək olan məbləğ və ya külli miqdarda, əlli min manatdan yuxarı olan məbləğdə vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. Cinayət tərkibi yaradan vergi borcu materialları ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir və istintaqın nəticələrindən asılı olaraq, borclu vergi ödəyicisi cinayət məsuliyyətinə cəlb edilə bilər".

Nazirlikdən bildirilir ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur:

"Vergilər Nazirliyi tərəfindən müvafiq xəbərdarlıqdan sonra da, imkanı olmasına baxmayaraq, dövlət büdcəsinə olan vergi borcunu ödəməkdən yayınmağa cəhd göstərən borclu vergi ödəyicilərinin adları "Vergilər" qəzetində və Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Həmin vergi ödəyicilərindən borcların alınması məqsədilə yuxarıda sadalanan tədbirlərdən istifadə olunur. Borclu vergi ödəyicisinin adı bu siyahıya bir dəfə daxil edilir. Belə ki, 02.07.2014-cü il tarixdən etibarən "Vergilər" qəzetinin hər buraxılışında dövlət büdcəsinə olan borclarını ödəmək imkanı olsa da, bundan yayınmağa çalışan borclu vergi ödəyicilərinin siyahısı dərc olunur və artan yekunla Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Vergi borcunu ödəyən vergi ödəyicilərinin adları dərhal həmin siyahıdan çıxarılır".

Qeyd edək ki, ekspertlər inzibati addımların mövcud problemləri həll etməyəcəyini vurğulayırlar. Bildirilir ki, əsasən də oliqarxlara məxsus böyük şirkətlər büdcə qarşısında öhdəliklərini yerinə yetirmirlər.

Ekspertlər də qeyd edirlər ki, hazırda dövlət büdcəsinin vergi yığımlarında müəyyən problemlər yaşanır. Onlar vergi daxilolmalarında yaranan problemləri ölkədə nizamlı vergi yığımının olmaması ilə izah edirlər. Bu gün dövlətin iri vergi ödəyicilərinin, böyük şirkətlərin büdcəyə külli miqdarda borcları var. Və həmin borclar ilbəil daha da artır. Ancaq bu qurumlar büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Vergilər Nazirliyi mütəmadi olaraq, vergi borcu olan şirkətlərin adlarını açıqlayır. Ekspertlər problemin ciddiliyini vurğulamaqla yanaşı, çıxış yolu da təklif edirlər.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bu, ağrılı və illərlə davam edən bir problemdir: "Bir neçə ildən bir Azərbaycan hökuməti bəzi iri vergi ödəyicilərinin vergi borclarını azaltmaqla, silməklə bu problemi ildən-ilə keçirə-keçirə indiki vəziyyətin yaranmasına səbəb olub. İndi həmin dövlət müəssisələrinin və yaxud da dövlətin mülkiyyətində olan açıq və qapalı səhmdar cəmiyyətlərin idarəetməsinin effektivliyini artırıb, onların gəlirlə işləməsini təmin etmədən vergi borclarının ödənilməsindən danışmaq yersizdir. Çünki ən azından, sadə məntiqlə bunlar gəlirlə işləməli, pul qazanmalıdırlar ki, vergi borclarını da vaxtlı-vaxtında ödəsinlər. Vergi borclarından əlavə bu müəssisələrin bir-birlərinə də ciddi borcları var. Kommunal xərclərlə bağlı da ciddi borclar mövcuddur. Bunlar illərlə yığılmış borclardır. Köklü islahatlar aparmaq lazımdır. İslahatların da qismən, ya tamamilə özəlləşmə, ya da uzunmüddətli icarəyə verilmə kimi yolları var. Bu olmasa, mövcud problemlər uzun müddətdən bəri necə yığılıbsa, bundan sonra da elə qalacaq. Həmin müəssisələrin effektiv idarə olunması sual altına düşəcək, gəlirlə işləməyəcək. Gəlirlə işləmədiyi üçün də vergi borclarını ödəyə bilməyəcək".