Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov vəfat edib
Bu gün səhər saatlarında Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü Əliverdibəyov Kazım Ağalar oğlu vəfat etmişdir.
Kazım Əliverdibəyov 27.11.1934-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1954-1959-cu illərdə Üz.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsində təhsil almışdı.
1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi çalışmışdı. Daha sonra əmək fəaliyyətini Opera və Balet Teatrında davam etdirmiş, 1960-cı ildən 1995-ci ilə kimi müəyyən fasilələrlə Teatrda dirijor və baş dirijor vəzifələrində işləmişdi.
1996-2005-ci illərdə K. Əlibəyverdibəyov Türkiyənin İzmir şəhər konservatoriyasında müəllim kimi fəaliyyət göstərmiş, eyni zamanda tələbələrdən ibarət simfonik orkestrin dirijoru vəzifəsində çalışmışdı. 2006-cı ildə vətənə qayıdan dirijor 2010-cu ilə kimi Opera və Balet Teatrında fəaliyyət göstərmiş və Teatrın repertuarında olan bir çox tamaşaları idarə etmişdi.
K. Əliverdibəyov uzun illər A. Zeynallı adına Bakı Musiqi məktəbi və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi çalışmışdı. 1981-ci ildə dosent, 1992-ci ildə professor elmi dərəcəsi almışdı.
1978-ci ildə K. Əliverdibəyova Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.
31.05.2010-cu ildən K. Əliverdibəyov Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü idi.
Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcəkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре