Kaş zibilə düşərdik...

Dünən qəti şəkildə əmin oldum ki, bu dünyada xoşbəxtlik hissi təkcə pul, vəzifə, istedad, ağılla yox, həm də uçduğun təyyarə göyün 12-ci qatında okean üstündən keçəndə xoruldamaq bacarığından keçir. 

Ətrafda səfər yoldaşım, görkəmli memar Elbay Qasımzadə ilə məndən başqa az qala hamı öz biznes klassında həm beşik, həm də qobura bənzəyən, oradakı hamı üçün hələlik beşiyi xatırladan yerində uzanıb 9 saatlıq uçuş boyu uzaq ellərə uçan durnalar kimi, sanki, təyyarənin içində səf almışdılar...

Bəlkə də, göyərtədə insan kimi də, göydə quş kimi də uzaqlara uçmağa xarakter, tale lazımdır...

Uçmaq mənim üçün lap 10 metr yüksəklikdən, 5 metr uzağa da olsa, həmişə məcburiyyət olub.

"Osaka 2025 Ekspo" məni, sanki, dünyanın o başında qurulan qaranquş yuvası boyda evimə, Vətənimə səsləyirdi deyə, 8 min kilometr yolu uça-uça 12 saata gedib mənzil başına çatdım.

Dünyanın az qala əksər ölkələrinin sərgiləndiyi Yaponiya Eksposunda Azərbaycanı, doğma vətəni görmək, onun nümayişinə baxmaqdan gözəl bu həyatda öz vətənini sevən insan üçün başqa heç bir nəhənglik ola bilməz.

O sərgidə Azərbaycan, bəlkə də, yeganə pavilyondur ki, yaponların sakura gülü ilə nar çiçəklərini simvolizə edib, iki mədəniyyəti birləşdirib.

2021-ci ildəki Dubay Eksposundakı kimi bu dəfə də Azərbaycan öz sərgisini peşəkar qurub, konsepsiyasını düzgün müəyyən edib.

Saatda 800-lə gedəcək qatarımız yoxdur, əvəzində heç bir sürətin ötməyəcəyi Qarabağ atımız var.

Özü də bu dəfə sərgilədiyimiz heç nə abstrakt təsir bağışlamır. Qarabağın atı da, xalçası da, gölləri, suları, quşları da öz yerində, yurdumun havasında, suyunda, torpağında, insanında nə varsa, hamısı əlimizdə, öz yerində...

Bütün nəhəng adamlar bilir ki, bu dünyada ən böyük güc səmimiyyətdir. Bəlkə də, ona görə Azərbaycan pavilyonu bu dəfə də ən çox ziyarət olunanlardan biridir.

Az qala bütün dünyadan olan ziyarətçilər Nizaminin "Yeddi gözəl"indən İlham Əliyevin suveren Azərbaycanına kimi minillik dövrü əhatə edən bir məmləkəti cəmi bir neçə yüz kvadrat metrdə görə bilir... Özü də tam şəkildə.

Əslində, bu dünyada bütün ölkələr, bütün canlılar, hər nə varsa, onsuz ekspolu-eksposuz sərgilənir. Osaka Eksposunda mükəmməl çıxış etmək öz yerində, onsuz da vətənim Azərbaycan bu dünyanın yenidən şəkilləndiyi bir dövrdə öz qəhrəman övladları, şəhidləri, qaziləri, Müzəffər Ali Baş Komandanı ilə möhtəşəm sərgilənir. Və vətənim bunu hər şeyi ilə haqq edir...

Bir qədər də bu ada dövlətin ada şəhəri Osaka haqqında...

Ümumiyyətlə, təkcə 7-8 milyonluq Osakada deyil, 130 milyonluq Yaponiyada həyatın bu yüksək yerə gəlib çıxmasının səbəbi bir kəlmə ilə ifadə etsək, zibilə münasibətlə bağlıdır.

Silkələnib təkcə bu fakta nəzər yetirin, bu ölkədə torpağın satış vahidi hektarla, sotla yox e, kvadrat metrlə, kvadrat metri yüz minlərlə manatla ölçülür... Təsəvvür edirsiniz, onu belə qiymətə mindirən nədir? Zibilə münasibət.

Zibilə həyat kimi yanaşmaq, onu çeşidləmək, atmaq üçün xüsusi gün müəyyən etmək...

Osakada olduğumuz müddətdə heyətimiz siqaret çəkmək üçün yer tapa bilmədi, demək olar, dörd gün siqaret çəkmədik. Hətta içimizdə az qala təyyarə tualetində siqaret çəkməyin yollarını axtaranlar dözüb dayandı, bir neçə qullabdan ötrü bir neçə yüz metr məsafə qət eləmək istəmədi.

Və beləcə həm şəhər təmiz qaldı, həm öz sinəsi...

Bizdə isə bu ildən yerə zibil atmağa görə kəsilən cəzalar az qala kütləvi etiraz doğurur. Bələdçilərimiz deyir ki, bu ölkədə adi bir velosipedi də almaq üçün gərək əvvəl saxlama yeri haqqında, dayanacağı haqqında məlumat verəsən.

Yaponların uğuru ilə bağlı hər şey, demək olar ki, zibilə bağlanır. Elə pavilyonlarında da hər şeyi, elektrik enerjisini belə zibildən aldıqlarını sərgiləyirlər.

2025-ci il, Osaka: Zibil və çirkli əraziləri müəyyən etmək və sonra sürətlə təmizləmək üçün smartfon proqramından istifadə edən sistem

Zibildən şəhər düzəltmək, enerji almaq, dünyanın ən dayanıqlı iqtisadiyyatını yaratmaq, bir sözlə, zibillikdə çiçək, sakura yetişdirmək...

Axı bu nədənsə konfet düzəltməyin atalar sözü, yəni nəzəriyyəsi bizdə də mövcuddur...

Bəs onda yerə zibil atmamağa, zibilə çevrilməməyə, lap elə ağ zanbaqlar ölkəsini yaratmağa bizə nə mane olur axı?..

Ya finlərin fədakar Snelmanları, ya yaponların samurayları kimi qalib-məğlub hamının qarşısında təzim edən bütün insanları ölkəsini yaratmağa nail olub.

Yaponiyada bir daha əmin oldum ki, insan baş əydikcə ucalırmış...

Zibili başa düşdük. Nədir axı bu?

Kim kimi görürsə, təzim edib baş əyir, təşəkkür edir.

Bəlkə, zibilə münasibət öz yerində, xoşbəxtliyin bir səbəbi də təşəkkür edib baş əyməklə bağlıdır.

İndiyə kimi içi mən qarışıq kim deyibsə, dünya birdir, yalan imiş. Yaponiya ayrı dünyadır.